Şirkətlərin əksəriyyəti böhran zamanı bütün yeni və mütərəqqi layihələrinin reallaşdırılmasını təxirə salır. Bu itirmə və ya məhvolma qorxusu həmin şirkətin sabit tempini qoruyur. Biznes tarixi göstərir ki, nəinki böhran zamanı yeni addımlar atmaq uğur gətirir, eyni zamanda belə bir iqtisadi qabarma və çəkilmələr fonunda yaranan və bütün zamanların məşhur və uğurlu şirkətlərinə çevrilənlər də var.
FED.az biznes-keys mövzusunu davam etdirir. Bu dəfə böhrandan bir imkan və ya vasitə kimi istifadə etmənin üstünlüklərini, bu addımı atanların isə qazandığı böyük uğurları təqdim edirik.
Böhranda yaranan iki böyük rəqib – bir günlük 30 min dollar
Bəzi inqilabi ideyalar böhran dövründə meydana gəlib. MTV musiqi kanalı 1980-ci illərin böhranı zamanı yarandı və qısa zaman ərzində bütün nəsillərin simvoluna çevrildi. Ancaq böhrandan yenicə yaxa qurtarmışdı ki, 2007-ci ildə sahib olduğu statusu qismət itirdi – çünki bazara yeni böhran ərəfəsində Youtube daxil olmuşdu. Qeyd edək ki, Youtube-da 1 günlük reklamın qiyməti 30 min dollardan başlayır.
Xalis gəlirin yarısı reklamdan gəlir
Rusiyanın yaxın tarixi böhranı fürsət kimi istifadə etmək üçün bir nümunədir. Məsələn, "Yandeks" şirkəti 1990-cı illərin böhranı zamanı yarandı. Növbəti iqtisadi dalğalanmalarda da ayaq üstə qala bildi. 2008-2009-cu illərdə reklam bazarı kəskin sarsıldı. Bu dövrlərdə "Yandeks"də kontekstli reklamçılıq özünü doğrultmaqda idi: bununla da digər sektorlarda geriləmə müşahidə olundu, "kontekst" dövriyyəsi isə yüksəliş əldə etdi. Qazanan yenə “Yandeks” oldu. Bildirək ki, “Yandeks” şirkətinin 2014-cü ildə əldə etdiyi 56,4 milyard dollarlıq xalis gəlirinin 25 milayrd dollara yaxını reklamdan əldə olunub.
İndi 400 milyon müştərisi var
Böhrandan əvvəl qurulan "Kaspersky Lab" 1998-ci ildə “Win95.CIH” virusu səbəbindən yaranmış və yalnız iqtisadi deyil, eyni zamanda dünya texnologiya böhranı ilə qarşılaşdı. "Kaspersky" bu vəziyyətdən elə uğurla çıxdı ki, hətta 1999-cu ildə ilk xarici nümayəndəliyini də açdı. Məlumata görə, hazırda 400 milyondan çox istifadəçisi olan “Kaspersky Lab”ın gəliri ötən il 698 milyon dollar olub.
1 milyon dollar dövriyyəsi olan tibb şirkəti
1998-ci ildə “İnvitro” diaqnostika mərkəzlərini qurucusu Aleksandr Ostrovski, böhran əsnasında məsrəfləri azaltdığını vurğulayır: sadələşdirilmiş idarəetmə, optimallaşdırılmış logistika və təchizatçılarla danışıqlar sayəsində şirkət mükəmməl tənzimlənən biznes prosesləri qurdu və böhrandan məhz bunlar sayəsində uğurla çıxa bildi. Statistik məlumatlara görə, bu şirkət on ildən artıqdır ki, Rusiyada tibbi şirkətlər arasında ən böyük dövriyyəsinə görə birinci yerdədir. Bu tibb şirkətinin 2016-cı ildə ümumi dövriyyəsi 1 milyon 225 min dollar təşkil edib.
Böhranda biznes: yeni imkanlar
16:40
6 Aprel 2018