Əvvəlki icmalların davamı olan bu icmalda 2023-cü ilin mart ayında qəbul edilmiş və dərc edilərək qüvvəyə minmiş biznesə aid bir sıra yeni qanunvericilik aktlarından bəhs edilir. (Əvvəlki dörd icmala bu keçidlərdən baxa bilərsiniz: birinci icmal, ikinci icmal, üçüncü icmal-yanvar, dördüncü icmal-fevral)
Əmək Məcəlləsində dəyişiklik
Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi” adlanan 220-ci maddəsinə əlavə edilmiş 6-cı hissəyə əsasən, “əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər”.
Vergi Məcəlləsində dəyişiklik
Azərbaycan Respublikasının Vergi Məcəlləsində 2023-cü il martın 1-dən qüvvəyə minən aşağıdakı dəyişikliklər edilmişdir:
209-cu maddədə yol vergisinin ödəyiciləri olan şəxslərin sırasında “həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident” şəxslər “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən” şəxlərlə əvəz edilişdir. 210-cu maddəyə yol vergisinin vergitutma obyekti sırasına “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən” xarici avtonəqliyyat vasitələri də əlavə edilmişdir.
Yol vergisinin dərəcələri ilə bağlı 211.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:”;
211.2-ci maddədən qət edilən yolun hər kilometrinə görə artırılan məbləğlər sırasından “38 tondan 41 tonadək olduqda - 0,15 ABŞ dolları” çıxarılmışdır.
Təhlükəli yüklərin daşınmasına görə artırılan məbləğlərdən bəhs edən 211.3-cü maddə ləğv edilmişdir.
Gömrük Məcəlləsində dəyişiklik
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində 2023-cü il martın 1-dən qüvvəyə minən aşağıdakı dəyişikliklər edilsin:
Gömrük orqanlarının vəzifələri sırasında 8.0.22-ci maddə (beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə blanklarını vermək) ləğv edilmişdir.
“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinə görə dövlət rüsumu” adlanan 234-cü maddədə adından “və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının” sözləri çıxarılmış və 234.2-ci maddə (“Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır”) ləğv edilmişdir.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik
2023-cü il martın 1-dən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri” adlanan 24-cü maddəsinin aşağıdakı məzmunda 24.1.2-ci, 24.1.3-cü, 24.2-ci, 24.3-cü, 24.4-cü, 24.5-ci və 24.6-cı maddələri ləğv edilmişdir:
24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:
“Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik
“Banklar haqqında” Qanunda digər dəyişikliklərlə yanaşı banklarla onların müştəriləri arasında münasibətləri tənzimləyən 36.6-cı maddənin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.”.
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunda digər dəyişikliklərlə yanaşı kredit müqaviləsini tənzimləyən 17.2-ci maddə aşağıdakı redaksiyada verilmişdir:
“17.2. BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.
Mülki Məcəllədə dəyişiklik
Dərc edildiyi gündən (31 mart 2023-cü il tarixdən) 6 ay sonra qüvvəyə minəcək Azərbaycan Respublikası Mülki Məcəlləsində digər dəyişiklərlə yanaşı yazılı əqdi tənzimləyən 331.1-ci maddəyə aşağıdakı ikinci və üçüncü cümlələr əlavə edilir:
“Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.”
Habelə, yazılı formada müqavilənin bağlanmasını tənzimləyən və sənədlər mübadiləsi yolunu qeyd edən 406.3-cü maddədə “poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər” sözləri “bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin” sözləri ilə əvəz edilir.
Bundan başqa, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsini halını tənzimləyən 445.7-ci maddə aşağıdakı redaksiyada verilir:
“445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”
Eyni zamanda, “Borc” adlanan və borc müqaviləsini tənzimləyən 37-ci fəsil tam dəyişidirlərək yeni redaksiyada verilmişdir. Fəsilin əvvəlki redaksiyasından fərqli olaraq bu redaksiyada fəsil 3 paraqrafa – “Borc müqaviləsi”, “Kredit müqaviləsi” və “İstehlak krediti müqaviləsi” paraqraflarına bölünmüş və hər növ müqavilə (onların anlayışı, predmeti, məzmunu, xüsusiyyətləri, bağlanma qaydası, icrası, ləğvi və digər halları) müvafiq paraqraların ayrıca maddələrilə tənzimlənmişdir.
Yeni redaksiyada verilən anlayışlara əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (739.1.)
Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. (743.1.)
İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. (746.1.)
Bu müqavilə növləri də dərc edildiyi gündən 6 ay sonra, yəni 31 sentyabr 2023-cü il tarixdən sonra qüvvəyə minir.
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”
Yeni redaksiyada verilmiş, Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nabunlar daxil edilmişdir: 1. Andorra, 2. Anqila, 3. Antiqua və Barbuda, 4. Aruba, 5. Baham adaları, 6. Barbados, 7. Bəhreyn Krallığı, 8. Beliz, 9. Bermud, 10. Britaniya Vircin adaları, 11. Bruney-Darüssalam, 12. Cersi, 13. Cəbəlüttariq, 14. Dominika, 15. Fici, 16. Honq-Konq (ÇXR), 17. KaboVerde, 18. Kayman adaları, 19. Qəmər Adaları İttifaqı, 20. Kuk adaları, 21. Labuan (Malayziya), 22. Qernsi, 23. Qrenada, 24. Liberiya, 25. Lixtenşteyn, 26. Makao (ÇXR), 27. Maldiv adaları, 28. Marşal adaları, 29. Mavriki, 30. Men adası, 31. Monako, 32. Montserrat, 33. Nauru, 34. Niue, 35. Palau, 36. Panama, 37. Samoa, 38. Sent Lusiya, 39. Sent Vinsent və Qrenadin, 40. Seyşel Adaları, 41. Sent-Kits və Nevis, 42. Tailand, 43. Tayvan (ÇXR), 44. Törks və Kaykos adaları, 45. Trinidad və Tobaqo, 46. Vanuatu, 47. Vircin adaları (ABŞ).”
“Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik
Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin siyahıya aşağıdakı məzmunda əlavələr edilmişdir:
4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar:
“- “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə”.
7-ci hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 6 - 17-ci bəndlər:
“6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi;
7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi;
8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi;
9. elektrik enerjisinin paylanmasına icazə verilməsi;
10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi;
11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi;
12. qazın nəqli üçün icazə verilməsi;
13. qazın paylanmasına icazə verilməsi;
14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi;
15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi;
16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi;
17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi”.
2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam
Azərbaycan Respublikasının Prezidentinin 29 mart 2023-cü il tarixli Sərəncamına əsasən, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula OneManagementLimited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
“Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası”nın təsdiq edilməsi barədə Qərar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş bu qayda “Turizm haqqında” Qanuna uyğun olaraq hazırlanmışdır və yerləşmə vasitələrində (yəni, ödənişli əsaslarla yerləşmə xidməti göstərən mehmanxanalar (hotellər), mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər obyektlərdə) yerləşmə xidmətindən (yəni, yerləşmə vasitəsində qonağın ödənişli əsaslarla yataq yeri və müvəqqəti yaşayış üçün zəruri ehtiyaclarının qarşılanması məqsədilə digər vasitələrlə təmin edilməsi xidməti) istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını müəyyən edir.
Qaydaya əsasən, yerləşmə vasitəsində qonaqların elektron qeydiyyatı məsul şəxs (şəxslər) tərəfindən qonaqların yerləşmə vasitəsinə gəlmə vaxtında (check-in) Proqram vasitəsilə aparılır. Məsul şəxs Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra Proqrama daxil olaraq, qonağın şəxsiyyətini təsdiq edən sənəd (sərhədkeçmə sənədi) əsasında bu Qaydanın əlavəsində göstərilən qonaq qeydiyyatı formasını tərtib edərək qeydiyyatı yekunlaşdırmaq üçün təsdiq edir. Qonaq qeydiyyatı forması təsdiq edildikdən sonra formaya daxil edilmiş məlumatlar adsızlaşdırılaraq, unikal qeydiyyat nömrəsi ilə Turizm Reyestrinə ötürülür. Qonağın getmə vaxtında (check-out) dəyişiklik olduğu halda, məsul şəxs həmin məlumatın yenilənməsini təmin etməlidir. Məsul şəxs Proqramdan istifadə zamanı texniki-texnoloji problemlərlə üzləşdikdə, qonağın (qonaqların) yerləşmə vasitəsinə gəldiyi günün sonunadək bu barədə Dövlət Turizm Agentliyinə müraciət etməlidir. Agentlik daxil olmuş müraciətlə bağlı 1 iş günü müddətində araşdırma aparmalı və araşdırmanın nəticəsi barədə məsul şəxsi məlumatlandırmalıdır. Yerləşmə vasitəsi qonaqların qeydiyyat formalarının, həmçinin Azərbaycan vətəndaşları, Azərbaycanda daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin və Azərbaycanda müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədinin surətinin 3 aydan az, lakin 6 aydan çox olmayan müddətdə saxlanılmasını təmin edir.
“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında Qərar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2023-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş buxidmət haqqı məbləğləri “Qida Təhlükəsizliyi haqqında” Qanunda qeyd edilən məqsədlərlə götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda tətbiq edilir.
İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Qərar
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli Qərarına əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyatvasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 mart 2023-cü il tarixli 93nömrəli Qərarına əsasən, digər hallarla yanaşı, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir.
İcmalı hazırladı: Vəkil Allahverən Oruclu
Biznes hüququ məsləhətçisi (BiznesLeks Konsultant)