Turizm sahəsində tanınmış iş adamı və «e-viza» şirkətinin rəhbəri Baba Ağayev kiçik və orta biznes qurulması ilə bağlı fikirlərini bölüşüb. B.Ağayev yazır:
Biznes, sahibkarlıq nədir?
Birgün eyforiyaya qapılıb, dəli bir ideyanın sizə gəldiyini düşünürsünüz. Əsasən də bu fikirlər şəxsi rastlaşdığınız problemlərə əsasən yaranır. Siz bu problemi, çətinliyi yaşayırsınızsa, çox güman başqaları da yaşayır yanaşması ilə biznesə və ya startapa başlayırsınız.
Ad seçirsiniz, logo, sayt, facebook səhifəsi eyforiya hələ yüksək. Məhsulun tam açıq bazara təklif edirsiniz ki, müştərinin istəyi reallıqlarını görürsünüz. Siz məhsulu onlara uyğunlaşdırırsınız amma onların da istəkləri dayanmadan dəyişir. Bu arada böyük ehtimal sizə çox yaxın olan insanlar sizin ilk müştəriniz olurlar. Məhsul və ya xidmətinizin mükəmməl olduğu üçün deyil, sizə dəstək üçün müştəriniz olurlar. Elə bu anlarda eyforiyanın ikinci dalğası gəlir ki, məhsul satılır, deməli tələb var. Təcili işçi və ofis götürüm. 2 işçi götürürsünüz. Həmişə başqa şirkətin işçisi, meneceri olduğunuzdan öz işçilərinizlə necə davranmağı 2 partiya işçi dəyişənə kimi öyrənə bilmirsiniz. Nazları ilə oynayırsınız. Çünki öyrədib, vaxt sərf etmisiniz və ümidiniz onlaradır ki, şirkəti, startapı qabağa aparacaqlar.
Biraz keçir. Sifarişləriniz 5 manatlıq artan kimi, əməkdaşlardan biri yaxınlaşıb, 10 manatlıq maaş artımı istəyir. Düşünürsünüz. əməkdaş yaxşıdır. İtirmək istəmirsiniz. Amma içinizdə vicdanınız sızlayır ki, birinin maaşını artırsam, gərək digərini də artırım. İkisini də artırsanız, startapın ziyanı biraz da böyüyür. Qərar verirsiniz ki, artırmayasınız. İşçilərdən biri gedir. Digərində isə şübhələr yaranır ki, o niyə getdi? Bəlkə bu biznesin, startapın həqiqətən potensialı yoxdur?! Bir müddət o şübhələr onu yeyir və sonda o da gedir. Oturuşmuş şirkətə. Daha yaxşı maaşla. Və siz əməkdaş seçimi prosesini yenidən sıfırdan başlayırsınız. Tam bu anda düşünürsünüz: Bəlkə bu məhsula, xidmətə həqiqətən ehtiyac yoxdur? İşçilər niyə belə davranır? Nəyi səhv edirəm? Axı şəxsi biznes belə çətin olmalı deyildi axı və s.
Yenidən komanda yığırsınız. Birinci. ikinci, üçüncü komandaların, generationların hər birindən menecment, komanda ruhu yaratmağı öyrənirsiniz. Həmin komanda üzvləri bugün 5 müştərinin 2-sini razı yola salır. Hər itirilən müştərinin üzərində guidelinelar, təlim materialları, təcrübə formalaşır. 1 müştəri sizi məhkəmə ilə, digəri polislə, digəri döyməklə hədələyir. Əvvəldə susursunuz. Çünki müştəri müqəddəsdir. Əlinizdə olan müştəri bazasını da itirməkdən qorxursunuz. Onlarla razı müştərinin yaratdığı pozitiv imici, 1 zloy, influenser müştərinin darmadağın edəcəyindən qorxursunuz. Başınızı aşağı salıb yenə işləyirsiniz.
Tam gəlirli mərhələyə çatmaq istəyirsiniz ki, baxırsınız gəlir nə qədər artırsa, xərc də bir o qədər artır. Ofisdə 5 işçi 10 işçiyə çevrildikdə daha böyük ofis, daha sürətli internet tələbi, ofis infrastrukturu və s. Gəlir artır, maaş artır, DSMF artır, vergi artır. Kənardan elə görünür ki, biznes sahibi kimi kef edirsiniz. Heçkim Cash Flow üçün, az qala Bazar günü gecə saat 3-də zəng edib narahat etmək hüququnu özündə tapan dəyərli müştərilər üçün, gündəlik olaraq göydən tökülən və heçvaxt rastlaşmadığın problemlərin həlli üçün beynin dayanmadan düşünməsini, yuxuda da daha yaxşı Marketinq Həllərinin axtarılmasını ağlına belə gətirmir.
Dağları qalmağı sevmək səbəblərimdən biri də məhz bu hobbinin biznes yolu ilə oxşar cəhətləridir. Dayanmadan vəziyyət, şərait, mühit dəyişir. Və siz hər dəfə yeni vəziyyətə uyğunlaşmalısınız. Çoxları ona uyğunlaşa bilməyib, həm dağda, həm bizbesdə geri qayıdır.
Yol uzandıqca, challengelər böyüyür və siz böyüyürsünüz. Və birgün həmin güclü komanda da, həmin ciddi büdcələr də, həmin dəli ideyalar da gəlir. Əsas o məqama kimi səbrli olmaq və addımlamaqdır.