Biznes haqqında ən məşhur sözlər - "Biznesdə həmişə risk olur".
Və, həqiqətən də, biznes daim qeyri-müəyyənliklər, müxtəlif növ risklər və böhranlar, yüksəlişlər və enişlərlə dolu bir fəaliyyətdir. Məhz bu səbəbdən, hətta öz inkişafının zirvəsində olarkən belə, şirkətin immunitetinin gücləndirilməsi üçün mümkün gələcək riskləri nəzərə almaq lazımdır.
ELƏCƏ DƏ BAX: Lombardlara bəd xəbər - LİSENZİYA ALMALI OLACAQLAR - YENİ QANUN
Biznesdə risklər sahibkarlığın daimi, qaçılmaz bir hissəsidir və qəbul etmək lazımdır ki, onlar həmişə baş verə bilər və onlara hazır olmaq və ən başlıcası, ölkənin reallıqlarına uyğun olaraq dəyişikliklərə açıq olmaq lazımdır. Biznes üçün risklər müxtəlif olur və onlar ölkə iqtisadiyyatının hansı inkişaf mərhələsində olmasından, dövlət strukturları və biznes münasibətlərinin necə qurulmasından, istehlakçılar tərəfindən şirkətlərə qarşı hansı tələblərin qoyulmasından, ölkənin xarici investisiyalara açıqlığından və s.-dən asılı olaraq fərqlənir.
Bu gün Azərbaycanda yeni iqtisadi şəraitdə, əlbəttə ki, əvvəlki dövrdən fərqli risklər mövcuddur və "şəffaflıq" prioritet kimi ön plana çıxır.
Bu konkret halda şəffaflıq nədir? Bu, həmişə qəbul edildiyi kimi, yalnız maliyyə deyil - əlbəttə ki, maliyyə də daxil olmaqla, sözün daha geniş anlayışında şəffaflıqdır. Şəffaflıq, ilk növbədə, istehlakçılar, müvafiq dövlət qurumları, potensial investorlar, həmçinin səhmdarlar və şirkət sahibləri və kütləvi informasiya vasitələri daxil olmaqla, maraqlı tərəflər üçün şirkət haqqında məlumatların tamlığı, etibarlılığı, mövcudluğu və aydınlığını nəzərdə tutur. Şəffaflıq şirkət üçün nə deməkdir?
İlk növbədə, əlbəttə ki, bu, şirkətin ölkənin qanunları ilə hüquqi müdafiəsidir. Sahibkarlar və mülkiyyətçilər üçün biznesin uğurlu olmasının vacib meyarlarından biri də sabahkı günə inamdır. Biznes klublardan birinin sahibkarlar görüşündə çıxış edərkən mən vurğuladım ki, biznes sahiblərinin istədiyi yeganə şey - həcmdən asılı olmayaraq qanun qarşısında bərabərlikdir ki, bu da bütün şirkətlərin fəaliyyətinin şəffaflığı ilə təmin oluna bilər.
İkincisi, bu, daha inamlı böyümə və inkişafdır, çünki şirkətin bütün sahələrdə, xüsusilə də maliyyə sahəsində şəffaf fəaliyyəti olmadan firmanın miqyasını artırmaq üçün investisiya almaq mümkün deyil. Şirkətlər öz vəsaitləri hesabına müəyyən iş səviyyəsinə və miqyasına nail ola bilərlər, lakin bundan sonra yeni maliyyə dəstəyi və investisiyalar tələb olunur və investor üçün zəmanəti təmin etməyin ən etibarlı variantı - ona şirkətin, mühasibatlığın, idarəetmə prosesləri və keyfiyyəti haqqında şəffaf, dəqiq və konkret məlumatın təqdim edilməsidir.
Və üçüncüsü, əlbəttə ki, şəffaflıq - şirkət sahibi üçün azadlıqdır. Orta və böyük miqyaslı biznes sahiblərinin problemlərindən biri - azadlıqdır, o mənada ki, biznes onların bütün vaxtını və enerjisini udur. Biznesin yaradıcısı kimdir? Bu, müstəqil və azad olmaq üçün şirkəti yaradan insandır. Şirkət böyüdükcə və onun fəaliyyətinin həcmi artdıqca sahibkar həftədə 7 gün işləyərək, prinsipcə, biznesi yaratması məqsədi olan azadlığını itirir. Fəaliyyətin şəffaflığı sahibkara, gündəlik bitib-tükənməyən işlərə cəlb olunmaqdan daha çox strateji işlərə vaxt ayıraraq, idarəetmənin keyfiyyətinə və maliyyə nəticələrinə əmin olmağa imkan verir.
Mənim Azərbaycanda və xaricdə olan təcrübəm göstərir ki, şirkətin həyatının müəyyən mərhələsində, sahiblar firmanın inkişafı üçün artıq çoxlu enerji, vaxt və investisiya qoyduqdan sonra o, işdən uzaqlaşmalı və idarəetməni peşəkar rəhbər heyyətinə təhvil verməli olur. Və bu mərhələdə etimad məsələsi ön plana çıxır -prosesləri, prosedurları, insanları, böyük dövriyyəni yad adamlara necə etibar etməli? Və şirkətin fəaliyyətinin hər iki tərəf üçün işlərin gedişatına nəzarətin təməl və meyarlarını yaradan şəffaflığı məhz bu məqamda vacib olur.
Xatırlayıram ki, 2004-cü ildə mən Azərbaycanda şəhərlərarası sərnişin daşımaları ilə məşğul olan böyük nəqliyyat şirkətinin rəhbəri təyin edilmişdim və görülmüş ilk iş - şirkətin bütün prosedur və standartlarının təsviri və korporativ idarəetmənin tətbiqi olmuşdur. Sahibin açıqladığı kimi, bu, bütün tərəflər üçün şirkətin fəaliyyətinin şəffaflığını təmin edəcəkdir.
Şəffaflığın böyük şirkətlər üçün daha bir mühüm üstünlüyü isə Azərbaycandan kənara çıxmaq və beynəlxalq fəaliyyətə başlama imkanıdır. Öz fəaliyyəti ilə bağlı ən sadə suallara cavab verə bilmədiyi üçün ölkə hüdudlarından kənara çıxa bilməyən bir neçə şirkəti şəxsən tanıyıram.
Bu gün Azərbaycanda yeni iqtisadi reallıqlarda bizim şirkətlər üçün öz biznesinin sabitliyini təmin etmək və möhkəmləndirmək üçün öz işgüzar və idarəetmə vərdişlərini dəyişməyə hazır olmaq çox vacibdir, çünki şirkətin fəaliyyətinin ən yaxşı müdafiəsi hüquq sahəsində və ölkənin qanunlarıyladır.
mənbə: milli.az