Ölkədə biznesin inkişafına töhfə vermək üçün təlim mərkəzi açmaq qərarına gəlirlər. İnsan resurslarının idarə edilməsi sahəsində peşəkar səviyyədə təlimlərin təşkilini ilk dəfə özlərinin etdiklərini deyirlər. Keyfiyyətli iş ortaya qoymaq naminə, təlim iştirakçılarının fikirlərini öyrənirlər, özləri də təlimlərdə iştirak edirlər. Həmsöhbətlərimiz "Business Management School”un təsisçiləri Elvin Cabay və Pərviz Kərimovdur.
- Təlim mərkəzi açmaq ideyası necə yarandı, təklif ilk kimdən gəldi?
Elvin: Açığı, bu işin üzərində uzun müddət baş sındırdığımızı desəm, yalan olar. 2014-cü ildə İnsan Resurslarının (İR) idarə edilməsi ilə bağlı bir təlimdə iştirak edirdim. Təəssüf ki, təlim çox uğursuz keçdi, gözləntilərimi qarşılamadı. Həmin dövrdə kiçik araşdırma etdim və gördüm ki, bu sahədə boşluq var. Özüm üçün peşəkar təlimçi tapıb ondan fərdi olaraq nəsə öyrənməyi düşündüm. İR sahəsində təlimə getmək istəyən dostlarıma xəbər verdim, onlar da mənə qoşuldular. Beləcə, təlimlərin təşkilatçılığına başladım. O ərəfədə də Pərvizlə hər hansı sahədə iş qurmaq istəyirdik.
Eləcə də bax: Azərbaycanda yeni yaradılan xarici şirkətlər - SİYAHI
Pərviz: Həmin dövrdə biznesin idarə edilməsi üzrə təhsil almaqla bərabər bank sektorunda da çalışırdım və öz işimi qurmaq haqqında bəzi düşüncələrim vardı. Bir dəfə dərsdə müəllimlərimizdən biri "əgər öz biznesinizi qurmayacaqsınızsa, burada oxumağınız bir mənası yoxdur” deyə bir cümlə işlətdi. Sanki o cümlə beynimdə olan fikirlərimi konkretləşdirdi. Elvinlə də işlə bağlı söhbətlərimiz olurdu. Söhbət əsnasında təlimlərin təşkili ilə məşğul olduğunu deyəndə, düşündüm ki, niyə də bunu biznesə çevirməyək. Fikirlərimizin və istəklərimizin üst-üstə düşməsi, yeni konsepsiya qurmaqla işə başlamağımıza şərait yaratdı.
- Bəs, nə üçün sırf bizneslə bağlı təlim mərkəzi?
Pərviz: Hazırda bütün müasir cəmiyyətlərdə ölkənin sosial, iqtisadi rifahı biznesin üzərində qurulub. Həyat özü bir biznesdir. Düşündük ki, bu sahənin inkişafına töhfə verəcək təlim mərkəzi açaq. Ad seçimini belə, buna uyğun etdik. Hər hansı təlim mərkəzi açıb müxtəlif sahələrin tədrisi ilə də məşğul ola bilərdik. Lakin biz sırf biznesin idarə edilməsi istiqamətinə fokuslandıq. Bu sahədə inkişaf edib, nəinki ölkəmizdə, hətta, regionda öncül şirkətlərdən biri olmaq istəyirik.
- İşə başladığınız dönəmlərdə hansı çətinliklərlə qarşılaşdınız?
Elvin: Biz bu işə bir qəpiksiz başlamışıq. Kimlərsə işə başlayarkən müəyyən əlaqələri olur, amma biz o əlaqələri də işləyə-işləyə qazandıq. İki il yarım ofissiz işləmişik. İşlərimizin planlarını çayxanalarda, dostlarımızın məkanında qururduq. Təlimlərimiz olan zaman ofis kirayə götürürdük. Mümkün qədər stabil xərclərdən qaçırdıq. Yəni düşünürdük ki, təlim olan zaman otaq götürüb pulunu ödəyək, yoxsa boşuna niyə kirayə pulu verək? Çünki bu işdən böyük gəlirimiz yox idi. Hətta, bir il pul götürmədik. Gələn pulu işimizin genişlənməsi üçün xərcləyirdik. Yalnız 2017-ci ilin sentyabrında ofisə keçdik.
Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
- Qeyd etdiniz ki, işə maliyyəsiz başlayıbsınız. Kimisi biznesi qurarkən investisiyanı, kimisi isə təcrübəni əsas hesab edir. Siz nə düşünürsünüz bu haqda?
Elvin: Heç biri əsas deyil. Şəxsən mənim bu sahədə təcrübəm yox idi. Bundan əvvəl çalışdığım şirkətlərdə də işim uğursuzluqla nəticələnmişdi. İnvestisiyamız sıfır idi, təcrübəni isə işləyə-işləyə qazandıq. "Cahil cəsarəti” deyə bir ifadə var. Bəzən cahil cəsarətinə sahib olub, gözü yumub işə başlamaq lazımdır. Amma, investisiyamız olsa, pis olmazdı. Biz bəlli bir məbləğlə işə başlasaydıq, bu gün daha yuxarıda olan şirkətlərlə eyni səviyyədə olub, rəqabət apara bilərdik.
Pərviz: Doğrudur, təcrübə və investisiya çox vacib deyil, amma olmağı üstünlük sayılır. Qeyd edilən amillər işin inkişafını və hədəfə çatmağı sürətləndirir. Məncə, biznesdə ən önəmli məsələ davamlılıqdır. Yəni hər nə olursa-olsun, dayanmadan ruhdan düşmədən davam etməkdir.
- 4 ildir ki, dayanmadan, ruhdan düşmədən birlikdə işləyirsiniz, bir-birinizə dəstək olursunuz. Sizcə, şərikli işləmək yaxşıdır, yoxsa tək?
Elvin: Hər ikisinin müsbət və mənfi cəhətləri var. Amma onu deyim ki, şərikli işləmək çox çətindir. Məsələn, Pərvizlə 2-3 yaşımızdan birlikdə böyümüşük. Uzun illərdir ki, dostluğumuz davam edir. Dostluq nə qədər dərin olsa da, şərikli iş onu poza, arada düşmənçilik sala bilər. Məsələn, bu qədər yaxın dost olmağımıza baxmayaraq, biz də müəyyən problemlər yaşamışıq. Əsas üstünlüyümüz odur ki, problemi tez həll edib, yolumuza davam edə bilirik. Şərikli işləməyin üstün cəhəti isə məsuliyyətin, təhlükənin, risklərin paylaşılmasıdır. Hər hansı bir işi görəndə tək qərar vermirsən, loru dildə desək, ikinci bir ağıldan da məsləhət alırsan. İşlərimiz ədalətli şəkildə bölüşdürülür. Hər kəs öz sahəsi ilə bağlı işlərdə məsuliyyət daşıyır. Amma lazım olanda bir-birimizə kömək də edirik. Yəni bu o demək deyil ki, bu iş mənim məsuliyyətimdədirsə, Pərviz bununla bağlı heç nə etməməlidir. Sadəcə olaraq, işləri bölmüşük ki, daha rahat olsun.
- Bəs, gəlirləri necə bölürsünüz?
Elvin: Dədə malı kimi (gülür). Rəsmi olaraq 50/50-yə bölürük.
- İşə başlayarkən iki nəfər idiniz, bəs, indi? Komandanızda böyümə olub?
Pərviz: Əlbəttə, əməkdaşlarımız Şəfəq Mürsəlli və Fatimə İsmayılova da bu gün bizimlə birgə addımlayırlar. "Business Management School”a öz işləri kimi yanaşırlar və ən azı, bizim qədər can yandırırlar, məsuliyyət hiss edirlər. Əldə etdiyimiz hər nəticəni ən çox onların zəhmətinə, əzmkarlıqlarına, loyallıqlarına borcluyuq.
- Əməkdaşlarınızdan danışmışkən, rəhbər-işçi münasibətlərini necə tənzimləyirsiniz?
Elvin: Bizim ən önəmli xüsusiyyətlərimizdən biri də iş mühitimizin bir ailə kimi formalaşmasıdır. Bizim işimizdə "mən müdirəm” ifadəsi yoxdur. Hamı eynidir. Eyni otaqda, eyni masada, eyni stullarda otururuq. Biz hər işlə özümüz maraqlanırıq. Yəni bütün işi əməkdaşlarımızın üzərinə qoymuruq. Hətta, təlimlərə gələnlərlə belə, özümüz birbaşa əlaqədə oluruq. Həm də öz işimizin fəhlələriyik.
- Necə düşünürsünüz, bir işi davamlı və keyfiyyətli etmək üçün hansı addımlar atılmalıdır?
Pərviz: Fərqlənmə olmalıdır. Hər bir şirkət öz sektorunda fəaliyyət göstərən digər şirkətlərdən nəyəsə görə seçilməlidir. Bizim şirkətin fərqliliyi təqdim etdiyimiz məhsullardadır. Məsələn, İnsan resurslarının idarə edilməsi sahəsində peşəkar səviyyədə təlimlərin təşkilini ilk dəfə biz etdik. Təlimlərimizi sırf boşluq olan sahələrə yönəltdik.
Elvin: Davamlılığa əngəl olan nüanslardan biri maddi çətinlikdir. Görülən işdən gəlir götürməmək işin davam etməsinə mane ola bilər. Bu zaman hədəfə, məqsədə bağlılıq, inam çox böyük rol oynayır. İşimizin davamlı olmağının ən böyük səbəbi isə Pərvizlə birlikdə olmağımızdır. Daim bir-birimizə dəstək olmuşuq, həvəsdən düşməyə, işi yarımçıq qoymağa icazə verməmişik. Digər tərəfdən, təlimçilərlə şəxsən özümüz danışırıq. Yəni təlimçi bilir ki, danışdığı işçi deyil, birbaşa sahibkarın özüdür. İşimizin keyfiyyətli olmasının əsas səbəblərindən biri də budur. Həmçinin, özümüz də təlimlərdə oturub, təlimlərin keçirilmə və gələn insanların məmnun qalma səviyyəsini müşahidə edirik.
- Təlimlərdən danışmışkən, hansı təlimləriniz var, qiyməti necə müəyyənləşdirirsiniz?
Pərviz: "Tələbin Proqnozlaşdırılması və Planlaması", "Kateqoriyanın İdarə Edilməsi", "İstehsalat Sistemlərində Planlama və Qrafikləndirmə", "HR Asisitent", "Biznes Proseslərinin Optimallaşdrılması və Data Analizi", "Agile Biznes Analist üçün Master Klass", "Sığortanın Əsasları: Risk və Anderraytinq Kritik Düşünmə və Çevik Analiz Təlimi" və sair kimi təlimlərimiz olur. "Təchizat Zəncirinin İdarə Edilməsi Təlimi" və "İnsan Resurslarının İdarə Edilməsi Təlimi" bunlar isə fərqli konseptdə keçirilir. Hazırda sektorda bəzi rəqiblərimiz var. Biz qiyməti müəyyənləşdirməmişdən əvvəl bazarda o təlimin keçirilmə qiymətini öyrənirik. Keçiriləcək təlimin ölkəmizdə və xaricdə önəmlilik dərəcəsini də araşdırırıq. Digər tərəfdən, təlimçinin kim olması və təlimin keçirilmə saatları da qiymətə təsir edən faktorlardır. Məsələn, xaricdən gələn təlimçinin bütün xərclərini hesablayaraq, qiyməti müəyyənləşdiririk. Çalışırıq ki, qiymətlə keyfiyyət düz mütənasib olsun.
- Bəs, işə başlayarkən bu sahə ilə bağlı bir araşdırma etdinizmi? Çünki işi başlayarkən bazar araşdırmasının önəmli olduğu deyilir...
Elvin: Əlbəttə, araşdırma müəyyən qədər də olsa, üstünlük verər. Lakin biz elə də ciddi araşdırma etmədik. Çünki həmin dövrdə bazarda bu təlimlərə olan tələbatı görürdük. Amma işlədikcə araşdırmaya ehtiyac duyulur. Pərvizin də qeyd etdiyi kimi, bu sahədə kifayət qədər rəqiblərimiz var. Ona görə, daim araşdırma edib, inkişafımız üçün çalışırıq.
- Təlim və təlimçilər haqqında rəyləri necə öyrənirsiniz?
Pərviz: Bayaq keyfiyyətlə bağlı söhbətimizdə də qeyd etdiyimiz kimi, təlimlərdə otururuq. Burada məqsəd təlimə gələnlərlə daha yaxından əlaqədə olub, onların fikirlərini öyrənməkdir. Həm də təlimdə oturaraq biz də təlimçinin auditoriyanı idarə etmək, bildiklərini iştirakçılara çatdırmaq qabiliyyətini qiymətləndiririk. Anonim sorğular keçiririk. Həmçinin, iştirakçıların özləri də yaxınlaşıb təlim və təlimçilər haqqında fikirlərini deyirlər. Və qeyd edilən çatışmazlıqları təlimçi ilə danışaraq aradan qaldırmağa çalışırıq.
Elvin: Sorğular zamanı iştirakçılardan tam obyektiv olmalarını tələb edirik. Yəni yalandan nəyisə yaxşı qiymətləndirmələrini istəmirik. Mənfi fikir bildirməklə, bizim xətrimizə dəyəcəklərini düşünməsinlər. Əksinə, söylənən iradları aradan qaldırmaqla işimizi daha peşəkar səviyyədə təşkil etməyə çalışırıq. Həm də təlimlərimizə gələn iştirakçılarla müntəzəm olaraq əlaqədə oluruq. Təlim bitdikdən sonra da məzunlarımızla sağollaşmırıq. Onlarla ünsiyyətimiz davam edir. Məzunlarımız üçün gəzintilər, tədbirlər, seminarlar təşkil edirik. Öyrəndikləri mövzularla bağlı yaranan sualların daim cavablandırıldığı mühitlər yaratmağa çalışırıq. Yəni sadəcə, komandamızla deyil, məzunlarımızla da ailə mühiti qurmağa nail olmuşuq.
- "Business Management School" ancaq təlimlərin təşkil olunması işi ilə məşğuldur, ya başqa sahələrdə də işlər görür?
Elvin: Təbii ki, təlim mərkəzimizin işi sadəcə, təlimlərin təşkili ilə məhdudlaşmır. Bir sıra tədbirlərin təşkilində tərəfdaş kimi çıxış edir. Məsələn, 2017 və 2018-ci illərdə "HR Summit Baku"nun təşkilatı dəstəkçisi olub. Elə bu yaxınlarda Türkiyədə insan resurslarının iradə olunması sahəsində fəaliyyət göstərən "PERYÖN” dərnəyi ilə əməkdaşlığa başlamışıq.
- Gənclərə məsləhətiniz...
Elvin: Gənclərə məsləhət görərdim ki, universitet təhsili ilə kifayətlənməsinlər. Universitetdən alınan diplom, iş həyatında sadəcə, qapıdan içəri girməyə kömək edər. Bacardıqları qədər təhsil aldıqları dönəmləri yaxşı dəyərləndirsinlər. Gələcəkdə işləmək istədikləri sahədə elə universitetin ilk illərindən təcrübə toplasınlar. Məqsədyönlü olsunlar. Hadisələrə pozitiv, inamlı yanaşsınlar. Uğursuzluğa düçar olsalar belə, bədbinləşməsinlər. Düşünsünlər ki, bunun özü də təcrübədir.
Pərviz: "Universitet illərindən yaxşı faydalanmaq” fikri ilə mən də razıyam. Çox təəssüf ki, əksər gəncimiz bu gün sevmədiyi ixtisas üzrə 4 il universitetə boşuna gedirlər. Dünyagörüşlərini, artırsınlar, çalışmaq istədikləri sahəni yüksək səviyyədə öyrənmək üçün özlərini peşəkar səviyyədə inkişaf etdirsinlər. Dil bilgilərini genişləndirsinlər. Ən əsası, əzmkar və iradəli olsunlar.
Bir qəpik də xərcləmədən iş qurmağı bacaran şəriklər - BİZNES
07:48
21 Yan 2019