Son illər Azərbaycanda biznes açan qadınların sayı çoxalıb. FED.az Ailə, Qadın Və Uşaq Problemləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin əvvəlində biznesi olan qadınların sayı 143 min 90 nəfər olduğu halda, 2018-ci ilin aprelin 1-ə olan məlumatda bu rəqəm 172 min 616 olub. Başqa sözlə, il ərzində bizneslə məşğul olan qadınların sayında 20,6% artım var.
Komitənin informasiya və araşdırma şöbəsinin müdür müavini Aynur Veysəlova FED.az-a bildirib ki, Qadın sahibkarların aktivliyi təkcə Bakıda deyil, regionlarda da hiss olunur. Qadınların ən çox biznes qurduğu bölgələr Aran zonasında, Gəncə-Qazax, Cənub bölgələrindədir.
Qadın iş adamları ən çox məşət xidməti, kənd təsərrüfatında əkinçilik, bağçılıq, maldarlıq və s. sahələrdə bines qururlar. Emal sənayesi, bank, maliyyə və sığorta sahəsində biznes quranlar da var. Qadınların ən az biznes qurduğu sahələr tikintiyə aid olanlardır.
A.Veysəlova bildirir ki, komitə özü də qadın sahibkarların artmasına çalışır, xüsusilə də məqsəd kənd qadınlarının bir sahibkara çevrilməsidir. Bunun üçün qadınların biznes ehtiyacları araşdırılır. Komitə rəsmisinin sözlərinə görə, hazırda qadın sahibkarların ən böyük problemi ailədə onlara sərbəstlik verilməməsi və biznes parnyorların qadınlara o qədər də etibar etməməsidir.
Birinci problem özünü qadınların həyat yoldaşında göstərir. Bəzi kişilər həyat yoldaşlarının sərbəst bizneslə məşğul olmasına qarşı çıxırlar. «Bu sahədə bizim əsas işlərimizdən biri də kişiləriinandırmaqdır ki, həyat yoldaşlarının biznes qurmasına mane olmasınlar». A.Veysəlova bildirir ki, bəzi qadınlar olduqca bacarıqlı və menecment qabiliyyəti yüksəkdir. Belələrinə sərbəstlik verilməsi üçün onların yoldaşları ilə maarifləndirmə işi aparılır: «Bizim rayon icra hakimiyyətinin nəzdində monitorinq quruplarmız var. Həmin regiondakı işçilər, psixoloqlar onların həyat yoldaşları ilə söhbətlər aparırlar. Bəzən bu söhbətlərdən sonra yoldaşları qadınların bizneslə məşğul olmalarına icazə veriblər».
Amma belə hallar azdır və komitə nümayəndəsinin sözlərinə görə, bu sahədə işlər hələ davam etməlidir.
Hərçənd elə qadınlar var ki, nəinki biznes qurub, hətta həyat yoldaşları onların işçisi kimi çalışır.
İkinci böyük problem, deyildiyi kimi, biznes partnyorların qadınlara kişilərdən az etibar etməsidir. Xüsusilə bankların və kredit təşkilatlarının bu yanaşması qadınların biznes üçün maliyyə cəlb etməsinə mane olur. Yeri gəlmişkən, FED.az bu məsələ ilə maraqlanıb və məlum olub ki, doğrudan da bankların və kredit təşkilatlarını əksəriyyəti ilkin mərhələdə (yəni ilk dəfə kredit istəyənlə) qadın iş adamlarına daha az etibar edirlər. «Bu da onunla əlaqədardır ki, qadınların idarəçilik və biznes aparma qabiliyyətləri kişilərdə olduğu kimi deyil. Amma bir dəfə kredit götürüb qayarandan sonra onlara münasibət dəyişir və daha ciddi yanaşılır»-deyə kredit təşkilatlarından bildirilib.
Biz bu vəziyyəti aradan qaldırmaq üçün regionlardakı bankları və maliyyə qurumlarının nümayəndələrini qadın iş adamları ilə görüşdürürük ki, onlar qadınlarmızın biznes qurmaları üçün maliyyə ayırsınlar.
Bəzi qadınlara komitə özü dəstək verir, onların daha bacarıqlı olduğu sahələrə yönəldirlər: «Ən çox şəhid aillələrinə köməklik edirik ki, onlar özünü təmin edə bilsinlər. Az təminatlı ailələr var ki, onlara da köməklik edirik. Məsələn, Cənub bölgəsindən bir qadın vardı, erkən ailə qurmuşdu və dolanışıq səviyyəsi aşağı idi. Onunla maraqlandıqda bildirdi ki, uşaqlıqdan maldarlıqla məşğul olub. Biz ona cins mallar alıb verdik. Qısa müddətdən sonra həmin xanım biznesini böyütdü, inəklərin sayını artırdı və özünə 5-6 işçi də götürdü. İndi yenə də böyütməyə çalışır və artıq özünə kiçik müəssisə açıb. Bu qadın 3 ildə bunu edibsə növbəti 3 ildə hətta zavod yarada bilər».
«Banklar qadınlara çox da etibar eləmir» - QADINLARIN BİZNESİ
17:41
16 Okt 2018