“Azərbaycanın ən böyük polad istehsalı müəssisəsi olan «Baku Steel Company» məhsul çeşidini genişləndirmək, Azərbaycan bazarını kifayət qədər polad məhsulları ilə təmin etdikdən sonra xaricə ixracı artırmaq niyyətindədir”.
Mikayıl Cabbarov: “Brightman BMC” MMC-yə 100 min manat - Güzəştli Kredit Verilib
Bu barədə FED.az-a müsahibəsində “Baku Steel Company” QSC-nin Baş direktorunun müavini, Maliyyə direktoru Anar Hacızadə bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə polada tələbatın artması ilə polad məhsullarının illik istehlakı 1 milyon tonadək artıb: «Azərbaycanda polad istehlakı əvvəlki illə müqayisədə 7% artaraq ildə 1 milyon tona çatıb. Polada tələbatın artması Qarabağ və Şərqi Zəngəzurun bərpası da daxil olmaqla Azərbaycanda tikinti bumu ilə əlaqədardır».
Baş direktorun müavini bildirib ki, polada tələbatın artması ilə «Bakı Steel Company» də istehsal gücündən daha çox istifadə etməyə başlayıb. Belə ki, 2020-ci ildə pandemiya və iqtisadi vəziyyətlə əlaqədar olaraq müəssisənin istehsal gücünün yalnız 50%-dən istifadə olunub. 2021-ci ildə bu rəqəm 75%-ə çatdırılıb, 2022-ci ilin ötən dövründə isə müəssisə öz istehsal gücünün 85%-dən istifadə edib.
Onun sözlərinə görə, “Bakı Steel Company”nin məhsulları Azərbaycanın daxili bazarı ilə yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstana da ixrac edilir. Şirkət ümumilikdə öz istehsalının 10%-ni, yəni ayda 3-4 min ton məhsulu ixrac edir, bu da ayda təqribən 3 milyon dollar deməkdir.
İndi şirkət məhsul çeşidini və ixrac həcmlərini artırmaq niyyətindədir: “Biz mövcud olan potensialın, yəni armatur və digər rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq istəyirik”.
Qeyd edək ki, hazırda “Bakı Steel Company”də pəstah, katanka, müxtəlif çeşidli armatur və borular istehsal edilir. Müəssisə əlavə olaraq yeni məhsulların istehsalına da başlamaq niyyətindədir.
Yeni çeşidlərin əlavə edilməsi şirkətin ixracını artırmaq planları ilə bağlıdır: “Orta və uzunmüddətli perspektivdə biz müəssisələrə investisiya yatıraraq yeni zavodlar inşa etmək və məhsul çeşidini artırmaq istəyirik. Planlarımızda beynəlxalq bazarlara ixracımızı artırmaq, təkcə Rusiya deyil, Türkiyə, Gürcüstan, ümumiyyətlə yaxın ölkələrin bazarlarına girmək var. Bu gün də onlara məhsul ixrac edirik, amma məqsədimiz həcmləri artırmaqdır. Hazırda məhsullarımızı Rusiya, Gürcüstan, Qazaxıstana ixrac edirik. Məqsədimiz ixrac olunan həcmi indiki 10%-dən 20%-ə yüksəltməkdir”.