Eyyub Hüseynov: “Sovet hökuməti 70 il ”Kubinka" ilə mübarizə apardı..."
Azərbaycanda fəaliyyət göstərən karqo şirkətləri Çindən ölkəyə mal gətirən müştərilərinə müraciət edib. Müraciətdə bildirilir ki, yeni qaydalara əsasən, bundan sonra Çindən Azərbaycana yalnız orijinal malların gətirilməsinə vasitəçilik ediləcək: “Xahiş edirik ki, hansısa məhsulu sifariş edərkən onun orijinallığına əmin olun. Çindən yalnız satıcının məhsulun orijinallığı haqqında verdiyi təsdiqedici sənəd əsasında məhsul göndərmək mümkün olacaq”.
Qeyd edək ki, bütün dünyada Çin brend məhsulların analloqlarının, xalq arasında olan məşhur ifadə ilə söyləsək, “kitayski” məhsulların istehsalı ilə tanınır.
Eləcə də bax: İrandan 17 məhsulun ixracı qadağan edildi
Bir neçə karqo şirkətindən bildirdilər ki, Çindən gətirilən məhsullar arasında elektrotexnika məhsulları üstünlük təşkil edir. Bu məhsulların çoxusu isə dünya səviyyəli firmaların mallarının analoqlarıdır: “Çin tərəfi onların hamısına orijinal məhsul olduğuna dair sənəd verir. Biz gedib həmin məhsulların həqiqətən orijinal olub-olmadığını araşdırası deyilik. Yalnız təqdim olunan sənədlərə əsasən qərar veriririk. Çinin öz məhsulları da həmçinin. Hamısının müvafiq sənədləri olur”.
Bir firmadan isə çox maraqlı cavab aldıq: “Çin məhsulu ilə orjinallıq bir-birinə ziddir axı... Çin istehsalıdır deyilirsə, burada hansı orijinallıqdan söhbət gedə bilər”...
“ElKarqo” şirkətindən onlara həqiqətən Çindən gətirilən məhsullarla bağlı qeyd olunan tapşırığın verildiyini desələr ki, bunun kim tərəfindən edildiyini söyləmədilər. Sadəcə, bildirdilər ki, saxta markalanmış məhsulların gətirilməsi qadağan edilib.
Onu da qeyd edək ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşalrından biri sayılır. Son üç ildə Çinlə Azərbaycan arasında ticarət dövrüyyəsi bir neçə dəfə artıb. Ötən il ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq 1,3 milyard dollara çatıb. 2017-ci ildə Çindən Azərbaycana 850 milyon dollardan çox dəyərdə məhsul idxal edilib. Bu ilin 9 ayında isə Çindən ölkəmizə 813 milyon 861.17 min dollarlıq məhsul idxal edilib. Azərbaycan Çindən müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik mallar idxal edir.
Hökumət Çini Azərbaycan üçün əsas ixracat ölkəsi kimi görür, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilir. Ötən il Azərbaycanın Çində ticarət nümayəndəsi təyin edilib. Bu ilin sentyabr ayında Çinin Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində və Şanxay Vayqaoçao Azad Ticarət Zonasında Azərbaycanın şərab evləri, Siçuan əyalətinin Lucou şəhərində isə Azərbaycan Ticarət Evi açılıb. Azərbaycan məhsullarının, həmçinin Çinin “Direct Imported Goods” (“DIG”) və Şanxay şəhərindəki “G-Super” supermarketlər şəbəkəsində satışına başlanıb.
Gələn il Çinin müxtəlif bölgələrində Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
Bundan əlavə, Azərbaycana səfər edən çinli turistlərin sayı ötən illə müqayisədə 62 faiz artıb. Çin şirkətləri Azərbaycana 800 milyon ABŞ dollarına yaxın investisiya yatırıblar. Azərbaycanda 112 Çin kapitallı şirkət fəaliyyət göstərir. Məsələn, Azərbaycanda 3 sement zavodunun tikintisi Çinin podratçı şirkətləri tərəfindən icra edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, karqo şirkətlərinə verilən tapşırıq Çindən Azərbaycana keyfiyyətsiz məhsul idxalının qarşısını almayacaq: “Liberal bazar qaydalarının olduğu bir şəraitdə belə qərar və tapşırıqlarla heç nəyi həll etmək mümkün deyil. Düzdür, Çindən ölkəmizə çoxlu sayda keyfiyyətsiz məhsul idxal olunur: geyimlər, elektrotexnika, kosmetika, uşaq oyuncaqları, plastik məmulatlar və sair. Amma heç bir sərt qadağa bunun qarşısını almaq gücündə deyil. Çünki bunu bazar müəyyən edir. Bazarda tələb olmasa, təklif edən də olmayacaq. Bu gün Azərbaycan bazarında ucuz və keyfiyyətsiz Çin malına tələbat varsa, onu təmin edənlər mütləq tapılacaq”.
E.Hüseynov ABŞ-da bu məsələ ilə bağlı 1 ay ixtisasartırma kursundə olduğunu bildirir: “Bizə Mərkəzi Kəşfiyyat İdarəsindən pensiyaya çıxmış bir polkovnik dərs keçirdi. O, çox qürurla deyirdi ki, Amerika bazarı belə qorunur-filan. Mən isə elə təlimin keçirildiyi yerin yaxınlığından aldığım Çinin saxta məhsulunu ona təqdim etdim. Sonradan o, gülərək bildirdi ki, qanunlar nə qədər sərt olsa belə, saxta məhsul idxalının qarşısını almaq mümkün deyil. Azərbaycanda da saxta məhsulun idxalını qanun qadağan edir, amma bu sahə üzrə ”ixtisaslaşmış" onlarla şirkət var. 70 il sovet hökuməti “Kubinka” bazarını ləğv etmək üçün mübarizə apardı, amma bacarammadı. Niyə? Çünki tələb vardı. Tələb varsa, nə qədər istəsən adamı tutsan belə, təklifi təşkil edənlər də tapılacaq".