Bakıda “Köhnə dəyirman”ı tanımayan az olar. FED.az bildirir ki, bəlkə də çox adam bilmir ki, rəsmi adı “The Landmark” olan bu bina təkcə paytaxtda yox, bütün ölkədə ilk biznes mərkəzidir. Sovet İttifaqının dağılması ilə müstəqilliyə qovuşan Azərbaycanın qayğısı təkcə torpaqlarında gedən müharibənin öhdəsindən gəlmək yox, həm də yenicə ayağa duran respublikaya güclü iqtisadi dayaqlar qurmaq idi.
Qapalı SSRİ-dən qurtulan ölkə qapısını xaricə açır. Amma açmaq asandır, bəs ölkənin infrastrukturu neft qoxusu alaraq Bakıya axışan əcnəbi şirkətləri müasir dillə desək, ofislə təmin etməyə hazır idimi?
Kıbrızlı mühəndis Efruz Sami Müdiroğlunun da diqqətini elə bu çəkir: Bakıda biznes üçün ayrıca iş mərkəzlərinin olmamağı... Kıbrısdavə bir neçə ölkədə neçə-neçə binanın tikintisinə rəhbərlik edən Efruz Müdiröğlu bir ilkə imza atır: Bakının mərkəzi yerlərinin birində baxımsız dəyirmanın binasında Biznes Mərkəzinin yaradılması layihəsini ortaya qoyur.
«O vaxtın hökumət rəsmiləri ilə binanı yenidən bərpa etməklə bağlı razılaşma əldə etdi. İndi «Landmark» Bakının ən yaxşı biznes mərkəzlərindən biri sayılır», Efruz Sami Müdiroğlunun yaxın qohumu İlker Nevzat «İş dünyamız» jurnalına onu xatırlayarkən deyir.
Efruz Sami Müdiröğlu kim idi?
2017-ci il iyulun 11-də rəhmətə getmiş, kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz SamiMüdiröğlu kim idi? «Bir polis məmurunun ailəsində doğulan, Almaniyada mühəndislik oxuyan bir türk», İlker Nevzat bildirir. Müdiroğlular ailəsinin «İş dünyamız»a təqdim etdiyi sənədlər, yazı materialları və İlker Nevzat Efruz Sami Müdiröğlunun həyat yoluna bələdçilik edir.
Efruz Sami Müdiröğlu 1932-ci ildə Kıbrısda polis məmuru Ahmet Şaminin ailəsində doğulub. 1948-ci ildə Lefkoşa İslam Universitetindən məzun olan Efruz bey 16 yaşında İstanbul Texnik Universitetinə qəbul olunub. 1953-cü ildə, 21 yaşında yüksək inşaat mühəndisi olaraq işə başlayıb.
«Niyə məhz mühəndislik?» sualına Efruz bəy özü müsahibələrinin birində belə cavab verib: «Tarix dərsindən hadisələrin tarixini xatırlamadığım üçün aşağı qiymət alırdım. Buna görə sinifin ikincisi-uçuncusu olurdum. Amma riyaziyyatı sevirdim. Bir gün Türkiyədən Kıbrısa bir adam gəldi, atamın tanıdığı biri idi deyə tez-tez ziyarətinə gedirdik. Adını indi xatırlamadığım bu şəxs inşaat mühəndisi idi və mənə bu peşəni sevdirdi».
«Doktorluğu sonra oxuyarsan»
İnşaat mühəndisliyi təcrübəsini Almaniyada tanınmış şirkətlərin birində davam etdirən gənc Müdiroğlu alman dilini inkişaf etdirir və Berlin universitetində doktorluq oxumağa hazırlaşır. Elə bu zaman Kıbrısdan gələn bir xəbər onu geriyə, vətənə qayıtmağa məcbur edir. Bu xəbər həm də onun həyatını köklü dəyişir: Tale Efruz Müdiroğlunun gələcəkdə bacarıqlı bir iş adamı olmasına zəmin hazırlayırmış.
Lefkoşanın Çətinkaya Spor Klubu onun atası Ahmet bəydən Magusa qapısında stadion tikməsini istəyir və Ahmey bey də oğlunu Almaniyadan geri çağırır: «Doktorluğu sonra oxuyarsan».
1955-ci ildə Kıbrısa qayıtsa da Efruz bəy bu layihədən vaz keçir, amma daha Berlinə dönmür, öz şirkətini yaradır. Amma pulsuzluqdan gündüzlər yunanların şirkətində çalışır, öz ofisində gecələr işləyirdi. İngilis Koloni İdarəsi Magusa Namik Kamal lisesinin inşaatı üçün elan verdikdə Efruz Müdiroğlu tenderə qatılır və onu udur. Bu, onun ingilislərlə ilk işi olmur və getdikcə, bir çox tenderin qalibi olur.
Bu sırada onun inşaatını apardığı onlarla layihəni xatırlamaq olar: su anbarları, yollar, boru xətlərinin tikintisi, elektrik stansiyanın genişləndirilməsi və dənizdən soyuduculara su çəkilməsi, «slipway» və çeşidli binaların tikintisi...
Hamar olmayan biznes yolu
Ancaq onun iş həyatı hamar olmayıb, zaman-zaman qabağına Efruz Müdiroğlunu yıxa biləcək maneələr çıxıb. Məsələn, 1963-cü ildə MONİ Elektrik Stansiyasının tikintisi üçün keçirilən beynəlxalq tenderi qazansa da, o dövrdə Kiprə rəhbərlik edən Başpiskopos Makarius bir türkün bu layihəni qazanmasına etiraz etmişdi və həmin iş yunan şirkətinə verilmişdi. Efruz Müdiroğlu layihəni qazandığı üçün hazırlıqlara başladığından belə bir qərar onu maddi zərərlə üzləşdirmişdi.
Kıbrısda müxtəlif sahələrdə tikinti işlərinə davam edən Efruz Müdiroğlu Liviyada inşaata sərmayə qoyur. O, Benqazi şəhərinin yağış sularının axıdılması üçün kanalizasiya infrastrukturu ilə bağlı 4 tenderdən üçünü qazanıb 56 milyon dollarlıq bir işi alır. Bu inşaat üçün minlərlə kıbrıslı və türkiyəli işçilər, yüzlərlə türk mühəndislər Benqaziyə dəvət olunur və Efruz Müdiroğlu işləri uğurla başa çatdırır.
Hər gördüyü işdən ruhlanıb yeni layihələri bir-birinin ardınca ortaya qoyan Efruz Müdiroğlu Libiyada başqa tikinti işlərinə də qol qoyur. Ancaq 1977-ci ildə Libiya dövlət tenderində udduğu 220 milyonluq layihəni tamamlamağa iki il qalmış hökumətlə arasında yaranan problem üzündən işləri yarımçıq buraxmalı olur. Belə böyük bir sərmayənin batması onun işlərinə təbii ki, təsirsiz ötüşmədi, Müdiroğlu maddi çətinliklərlə üzləşdi.
Amma o, bundan qorxmadı, yeni layihələr ardınca düşərək bu dəfə nəfəsini Səudiyyə Ərəbistanında dərdi. Orada su sistemləri ilə bağlı inşaat işləri həyata keçirdi.
1990-cı illərdə Sovet İttifaqının dağılması Müdiroğlunun biznes çoğrafiyasını genişləndirdi. O, Rusiyada gedib Sibirdə ağac ticarətinə girişdi, sonra Kazaxıstana, Alma-Ataya üz tutdu, 1995-ci ildə Bakıya gəldi.
«Köhnə dəyirmanın» yeni taleyi
Müdiroğlu Azərbaycan paytaxtında, öncə bina bərpaları və digər kiçik inşaat işlərinə başladı, ancaq ən böyük uğuru «The Landmark» oldu. Bakının düz mərkəzində, Xəzərdən bir neçə məhəllə məsafədə yerləşən "Landmark" çoxfunksiyalı bir kompleksdir. 1990-cı illərin sonunda işə düşən «Landmark» ümumilikdə 3 binadan ibarət olan paytaxtın ilk biznes mərkəzi sayılır. Kompleksdəki ilk bina – Landmark-1 vaxtilə Bakının mərkəzindəki köhnə dəyirmanın yerində yaradılıb. Bu layihə həm də köhnə Bakıya yeni, Qərb biznesinin gəlməsinin simvollarından biri idi. 1990-cı illərin sonunda Bakının mərkəzini gəzənlər müasir və şıq bir bina olan «Landmark»ın sovet stili və qədim tikililərin fonunda necə seçildiyini yaxşı xatırlayırlar. İndi bu binalarda səfirliklər, beynəlxalq təşkilatlar və iri şirkətlərin ofisləri yerləşir. Binanın bir hissəsi oteldir, burda restoranlar, üzgüçülük hovuzu, əyləncə obyektləri də var.
«Azərbaycana görə ürəyim parçalanırdı»
Hazırda Azərbaycanda çalışan əksər türk iş adamları kimi, Efruz bəyi də Azərbaycana təkcə biznes qurmaq istəyi deyil, həm də qardaş ölkəyə maraq və məhəbbət gətirmişdi. Hələ Azərbaycana gəlməzdən ölkəmizdəki prosesləri diqqətlə izləyən iş adamı hesab edirdi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı dağılmaqdan xilas edib: «1990-cı illərin əvvəllərində Azərbaycanda inanılmaz qarışıqlıq, inamsızlıq və ölkəni sarsıda biləcək vəziyyət yaranmışdı. Bu hal 1993-cı ilin ilk yarısınadək davam etdi. Həmin vaxt mən ölkənin parçalanacığından narahat oluraq üzülürdüm. Doğrudur, həmin vaxt mən bu ölkəyə investisiya yatırmamışdım, amma qardaş ölkədəki belə vəziyyətdən ürəyimiz parçalanırdı. Mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə isə, vəziyyət nəzarət altına düşdü. O ilk növbədə təhlükəsizlik və siyasi-iqtisadi sabitlik yaratmaqla faktiki olaraq ölkəni uçurumun kənarından qurtardı. Düşünmürəm ki, həmin vaxt Azərbaycanı ondan başqa kimsə xilas edə bilərdi. Yalnız ölkədə sabitlik və təhlükəsizlik bərpa ediləndən sonra, 1994-cü ildə dünyanın nəhəng neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. Üfüqdə Azərbaycana böyük faydalar gətirəcək Bakı-Tiflis-Ceyhan kəməri görünməyə başladı»-deyə E.Müdiroğlu 2007-ci ildə yazırdı.
Azərbaycana gəldikdən sonra isə işi adamı ölkəmizin təbiətinə və insanlarına vurulur: «Efruz bəy Azərbaycanın təbiəti, iqlimi barədə çox danışar xalqını çox ağıllı, istiqanlı hesab edirdi».
«Risksiz biznes qurulmaz»
«The Landmark» layihəsini işləyəndə dəmir pərdənin yıxılmağından sonra yaranan yeni iş və ticarət düzənində bir biznes mərkəzinin çox yerində və aranacaq bir yer ola biləcəyini düşünmüşdü. Efruz bəy deyirdi ki, risksiz biznes qurulmaz. Riskə getməkdən də qorxmazdı, cəsarətini, yaradıcılığını ortaya qoyub risk faktorunu yenərdi», İlker Nevzat xatırlayır.
Efruz Müdiroğlu həm də məsləhət verərmiş ki, işdən qorxmayın, qoyun, iş sizdən qorxsun. Məhz buna görə, son illərə qədər bu kompleksin idarəçiliyinə Efruz Müdüroğlu özü rəhbərlik edirdi. Amma 2013-cü ildən sonra onun səhhətindəki problemlər özünü göstərməyə başlayır. İşləməkdə çətinlik çəkən Efruz bəy, Bakıdakı işləri oğlu Eran Müdüroğluna və personala ötürür.
Ailə və övladlar
Efruz bəy həyat yoldaşı Beyhan xanımı həmişə xoş sözlər və sevgiylə yad edirdi: «Beyhan xanımla tanışlığımız ailələrimizin bir-birini çox yaxşı tanıması ilə başlamışdı, onunla ailə ziyarətlərində görüşürdük. Çox yaxşı bir həyat yoldaşı və ana idi»-deyə Efruz bəy yazırdı.
Bütün müasir iş adamları kimi, Efruz bəy də övladlarının təhsili və inkişafına böyük önəm verirdi. Onun qızı Seran Nyu-Yorkda yaşayır. London Universiteti və London İqtisad Məktəbini bitirdikdən sonra təhsilini Nyu-Yorkdakı Kolumbiya Universitetində magistr təhsili ilə davam etdirib. Əvvəlcə Dünya Bankında, sonra isə UNİCEF-də consultant kimi çalışır.
Oğlu Eran Nyu-York universitetində iqtisadiyyat üzrə təhsil alıb. Atasl ilə də Rusiya və Azərbaycanda bərabər işləyib, indi də Bakıdakı işlərini o, idarə edir.
Ailənin sonbeşiyi Oran isə London Universitetinin Kral Kollecində elektrik mühəndisliyini bitirir, sonra isə Kanada və Sankt-Fransiskoda kompüter proqramçılığı üzrə təhsil alıb. Hazırda tibbi sahədə çalışan şirkət sahibidir.