Noyabrın 25-də Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb.
FED.az xəbər verir ki, “Gömrük sistemində aparılan islahatlar, biznes əməkdaşlığı və perspektivlər” mövzusunda keçirilən görüşdə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva cari ilin iyulunda palata üzvləri ilə DGK-nın rəhbərliyi arasında keçirilən görüşün müsbət nəticələrindən, əməkdaşlığın gücləndirilməsi istiqamətində faydalı əməkdaşlıqdan danışıb.
Eləcə də bax: Fransızlar Azərbaycanda biznes qurmaq istəyirlər - NAZİRLİKDƏ GÖRÜŞ
Gömrük Komitəsində aparılan islahatlar nəticəsində əlverişli biznes mühitinin yaradıldığını qeyd edən T.Quliyeva bu işdə ticarət palatalarının da rolunu vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros DGK-nın iki ölkə, eyni zamanda, Avropa ilə iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində körpü rolu oynadığını söyləyib. Fransa və Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən səfir hər iki ölkənin kənd təsərrüfatı, nəqliyyat, enerji və digər sahələrdə birgə fəaliyyəti üçün potensialının yüksək olduğunu deyib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ketutis Yankauskas Aİ ilə Azərbaycanın mühüm ticarət tərəfdaşı olduqlarını və qarşılıqlı əməkdaşlığın güclənməsi ilə birgə ticarət dövriyyəsinin də artdığını diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycanda həyata keçirilən islahatları yaxından izlədiyini və biznesin inkişafına şərait yaradan yenilikləri dəstəklədiyini bildirən K.Yankauskas təmsil etdiyi qurumun da bu formatda görüşlər təşkil etdiyini və gömrük orqanlarının bu görüşlərə dəstək göstərdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi gömrük sistemində də həyata keçirilən innovativ islahatların ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına münbit şərait yaratdığını diqqətə çatdırıb. Cari ilin 10 ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin 750 milyon dollar olduğunu, ilin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatacağını bildirən komitə sədri qarşılıqlı ticarət münasibətlərin sürətlə inkişafını da islahatların nəticəsi kimi qiymətləndirib.
Vurğulayıb ki, DGK-nın əsas hədəfləri ticarətin asanlaşdırılması, qanunvericiliyin daha da təkmilləşdirilməsi, elektron ticarət xidmətlərinin sayının və keyfiyyətinin artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.
O qeyd edib ki, ticarətin asanlaşdırılmasında texniki vasitələrin alınması təmin edilib. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə keçid ilə gömrük orqanlarında şəffaflıq təmin olunub, vətəndaş məmur münasibətləri minimuma endirilib. Risklərin idarə edilməsi mərkəzinin istifadəyə verilməsi ilə yük və nəqliyyat vasitələrinin fiziki yoxlanışı cari ildə 70 faiz azalıb. Tezliklə informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi hesabına mobil gömrük həllərinin reallaşdırılmasına başlanılacaq.
Gömrükdə qaçaqmalçılıqla mübarizədən danışan komitə sədri qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin, narkotik vasitə və psixotrop maddələrin ölkədə istifadəsi və tranzit aparılmasının qarşısını almaq üçün ciddi addımlar atıldığını deyib. Bildirib ki, son iki ildə gömrük orqanları tərəfindən 2 ton narkotik və psixotrop maddə aşkarlanıb. Həmçinin cari ildə də rüşvətxorluqla mübarizə aparılıb, korrupsiyaya qarşı tədbirlər görülüb.
İslahatlar dövründə kölgə iqtisadiyyatının, haqsız rəqabət mühitinin aradan qaldırılması hesabına gömrük orqanları tərəfindən 2 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçülüməsinin təmin edildiyini, təmsilçilik institutunun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələrin tətbiq olunduğunu bildirən S.Mehdiyev, eyni zamanda, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi istiqamətində görülən işlərdən və bu sistemin faydalarından danışıb.
Sonda sahibkarların sual və təklifləri dinlənilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərtac