Bakı şəhər icra hakimiyyəti paytaxtda fəaliyyət göstənən sahibkarlara olduqca xoşagəlməz sürpriz hazırlayıb.
FED.az xəbər verir ki, icra hkimiyyəti iş adamlarından obyektlərinin qarşısındakı əraziləri yaşıllaşdırmağı və abadlaşdırmağı tələb edir. Əks halda bunu etməyənlərin adları «paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalanlar» kimi ictimaiyyətə açıqlanacaq. Bir az qabağa gedərək bildirək ki, şəhər meriyasının bu hərəkəti tamamilə qanunsuz olmaqla yanaşı, ölkə rəhbərliyinin Azərbaycanda biznesin inkişafı ilə bağlı son mesajlarına tamamilə ziddir.
Eləcə də bax: Vergilər Nazirliyi Bakı İcra Hakimiyyətini – MƏHKƏMƏYƏ VERİB
Bakı icra hakimiyyətinin sahibkarlarlarla «abadlaşdırma dialoqu» bir neçə həftə başlayıb.
Ötən ay Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə “Yaşıl guşələr”in yaradılması və qorunması üçün Sərəncam imzalanmışdır.
Sərəncamın mətni açıqlanmasa da, meriyanın yaydığı məlumata görə, bu sənəddə sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə tövsiyyə edilib ki, yol kənarları, idarə, müəsisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında “Yaşıl guşələr” yaradılsın.
Meriya mövqeyini əsaslandırmaq üçün dünya təcrübəsini, bu sahədə uğur qazanmış şəhərlərin təcrübəsini də misal göstərirdi: «Təcrübə göstərir ki, bu işə iş adamları, müəssisə rəhəbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur»-deyə məlumatda bildirilirdi.
Bununla yanaşı, həmin vaxt meriyadan FED.az biznes portalına bildirilib ki, sərəncamdakı tövsiyə yalnız çağırış xarakterlidir, icbari xarakter daşımır və bu çağırışa qoşulmayan iş adamlarını heç bir cəza, cərimə gözləmir.
İndi isə meriya bəyan edir ki, bu prosesə qoşulanlarla yanaşı, qoşulmayan iş adamları da var. Buna görə də «Yaşıl Bakı» təşəbbüs qrupu (yeri gəlmişkən, bu qrupun adından məlumatlar meriya vasitəsilə yayılır) bəyan edib ki, belə sahibkarların (yəni obyektinin qarşısında yaşıllıq yaratmayanların) adları açıqlanacaq və onlar ictimai qınaq hədəfinə çevriləcəklər: «Təəssüflər olsun ki, bu işlərə biganə qalanlarda oldu. «Yaşıl Bakı» təşəbbüs qrupunun verdiyi məlumata görə bəzi iri obyektlər tərəfindən bu işlərə çox etinadsız və səhlənkar yanaşıldı. Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinadsız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər».
Məsələni FED.az-a şərh edən hüquqşünasların sözlərinə görə, bu açıqlama və belə hədələrin bi radı var – hüquqi nihilizm.
Faktiki olaraq dövlət qurumu hansısa qondarma, heç bir kontaktı olmayan bir qurumun adı ilə iş adamlarını şantaj edərək onlardan, əslində dövlət büdəsindən vəsait ayrılan işləri görməyi tələb edir.
Ölkə qanunvericiliyi sahibkrların və iş adamlarının üzərinə yalnız bir neçə mühüm vəzifə qoyur, qanunu pozmamaq, partnyorlarını və istehlakçıları aldatmamaq, onların hüquqlarını pozmamaq və vergiləri tam həcmdə vaxtında ödəmək. Bu vəzifələrin arasında obyektin qarşısındakı ərazilərin yaşıllaşdırılması kimi, absurd vəzifələr yoxdur.
Bakı meriyası faktiki olaraq bu davranışı ilə öz vəzifəsini özəl sektorun boynuna yükləmək istəyir.
Meriyanın bu açıqlaması 2019-cu ilin 9 ayının nəticələrinə həsr olunan oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə prezident İlham Əliyevin açıqlamalarına da ziddir.
İclasda dövlət başçısı iş adamlarınlan vergiləri tam həcmdə və vaxtında ödəməyi tələb etməklə yanaşı, bəyan edib ki, onlar vergidən əlavə heç bir əlavə ödəniş etməməlidirlər.
«Sahibkarlar bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər»-deyə prezident bildirib.
Başqa sözlə, bütün digər işlər məhz sahibkarların ödədiyi vergilərin toplandığı büdcə vəsaitləri hesabına həyata keçirilir. Əlbəttə sahibkarların hansısa təşəbbüslərə və çağırışlara qoşulması yaxşı haldır və təqdir olunmalıdır. Amma bunun məcburi şəkildə və «adları açıqlanacaq və ictimai qınaq hədəfinə çevriləcəklər» iddiası ilə faktiki şantaja çevirmək yolverilməzdir.