“Azərbaycanda işləməyə imkan yoxdur, Gürcüstanda biznes açıram”, son bir neçə ildə bizneslə məşğul olan azərbaycanlılardan bu sözləri təkrar-təkrar eşidirik. Yerli şirkətlərin kapital qoyuluşu 3.3 milyarddan 612 milyona düşdüyü halda, bu ilin 9 ayında azərbaycanlılar Gürcüstana 378,3 mln. dollar investisiya yatırıblar. Sual yaranır: NİYƏ?!
Yerli şirkətlərin kapital qoyuluşunda U dönüşü
Məlumdur ki, ölkə əhalisinin gəlirlərinin artmasında neft dollarlarının rolu az deyil. Neftin qiymətinin sürətli çökməsindən sonra isə büdcənin doldurulmasında verginin yükü artdı. Bu isə sahibkarların qanundan kənar vergiyə cəlb olunmalarına, müdaxilələrin artmasına rəvac verdi. Əvvəlki kimi pulu asanlıqla qazanmayan sahibkar isə bu vəziyyətdən bezərək, vəsaitini xaricə köçürməyə və Azərbaycandakı biznesini bağlamağa başladı. Nəticədə yerli şirkətlərin kapital qoyuluşu U dönüşündə dib həddi yaxaladı.
Yanvar-oktyabr ayları üzrə rəqəmlər göstərir ki, yerli müəssisə və təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlərin son 3 ildə aşağıdakı kimi dəyişməsi baş verib:
2015-ci ildə 3 milyard 340 milyon 300 min dollar;
2016-cı ildə 729 milyon 600 min dollar;
2017-ci ildə 612 milyon 500 min dollar.
Beləliklə, 2 il bundan əvvəl ölkə iqtisadiyyatına 3,3 milyard dollardan çox yatırım edən yerli müəssisə və təşkilatlar kapital yatırımını bu il 5,5 dəfə azaldıb.
“Xaricilərin siyahısı”nda azərbaycanlıların liderliyi
Halbuki, 2017-ci ilin təkcə üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 mln. dollar investisiya yatırıb. Azərbaycandan olan investisiyaların payı Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmində 25,9% təşkil edərək, “xaricilərin siyahısı”nın lideri olub.
Cari ilin üçüncü rübündə Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 594,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 mlrd. 346,5 mln. dollar xarici investisiya qoyulub. Bu il Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatırmış ölkələr Türkiyə (259,2 mln. dollar) və Böyük Britaniyadır (175 mln. dollar).
Pullar geri qayıtmır
Bu ilin noyabr ayında Azərbaycandan Gürcüstana 1,6 mln. dollar köçürülüb. Bu xəbər də ərazi baxımından yaxınlıqda yerləşən qonşumuzun azərbaycanlı iş adamları üçün daha cazibədar olduğunu göstərir. Gürcüstanın Milli Bankı xəbər verir ki, bu məbləğ oktyabr ayı ilə müqayisədə 22,7% çoxdur. Cari ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 14,123 mln. dollar köçürülüb.
Gürcüstandan Azərbaycana pul köçürmələrində isə əksinə azalma qeydə alınıb. Noyabr ayında qonşu ölkədən Azərbaycana cəmi 908 min dollar köçürülüb ki, bu da oktyabr ayı ilə müqayisədə düz 81% azdır. Bu isə onu göstərir ki, azərbaycanlılar bu ölkədə qazandıqları pulları da Azərbaycana köçürməkdən vaz keçiblər.
Niyə Gürcüstan?! – Səbəblər
Məqalənin əvvəlində qoyduğumuz suala bu yaxınlarda Gürcüstanda biznes quran azərbaycanlı iş adamı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. Məlum oldu ki, Gürcüstan hökuməti bizim biznesmenlərə xüsusi həsaslıqla yanaşır. Belə ki, investisiya qoymaq, iş açmaq üçün maraq nümayiş etdirmək kifayətdir. Burada azərbaycanlılar üçün elə Azərbaycan dilində hazır blank formaları, şərtlər, qanunvericiliyin tələbləri belə var. Bu adi detallardır. Ümumilikdə sistematik fərqlər isə daha dərindir. Xarici investor üçün daha önəmli hesab edilən münbit şəraiti səciyyələndirən səbəblər isə bunlardır:
1. Gürcustanda məhəmə-hüquq sistemi xarici sahibkarların hüquqlarını daha yaxşı qoruyur. Hüquq sistemində boşluqlar yoxdur. Azərbaycanda isə investorlar bu sahədə islahatların gərəkli olduğunu hesab edirlər.
2. Bir neçə azad iqtisadi zonaya malikdir. Azərbaycanda belə bir iqtisadi zona yoxdur.
3. Azad İqtisadi Zonada Gürcüstan Konstitusiyasına olunan dəyişikliklərə görə beynəlxalq hüquq keçərlidir. Buradakı mübahisələrə İngiltərə İqtisad Məhkəməsi baxır. Azərbaycanda biznes mübahisələri yerli arbitraj məhkəmələrdə çözülür, bu isə xarici investor üçün qorxu faktorudur.
4. Gürcüstanda vergi yoxlamaları daha şəffafdır. Bunu Azərbaycan haqqında əminliklə demək olmaz.
5. Gürcüstanda şirkətlərin şəffaf tenderdə udmaq şansı daha çoxdur. Çünki Gürcüstanda həyata keçirilən layihələrin çoxu dövlət layihələri deyil. Bu layihələri xarici şirkətlər, beynəlxalq təşkilatlar maliyyələşdirir. Bu zaman təbii ki, ən ucuz və ən keyfiyyətli tender şərtlərini seçirlər.
Ərəb pulları niyə Azərbaycandan yan keçir?
Azərbaycanlı biznesmen bu yaxınlarda dünyanın ən böyük bankı olan, dövriyyəsi 97 milyard dolları ötən Goldman Sachs-ın ərəb əsilli nümayəndəsi ilə Azərbaycanın biznes mühiti haqqında çox maraqlı fikirlərinə də toxundu: “Bu bankın ərəb əsilli nümayəndəsi Əhməd İsmayıl ölkəmizə gəlmişdi və onunla görüşümüz oldu. Dedi ki, Azərbaycanı çox sevirik və burada Ərəb Ticarət Palatası ilə görüşdük. Soruşduq ki, niyə Ərəb Ticarət Palatası indiyədək Azərbaycanda ciddi bir investisiya yatırımı etməyib? Ərəb pulları, Yaxın Şərq investisiyaları niyə burda yoxdur. Aldığımız cavab belə oldu ki, hüquq sistemində kifayət qədər islahat aparılmayıb”.
Beləliklə, investorlar Azərbaycanda məhkəmə sistemini azad və ədalətli saymır. Ona görə də ancaq dövlət səviyyəsində, xüsusəndə transmilli şirkətlər ölkəmizdə sərmayə qoya bilir. Orta və ya hər hansı fərdi investor isə bu mühiti əlverişli hesab etmir.
P.S. Son vaxtlar ölkədə aparılan köklü dəyişiklik və islahatlar görünür, məhz bu yanaşmanın ölkəmizin xeyrinə dəyişməsinə hədəflənib. Sonda Deloitte-Azərbaycanın rəhbəri Nuran Kərimovun sahibkarların toplantısında səsləndirdiyi bir fikrini xatırlatmaq istərdik: “Xahiş edirik, təpkilərə, çətinliklərə baxmayaraq, bu ishalatları davam etdirəsiniz”.
İnsider©
Azərbaycanlı biznesmenlər niyə Gürcüstanı seçir: SƏBƏBLƏR
16:14
19 Dek 2017