Azərbaycanın investorların və iş adamlarının, eləcə də, bəlkə də iş adamlarının çoxdan gözlədiyi tarixi hadisə baş verib.
FED.az xəbər verir ki, mayın 22-də (bu gün) Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.
Eləcə də bax: Ələt azad iqtisadi zonası yaradılıb – FƏRMAN
Fərmana əsaəsən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.
Nazirlər Kabineti yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görəcək. Torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
İndiyədək bu qurumla bağlı işçi qrupuna rəhbərlik etmiş Valeh Ələsgərovv isə dövlət başçısının bugünkü sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.
Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etməlidir.
Qeyd edək ki, Ələt azad iqtisadi zonasında münasibətlər hələ 2018-ci ilin iyununda qüvvəy minmiş qannula tənzimlənir.
Bu qanun Ələtdə yaradılacaq azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və
idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Yeni qanuna əsasən, azad iqtisadi zonada biznes üçün Azərbaycanın digər əraziləindən fərqli şərait yaradılacaq. Burada heç bir vergi və gömrük rüsumları olmayacaq, lisenziyalaşma, bütün xidmətlər və biznesə nəzarət daxili qaydalarla tənzimlənəcək.
Ən əsası, bu ərazidəki mübahisələri Azərbaycanın iqtisadi məhkəmələri deyil, elə daxildəki qurumlar həll edəcəklər.
Qanuna görə, azad iqtisadi zonanı bunun üçün yaradılan xüsusi bir qurum - Azad Zona səlahiyyətli qurumu (AZSQ) idarə edəcək. AZSQ Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur.
Azad iqtisadi zonada yaradılan şəraiti biznes üçün əsl cənnət hesab etmək olar.
Belə ki, Azad Zonada Azərbaycanın qanunvericiliyi deyil, Azad Zona qanunvericiliyi tətbiq edilir.Əgər bu iki qanunvericilik arasında ziddiyyət yaransa, Azad Zona qanunvericiliyi tətbiq edilir.
Başqa sözlə bu ərazidə Azərbaycanın ənənəvi qanunvericiliyindən yalnız cinayət qanunvericiliyi tətbiqedilir. Digər normatv sənədlərin isə burada hüquqi qüvəsi yoxdur.
Qanuna görə, ərazi bütünlüklə Azad Zona səlahiyyətli qurumu tərəfindən idarə ediləcək. Bunun üçün adı çəkilən qurum zonada daxili qaydalar tətbiq edəcək və zona bütünlüklə bu qaydalara əsasən idarə olunacaq. Qanuna görə, həmin qaydalar beynəlxalq təcrübəyə və standartlara uyğun hazırlanmalıdır. Zonada fəaliyət göstərən bütün şəxslərin bu qaydalara əməl etməsi məcburi olacaq. Qaydalar aşağıdakı məsələlərə aid olacaq.
Bu ərazidə Azərbaycanın heç dövlət orqanlarının yuridiksiyası yoxdur, yəni dövlət qurumları heç bir tənzimləmə və ya nəzarət hüququna malik deyillər.
1. Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti;
2. maliyyə və sığorta xidmətləri;
3. torpaq münasibətləri;
4. gömrük işi;
5. əmək münasibətləri;
6. miqrasiya;
7. vergi tənzimlənməsi;
8. valyuta əməliyyatları aparmaq azadlığı;
9. müflisləşmə və iflas;
10. notariat fəaliyyəti;
11. əqli mülkiyyət;
12. ətraf mühit;
13. rəqabət;
14. mənşə sertifikatları;
15. mübahisələrin həlli;
16. çirkli pulların yuyulması və "öz müştərini tanı" yoxlaması;
17. zəruri hesab etdiyi digər sahələr.
Azad İqtisadi Zonada lisenziya və icazə qadalarını Azad Zona səlahiyyətli qurumu müəyyən edir və ona əməl olunmasına nəzarət edir.
Azad Zonada vergi tənzimlənməsi
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
Azad Zonada gömrük işi
Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.
Azad Zona ərazisi
Müvafiq icra hakimiyyəti orqanı Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.
Azad Zonada investorların hüquqlarının qorunması
Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.
İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.
İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır.
Azad Zonada mübahisələrin həlli
Azərbaycanda bütün biznes qurumlarının və iş adamlarının arzuladığı hüquqi «cənnət» və yeniliklər «bombası» məhz bu hissədədir. Qanuna görə, Azad Zona səlahiyyətli qurumu buradakı mübahisələrin həlli üçün aşağıdakılardan bir və ya bir neçəsinin yaradılmasını təmin edir:
1. Arbitraj mərkəzi;
2. mübahisələrin digər həlli qurumu.
Burada mübahisələrin araşdırılması və həlli qaydaları da Azad zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilir.
Bu ərazidə Azərbayan məhkəmələri işləməyəcək.
Qanuna görə, tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, bu ərazidəi bütün mübahisələrə üstünlük hüququ yerli mübahisələrin həlli qurumlarında olacaq.
Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, Azərbaycanın məhkəmələri burada göstərilən mübahsələri araşdırmaq hüququna malik deyillər.
Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə Azərbaycan məhkəmə orqanları baxa bilməz. Yerli mübahisə orqanlarının qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apellyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.
Mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir.
Bu ərazidə Azərbaycan məhkəmələrinin yalnız o qərarları icra edilir ki, onlar Azad zonanın mübahisələrin həlli qurumlarının səlaiyyətlərinə aid olmasın.
Xarici məhkəmə, tribunal və ya digər məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır. Bu qərarlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, beynəlxalq müqavilələr olmadıqda isə Azad Zona səlahiyyətli qurumunun qərarı ilə icra olunur.
Məsuliyyətin məhdudlaşdırılması
Saxtakarlıq, kobud ehtiyatsızlıq və ya qəsdən pozuntu halları istisna olmaqla, öz hüquqlarını, vəzifələrini və məsuliyyət dairəsinə daxil olan işləri həyata keçirərkən və ya Azad Zona qanunvericiliyinin tətbiqi ilə əlaqədar olaraq, Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin işçiləri hər hansı hərəkətə və ya hərəkətsizliyə görə məsuliyyət daşımırlar.
Azad Zonanın işçi dili
Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi ingilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.