Bu il oktyabrın 1-nə Azərbaycanda 1 301 903 vergi ödəyicisi olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata görə, bunun 1 143 366-sı və yaxud 87,8 %-i fiziki şəxs, 158 537-si və yaxud 12,2 %-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5% artıb ki, bu artımın 91%-i fiziki şəxslərin, 9 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8%). Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. təşkilati-hüquqi formasındadır.
Yanvar-sentyabr aylarında 8 628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7 % çoxdur. Həmin qurumların 82,9%-i elektron qaydada, 17,1%-i isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,5% təşkil edib.
Cari ilin sentyabr ayında 1 146 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 36,9% çoxdur. Ay ərzində dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 960-ı elektron qaydada, 186-sı isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.
2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçmiş kommersiya qurumundan 91%-i yerli investisiyalı, 9%-i xarici investisiyalı qurumlardır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 36,3% artıb. Oktyabrın 1-nə 16.499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 11 076-nın fəaliyyəti aktiv olub, 4 544-nün fəaliyyəti dayandırılıb, 879-u isə ləğv edilib.
2021-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı hüquqi şəxslərin 35,7%-i Türkiyə, 14,3%-i İran, 11,6%-i Gürcüstan, 5,4%-i Pakistan, 4,5%-i Çin, 3,6%-i Şri-Lanka və 2,7%-i Rusiya investisiyalı vergi ödəyiciləridir.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ilin yanvar-sentyabr aylarında 1 366 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,8% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 15,8%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,7% təşkil edib.
Sentyabrın sonuna 302 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.