Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Sumqayıt Kimya Sənaye Parkında yeni şirkətə - “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.
Qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa ediləcək - 7 MİLYON MANATLIQ LAYİHƏ
FED.az-ın məlumatına görə, sözügedən şirkət parkda 1,5 hektar ərazidə «Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri» layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.
«4MAPS Bilgi Teknolojileri» MMC-nin təsisçisi Abdullah Demirtaş FED.az-a bildirib ki, mərkəzin əsas fəaliyyəti3D və 4D xəritələrinin yaradılmasıdır: «Coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələri hazırlanması xidmətləri ilə yanaşı, mərkəzin daxilində proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması üzrə də xidmətlər göstərməyi nəzərdə tuturuq».
Mərkəzin işə düşməsi 750 nəfərlik yeni iş yerinin yaradılmasına imkan verəcək: «Tədqiqat, naviqasiya xidməti göstərən mərkəzi bu parkın inşası həm də 750 yeni iş yerinin açılması deməkdir. Ona görə bizə proqramçılar, coğrafiyaçılar, xəritə mühəndisləri, yəni mühəndis qrupları lazım olacaq».
Yeni mərkəz 6 min nəfərlik 6 mərtəbəli binadan ibarət olacaq: «Düşünürük ki, ilk 3 mərtəbəsini texnoparkda işləyən, amma ofisi olmayan kiçik şirkətlərə verək. 4-cü mərtəbəsini isə tamamilə özümüz üçün istifadə edəcəyik».
O, burada 1 restoran, 1 çay evi, kafe, gündəlik ehtiyacları qarşılamaq üçün kserekopiya, foto xidmətləri göstərən obyektlərin də olacağını deyib: «Mərkəzin inşasına təqribən 18-22 ay ayrılıb, amma daha tez başa çata bilər. Bina tamamilə «ağıllı» olacaq, yəni özünü enerji ilə təmin edəcək».
Qeyd edək ki, «4MAPS Bilgi Teknolojileri» MMC-nin rəqəmsal xəritə və məkan məlumatları şirkətidir. Abdullah Demirtaş FED.az-a bildirib ki, onun əsas sifarişçiləri «HERE Global B.V.» şirkəti, «Yandex», «Apple», digər özəl və dövlət qurumları olacaq.
Yəni bu qurumlar, o cümlədən «Apple» və «Yandex» şirkətləri üçün xaritələri yeni mərkəz hazırlayacaq. Elə indi də «4MAPS Bilgi Teknolojileri» MMC «Yandex» şirkətinin Azərbaycan üzrə məlumat təchizatçısıdır, yəni «Yandex Map» xəritəsi üçün Azərbaycanın məlumatlarını bu şirkət toplayır.
Layihə əsasında türk respublikalarının, Balkan ölkələrinin, MDB ölkələri, ümumiyyətlə SSRİ-dən ayrılmış bütün ölkələrin rəqəmsal xəritələri Azərbaycandakı mərkəzdə istehsal ediləcək. Məsələn, hazırda bu istiqamətdə Qazaxıstanda işlər aparılır: «İnşaat bitəndən sonra biz tədqiqat-inkişaf mərkəzi olaraq çox işlər görmək istəyirik. Düşünürəm ki, buna gücümüz var. Əsas hədəfimiz tədqiqat sahəsində diqqəti Azərbaycana çəkməkdir».
Qeyd edək ki, rəqəmsal xətirələrin yaradılması və onun dünyanın məşhur platformalarında yerləşdirilməsi Azərbaycan üçün təkcə biznes məsələsi deyil. Söhbət ölkə ərazilərində, o cümlədən vaxti ilə ermənilən işğalına məruz qalan ərazilərdəki coğrafi adların erməni dilindən təmizlənməsindən və o adların Azərbaycan versiyalarının tətbiqindən gedir. Abdullah Demirtaş FED.az-a bildirib ki, o indiyədək də bu işlə məşğul olub: «Biz indiyə kimi Azərbaycan üçün könüllü işlər də görmüşük. Qarabağ müharibəsində Qarabağ regionu üzrə xəritə dəyişikliklərini - data məlumatlarını qəbul etmişik. Yəni ən müasir Qarabağ xəritə məlumatlarını əldə etmək imkanı yaratmışıq. Bu dəyişiklikləri dövlətə təmənnasız etdik. Çünki savaş həm də rəqəmsal dünyada da gedir. Biz də əlimizdən gələni etdik».
Qeyd edək ki, «4Maps İnformasiya Texnologiyaları» MMC Əmlak Məsələləri Dövlət Xidməti ilə də əməkdaşlıq edir. Şirkət Qarabağ Xəritə Məlumatlarının “HERE” xəritə məlumatlarına inteqrasiyasını təmənnasız həyata keçirir.
İş adamının sözlərinə görə, beləliklə mərkəz təkcə Azərbaycanın deyil, Orta Asiyadan tutmuş Balkanlaradək böyük bir ərazinin rəqəmsal xəritələrinin hazırlanması ilə məşğul olacaq.
Belə böyük mərkəz üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Abdullah Demirtaş qeyd edib ki, Azərbaycandakı iqtisadi sabitlik, həmçinin sənaye parklarında şirkətlərə, vergi və gömrük güzəştlərinin verilməsi buranı biznes üçün cəlbedici edib: «Bu səbəbdən də Azərbaycanda şirkətimiz Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək».
«Azərbaycanın daxil olduğu coğrafiyada proqramlaşdırma, dəstək, rəqəmsallaşdırma, çağrı mərkəzi xidmətləri üzrə xidmətlər göstərən mərkəz yoxdur. Biz də Azərbaycanı Hindistana bənzər rəqəmsal məhsulların formalaşdırılması və satışı mərkəzinə çevirməyi qarşımıza məqsəd qoymuşuq. İlk hədəf 750 iş yeri açmaqdır, növbəti mərhələdə işçilərin sayını 1500-ə çatdırmağı planlaşdırırıq».
İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, Parkın rezidentlərinin sayı 26-ya çatıb.