“Caspian Energy Club”un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov və Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forumu çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Bu barədə FED.az-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov 2 saatdan çox davam edən Online B2G Forum iştirakçılarını salamlayaraq bildirib ki, “Karantin dövründə dövlət sektorunda 900 min işçidən təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib: “Özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısı alınıb. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib”.
Fuad Heydərov bildirib ki, bu il məşğulluğun qorunması ilə yanaşı, xüsusən də əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etməsi və bu artımın böyük əksəriyyətinin özəl sektora aid olması müsbət sosial-iqtisadi məqamlardan biri oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində özəl sektor tərəfindən daxil edilən əmək müqavilələri bildirişlərinin sayında 120 minə yaxın (19%) artım olub. Əməkhaqqı fondu isə 8% artıb (o cümlədən dövlət sektoru üzrə 3,5%, özəl sektor üzrə 13 %).
“Bu, eyni zamanda, ölkədə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarların əhəmiyyətli rolunu göstərir və ona görə də bu sahədə onlardan gözləntilər çoxdur”-deyə o bildirib.
Görüşdə çıxış edən Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov isə qeyd edib ki, Əmək Məcəlləsində ciddi dəyişikliklər edilməsi haqqında yeni Qanun layihəsi hazırlanıb: “Bu Layihə həm beynəlxalq təcrübəni, həm yerli təcrübəni, qanunvericilikdə boşluqların aradan qaldırılmasını, dispozitiv və imperativ norma və qaydalara dəqiqlik gətirilməsini ehtiva edir. Layihə Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada da müzakirə edilmişdir. Layihədə bir sıra məsələlər ilə yanaşı Əmək Məcəlləsinə “distant (məsafədən) iş”, “teleiş” anlayışlarının əlavə edilməsi və bununla əlaqədar digər maddələrin tənzimlənməsi məsələsinə də baxılır. Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə dövründə fəaliyyətinə icazə verilməyən sahələrdə əmək fəaliyyətinin “distant (məsafədən) iş” və ya “teleiş” formasında təşkil edilməsi işəgötürənlərə tövsiyə edilmişdir.
Hərbi vəziyyətlə əlaqədar olaraq işçilər hərbi toplanışa və ya hərbi xidmətə çağırıldıqda işçilərin təminatları barədə Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında bir sıra normalar nəzərdə tutulmuşdur ki, işəgötürənlər tərəfindən bu normalara riayət edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra F.Heydərov və Ə.Məhərrəmov Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisi Fuad Heydərova və Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmova minnətdarlığını bildirib.
Telman Əliyev Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə daimi ikitərəfli işçi qrupun yaradılması ilə bağlı təklif irəli sürüb və bildirib ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri dövlət xidməti ilə müzakirə etməyə və operativ cavab verməyə imkan verəcək.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Tədbirin sonunda Caspian Energy Clubun sədri Telman Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirərək dəstək olmaqlarını həmçinin şəhid ailələrinə, orduda döyüşən əskər və zabit ailələrinə imkan dairəsində maliyyə dəstəyi göstərməklərini xahiş edib.
Şirkətlərə müraciət edərək T.Əliyev bir daha vurğuladı ki, “Bütün xarici partnyor və tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır. Azərbaycan həqiqətlərin dünyaya çatdırmalıyıq.