FED.az biznes portalı Report.az-a istinadən peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayevin şirkətlərdə idarəetmə haqda məqaləsini təqdim edir:
Eləcə də bax: Nəhayət ki, mən bir - İŞ TAPDIM...
Böyük bir biznes təsəvvür edin.
Sahibkar ötən əsrin 90-cı illərində biznesə başlayır. Müxtəlif çətinliklərlə, əziyyətlə, əzmkarlıqla şirkəti böyüdür, miqyasını artırır. Ancaq özü və yanında olan iki nəfərlə başlayan biznesin bu gün artıq bir neçə min əməkdaşı və çox sayda şirkətləri var.
Şirkətlər fərqli istiqamətlərdə fəaliyyət göstərir, xaricdən məhsullar və xam maddə gəlir, mağazalar açılır, şəbəkə qurulur, müasir reklam və marketinq tədbirləri görülür, lakin mərkəzi idarəçi şirkətdə üst rəhbərlərin maraqları toqquşmağa başlayır. 10 il öncə ancaq sahibkarın əzmkarlığı və iradə gücü ilə şirkət idarə edilə bilərdi – amma böyüyən həcmli işdə bu mümkün deyil.
Buna mühüm bir əlavə daha var – müştəri davranışlarında son illərdə müşahidə edilən dəyişiklik. Bu gün Azərbacan müştərisi artıq daha rasional qərar verən, öz haqlarını bilən, məhsul və ya xidmət barədə bəzən satıcıdan daha çox məlumatlı olan bir insandır. O, ancaq qiymətə və ya məhsula baxmır - o, həm də xidmət keyfiyyətinin yüksək olmasını gözləyir.
İllərlə bütün mövzularda şəxsən qərar verməyə öyrəşmiş insan artıq öncəki kimi hər şeyi çatdırmır və qalır ciddi yol ayrcında – bütün işlərə müdaxilə edəndə əsas və strateji işlər diqqətdən kənarda qalır. Böyük layihələrə ayrılanda isə artıq yerlərdə doğru qərarlar alacaq adamlar olmur. Buna “qurucu-sahibkar tələsi” deyirlər – şirkət sahibkarın şəxsinin tələsinə düşür və artıq irəli getməkdə çətinlik çəkir.
Şirkətlərə müasir bazar tələbələrinə cavab verən xüsusiyyətlərdə rəhbərlər və peşəkarlar lazımdır – amma bu adamları ancaq maaşla cəlb etmək olmur, onlara əlavə cəlbedici məqamlar və doğru şərait də təmin edilməlidir. Bu insanların iş rejimindən danışıq tərzi və qərarlara münasibətinə qədər hər şey fərqlidir. Onlarla işləmək belə ayrı bir bilik tələb edir.
Bir zamanlar insanları işə götürərkən və rəhbər təyin edərkən ən öndə olan meyar “etibar” idi – bu gün isə illərlə şirkətdə işləyən etibarlı insanların bilikləri və müasir təcrübələri artıq şirkəti nəinki yerində tutmağa belə yetərli deyil, onlar şirkəti artıq geri çəkirlər.
Yaş isə irəliləyir. Sahibkar yaşlandıqca enerjisi azalır, illərlə gərgin iş rejimində işlədiyinə görə səhhətində problemlər başlayır, amma işdən yarım günlük belə ayrılanda, telefonu zənglərlə dolur. Cavab verməyəndə isə iş durur – sahibkar tələbi budur. Artıq sağlamlığa ciddi diqqət və zaman ayırmaq vaxtıdır.
Övladları böyüyür, amma kimisi atasının biznesini davam etmək istəmir, kimisi də böyük biznesi idarə edəcək bacarıqda və bilikdə deyil. Varislik problemi haqda öncəki məqalələrimdən birində yazmışdım və bu, bu gün bir çox böyük sahibkarı düşündürən məsələdir. Sahibkar anlayır ki, şəxsən özü işin üzərində durmasa, ətrafında olan insanlar bilərək və ya bilməyərək biznesə zərər verəcəklər və övladının bilik və psixoloji gücü bunun qarşısını almaq üçün yetərli olmayacaq.
Şirkətin qurucusu və sahibkarı özüdür, amma özünü sahibkar kimi bir gün belə hiss etmir, çünki bütün zamanı şirkətlərin, insanların, proseslərin idarəçiliyində keçir.
Şirkətin fəaliyyətlərini artıq böyütmək və xaricdə işə başlamaq istəyən sahibkar sürprizlə qarşılaşır - xaricilərlə işləmək üçün hazır deyil.
Öncəki dövrdə verdiyi qərarların əksəriyyətinin doğru olması ona mənəvi güc verirdi, amma son bir neçə ildə artıq ciddi qərar vermə sıxıntısı yaşayır və yeni şərtlərdə bilik və təcrübələrinin yetərsiz olduğunu görür.
Və bütün bunları yaşayan sahibkar bəzi vacib məsələləri fərqli görməyə və dəyərləndirməyə başlayır.
O anlayır ki,
- şirkətdə artıq özü işləməli deyil;
- şirkətə müasir biliklərə və təcrübələrə malik insanlar cəlb edilməlidir;
- şirkətdə elə sistem qurulmaldır ki, iş insanların şəxslərinə bağlı olmasın;
- şirkətin uzun müddətli və davamlı sabitliyi əhəmiyyətlidir;
- şəxsən özünün verdiyi qərarlar irəli getmək üçün artıq yetərli deyil;
- sahibkarlıq və idarəçiliyin biri-birindən fərqlənən fəaliyyətlər olduğunu və öhdəlik və vəzifələrdən ibarət olduğunu anlayır.
Əslində bütün bu problemləri çözümü var. Tək bir çözümü var.
Türkiyədə ali təhsil alarkən, böyük şirkətlərdə diqqətimi daim istifadə edilən bir söz vardı “kurumsallaşma”.
İngiliscədə Corporate Governance bilinən bu sistemin əsas mahiyyəti və tərkib hissələri bunlardır:
- biznesin mülkiyyəti və sahibkarlıq haqqı sahiblərinə - investorlarına aiddir;
- şirkətin idarəçiliyi peşəkarlara etibar edilir;
- vacib prinsiplərə əsaslanan bu sistemin onurğa sütunu ŞƏFFAFLIQ prinsipidir.
İdarəçilikdə dərin bilikləri olmayan şirkət sahiblərinə təcrübə baxımından ciddi dəstəyin verilməsi üçün şirkətdə Direktorlar Şurası təşkil edilir və ora uzun illər boyunca praktiki təcrübəsi və dərin müasir bilikləri olan tanınmış peşəkarlar cəlb olunur.
Korporativ idarə etmə sistemi olan şirkətlərin əsas üstünlükləri kimi bunları qeyd etmək olar:
- Şirkətdə sahibkarlıq və idarəçilik funksiya, öhdəlik və məsuliyyətləri dəqiq ayrılmış olur;
- Ancaq bu, o demək deyil ki, sahibkar idarəçilidən uzaqlaşmış olur, tam əksinə, peşəkarlar onun qarşısında məsuliyyət daşıyır və daim hesabat verir;
- Şirkətin fəaliyyəti artıq işçilərə, əməkdaş və mütəxəssislərlə deyil, sistemlə bağlı olur;
- Şirkətin fəaliyyətləri tam şəffaf olduğuna görə, firma ən güclü qoruma olan qanunların mühafizəsi altında olur;
- Xaricdən investisiya cəlb edilməsi zamanı investorlar tərəfindən diqqət edilən ən vacib ünsur bu sistemin olmasıdır, çünki investorların düşüncələrinə görə korporativ idarəetmə sistemi idarəçilərin dəqiqliyi, dürüstlüyünü və şəffaflığını təmin edir.
Bu gün artıq böyüməkdə olan orta və böyükmiqyaslı Azərbaycan şirkətlərinin idarəetmədə yeni keyfiyyət səviyyəsinə keçmə zamanı gəldi – peşəkarlar cəlb ediləcək, fəaliyyət tam şəffaf və qanunlara görə olacaq
Dəyərli sahibkarlar!
Artıq illərdir üzərində işlədiyiniz və qurduğunuz biznesin sağlamlaşdırılması, Sizlərin isə həyatın dadını çıxarma zamanı gəldi!