Azərbaycan bazarında marketlər şəbəkəsinin kütləvi genişlənməsi təxminən 10 ildir ki davam edir. İnkişaf etmiş ölkələrdə şəbəkə marketlərin sayı təxminən 80% təşkil edir. Sözsüz ki, Azərbaycan cəmiyyəti yeni qurulan kapitalizm cəmiyyəti olduğu üçün müəyyən çatışmazlıqlar olub və hazırda da var. İnkişaf etmiş ölkələrdə də bu tip hallar olub. Ancaq həmin ölkələrdə kapitalizm cəmiyyəti uzun müddətdir ki, qurulub və çox ciddi İnkişaf yolu keçmişlər.
FED.az xəbər verir ki,şəbəkə marketlərin artımının İqtisadiyyata qatqısı müsbət qiymətləndirilir. Ən böyük müsbət təsiri isə yerli istehsalın artımınadır. Ancaq Azərbaycanda hazırda bu prosses hansı %-də inkişaf edir, bax bu sual altındadır. Çünki Azərbaycanda şəbəkələşmənin demək olar ki, 80% yekunlaşdığı halda yerli istehsalçılar o qədər də komfortlu görünmür.
Səbəblərdən biri kimi Azərbaycanda Marketinqin hələ tam təşəkkül tapmaması, bəzən isə məhsulun çox keyfiyyətli və qiyməti münasib olduğu halda belə realizasiyada problemlər yaşanması(brendinq problemi) özünü biruzə verir. Bu səbəbdəndir ki, son istehlakçılar və Şəbəkələr özü də xarici brendlərə üstünlük verirlər.
Ancaq ən əsas səbəblərdən biri budur ki, Müştərilər(burada müştərilər dedikdə Şəbəkə marketlər nəzərdə tutulur) istehsalçılara və distrübyutorlara qarşı bəzən qərəzli və çox sərt şərtlərlə işləməyi təklif edirlər. Bu şərtlər aşağıdakı kimi təsnifatlaşdırıla bilər:
1. Məhsulu və ya malı çox ucuz qiymətə satınalmaq təklifi
2. Çeşidlərin tanıdılması problemi
3. Rəf şərtlərini çox sərtləşdirməsi
4. Şəbəkələrin bir qisminin distrübyutor və də istehsalçı şirkətlərə məxsus olması(təbii inhisarçılığa yol açır)
5. Ödəniş vadələrinin uzunmüddətli razılaşdırılması (45-90 gün)
6. Malların yerləşdirilməsi üçün böyük həcmdə depozit məbləğin istənilməsi
7. Ödənişlərin gecikdirilməsi
Digər hallar isə Azərbaycanda istehsalçıların böyük qisminin ucuz mal ərsəyə gətirə bilməməsidir. Bəzən yerli məhsul idxal məhsullarından daha baha təklif olunur. Maya dəyəri kifayət qədər baha başa gəlir, üstəgəl tədavül xərclərinin yuxarı olması. Maya dəyərinin qalxma səbəblərindən biri və ən əsası xammalların böyük qisminin idxal olunmasıdır. Sual yarana bilər ki, niyə həmin xammallar ölkəmizdə istehsal olunmur və ya olunursa niyə daxili istehsalçılardan almırlar? Məsələ burasındadır ki, bunun üçün zavod və fabriklər açılmalıdır. Azərbaycan bazarında həmin xammallara olan tələb zavodların heç olmasa minimum istehsal miqdarlarını ödəyə biləcəkmi, yenə də sual altındadır və güman ki, deyil. Bəs bu zavodların Azərbaycanda ərsəyə gəlməsi üçün nə etmək lazımdır?
Cənab prezidentin bildirdiyi kimi “Made in Azerbaijan” brendləri inkişaf etdirilməlidir. Bu nə deməkdir? Bu o deməkdir ki, qurulan həmin zavod və fabriklərin istehsal potensialı eksport hesabına qarşılanmalıdır. Həmçinin də ölkəyə valyuta cəlb olunacaq. Güclü Marketinq və Eksport strategiya və taktikası hazırlanmalıdır.
Buna qədər isə mənim fikrimcə Şəbəkələr > - Distrübyutor və istehsalçılar arasında bağlanan müqavilələr dərindən öyrənilməlidir. Bundan sonra isə qanun layihəsi hazırlanmalı və təsdiqlənməlidir. Satıcılar(Distrübyutor və istehsalçılar) üzərində hazırda mövcud olan ağır şərtlər qanun çərçivəsində minimallaşdırılmalıdır. Fərz edək ki, yeni fəaliyyətə başlayan bir Satıcı keyfiyyətli və ucuz məhsul təklif edir, amma depozit yatıra bilmir. Bu halda Satıcının vəziyyətini anlamalı və alternativ şərtlər irəli sürülməlidir.
Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Zaur Niftəliyev