FED.az “NEQSOL Holding Azərbaycan”ın Korporativ İdarəetmə, Etika və Komplayens şöbəsinin rəhbəri Nərminə Qardaşxanova ilə müsahibəni təqdim edir.
- Nərminə xanım, müsahibə ilə bağlı dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
Komplayens nədir və onun mahiyyətini necə izah edərdiniz?
- "Komplayens" termini ingiliscə "compliance" sözündən yaranıb və "uyğunluq" deməkdir. Yəni şirkətin fəaliyyətinin, həmçinin işçilərlə, müştərilərlə, tərəfdaşlarla və digər tərəflərlə münasibətlərinin müvafiq qaydalara və tələblərə uyğunluğu nəzərdə tutulur.
Deyə bilərəm ki, komplayens şirkətdə işçilərin özlərini rahat hiss etdiyi belə bir korporativ mədəniyyət yaratmağa imkan verən bir sistemdir. Komplayensdən əlavə, etika korporativ mədəniyyətin mühüm tərkib hissəsinə çevrilib. Etika və komplayens hər-hansı qayda pozuntularına və mənfi hallara qarşı sadəcə mübarizə deyil, şirkət və komanda münasibətlərini yeni inkişaf səviyyəsinə aparan təhlükəsiz mühitdir.
- Azərbaycanda komplayens sahəsi hazırda fəal qaydada inkişaf etməkdədir. Ölkəmizdə komplayensin inkişafı necə başladı və xüsusilə də hansı beynəlxalq qanunvericiliklər təsir etdi?
- Azərbaycanda komplayens sahəsinin inkişafı 2010-2011-ci illərdə özəl biznes sahəsindən başlayıb. Bunun üçün təkan xarici ölkələrdə, xüsusilə də ABŞ və Böyük Britaniyada komplayensin inkişafı oldu. Bu, məsələn, ölkədən kənarda fəaliyyət göstərən bütün Amerika şirkətlərinə şamil edilən ABŞ-nin Xarici Korrupsiya Təcrübələri üzrə Qanunudur (FCPA). Eləcə də 2010-cu ildə qəbul edilmiş, 2011-ci ildə qüvvəyə minmiş və qeydiyyat və fəaliyyət yerindən asılı olmayaraq bütün Britaniya şirkətlərinə şamil edilən Birləşmiş Krallığın rüşvətxorluğa qarşı mübarizə Aktıdır.
- ABŞ-nin Xarici Korrupsiya Təcrübələri üzrə Qanunu (FCPA) və Birləşmiş Krallığın rüşvətxorluğa qarşı mübarizə Aktı kimi beynəlxalq standartların tətbiqi Azərbaycanda komplayens təcrübələrinə necə təsir etdi?
- İlkin olaraq şirkətlərin komplayens sahəsində fəaliyyətləri reaktiv xarakter daşıyırdı. Məsələn, əgər hər hansı şirkətdə rüşvətxorluq və ya korrupsiya faktı qeydə alınıbsa, araşdırmaq və günahkarı cəzalandırmaq lazım idi. Birləşmiş Krallığın rüşvətxorluğa qarşı mübarizə Aktının qəbulundan sonra dövlət səviyyəsində komplayensə münasibəti dəyişdi. Dövlət aydın şəkildə bildirdi ki, hər hansı qanunsuz hadisə baş verənə qədər gözləməməli, mümkün qanunsuz hərəkətlərin qarşısı əvvəlcədən alınmalıdır. Bu zaman reaktiv komplayens qabaqlayıcı tədbirlərlə əvəz olundu.
- Azərbaycanda, xüsusilə neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin komplayens baxımından riayət etməli olduğu əsas beynəlxalq qaydalar hansılardır?
- Azərbaycanın özəlliyi ondadır ki, ölkəmizdə neft-qaz sektorunda xarici normativ hüquqi aktlara riayət edən çoxsaylı beynəlxalq şirkətlər fəaliyyət göstərir. Yalnız ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər deyil, beynəlxalq strukturlarla əməkdaşlıq etmək istəyən Azərbaycan şirkətləri də beynəlxalq tələblərə əməl etməlidir.
Bunun necə baş verdiyini “bp” şirkətinin nümunəsindən istifadə edərək izah edəcəyəm. “bp” Birləşmiş Krallığın rüşvətxorluğa qarşı mübarizə Aktına riayət edən şirkətdir. “bp”nin səhmləri Nyu-York Fond Birjasında satılır və bu, o deməkdir ki, şirkət həm də ABŞ qanunlarına - Xarici Korrupsiya Təcrübələri üzrə Qanuna (FCPA) əməl etməlidir.
- Azərbaycan Etika və Komplayens Şəbəkəsi kimi təşəbbüslər yeni tendensiyalara və cari problemlərin həllinə necə kömək etdi?
- Vaxt keçdikcə bir çox şirkətlərdə komplayens meneceri vəzifəsi yarandı və ölkəmizdə Azərbaycan Etika və Komplayens Şəbəkəsi kimi ixtisaslaşmış icmalar təsis edilməyə başlanıldı. Onların üzvləri mütəmadi olaraq komplayens sahəsində tendensiyaları və mövcud çətinlikləri müzakirə etmək üçün bir araya gəlirlər.
Bir neçə il əvvəl biz təcili yardıma ehtiyac olduğunu gördük. Bir çox biznes nümayəndələri komplayensin nə olduğunu və nə üçün lazım olduğunu başa düşmürdülər. Məhz o zaman Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda Etika və Komplayens” adlı ilk konfrans keçirildi. Bu konfransda biz ölkədə komplayens üzrə dialoqa başlamaq vəzifəsini qarşımıza qoymuşduq. Yalnız biznes nümayəndələrinə komplayensin nə olduğunu izah etmirik, həm də dünyada baş verən tendensiyaları müzakirə edir və Azərbaycanda praktiki nümunələrlə müşahidə edirik.
Biz şirkətlərin komplayensə nəyə görə ehtiyacı olduğu sualına cavab verməyə çalışdıq. Ona cavab vermədən irəliləmək mümkün deyil. Bu istiqaməti inkişaf etdirmək üçün biznes anlayışa və motivasiyaya ehtiyac duyulur.
- Komplayensin inkişafı Azərbaycanda müxtəlif sektorlara necə təsir edib və müxtəlif qanunsuz hərəkətlərə qarşı mübarizədə hansı konkret tədbirlər həyata keçirilib?
- Vaxt keçdikcə komplayens neft-qaz sektorundan kənara çıxdı. Telekommunikasiya sənayesi kimi digər sektorların nümayəndələri də profil görüşlərində fəal iştirak etməyə başladılar.
Komplayens bank sektorunda da fəal inkişaf edirdi. Söhbət beynəlxalq bank standartlarının, ilk növbədə, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dünya standartlarını hazırlayan hökumətlərarası təşkilat olan FATF-nin (Maliyyə Monitorinqi üzrə Hökumətlərarası Komissiya, Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu) tələblərinin həyata keçirilməsindən gedir. Azərbaycanda fəaliyyət göstərən bütün banklarda komplayens mütəxəssisləri işləməyə başladılar.
Eyni zamanda, həm yerli, həm də beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkətlər sanksiyalarla əlaqədar məhdudiyyətlərinin tətbiqi ilə bağlı potensial riskləri müəyyən etməyə yönəlmiş biznes prosesləri sistemi qurmalı idilər.
Zaman keçdikcə Azərbaycanda komplayens sahəsində yerli qanunvericilik inkişaf etməyə başladı. Korrupsiyaya qarşı mübarizə üzrə milli plan təsdiq edildi. Ölkədə korrupsiyaya qarşı fəal mübarizə aparılır. Məsələn, “ASAN Xidmət” fəaliyyətə başlayandan sonra bu sahədə məişət korrupsiyasının səviyyəsi demək olar ki, sıfıra enib.
Azərbaycanda komplayens artıq yeni səviyyəyə yüksəlib. Şirkətlər komplayensi sadəcə beynəlxalq və yerli qanunvericilik normalarının onlardan tələb etdiyi üçün deyil, səhmdarların və top-menecerlərin biznesin inkişafı, yeni bazarlara çıxış, xarici bazarlardan maliyyə cəlbi baxımından bu normaların həyata keçirilməsinin vacibliyini dərk etdiyi üçün inkişaf etdirirlər.
Azərbaycan bazarında komplayens üzrə peşəkar mütəxəssislər formalaşmağa başlayıb. Əgər 10 il əvvəl biz uzun müddət lazımi mütəxəssisləri axtarmalı və onları əlavə olaraq öyrətməli olurduqsa, indi bazarı izləyə və lazımi insanları tapa bilərik.
- Nərminə xanım, maraqlı müsahibə üçün təşəkkür edirik.
- Mən də Sizə təşəkkür edirəm və uğurlar arzu edirəm.