Xəbər verildiyi kimi, Azərbaycanda daha bir şirkətə Ağdam Sənaye Parkının rezidenti statisu verilib.
FED.az xəbər verir ki, söhbət hazırda Sumqayıtda fəaliyyəti göstərən tütün məmulatları istehsalçısı «Tabaterra» şirkətindən gedir.
Qeyd edək ki, «Tabaterra» artıq bir neçə ildir ki, ölkənin ən böyük şirkətlərindən birinə çevrilib. 2018-ci ildə Sumqayıt Kimya Sənaye parkında fəaliyyətə başlayan bu müəssisə ildə 17 milyard ədəd və ya təqribən 1 milyard qutu siqaret istehsal etmək gücündədir.
Daxili bazarda tütün məmulatlarına tələbatı tam ödəyən və 100-dən artıq çeşiddə məhsul istehsal edən müəssisə yaxın vaxtlarda yerli brendlərin Gürcüstan bazarına ixracını da planlaşdırır. İlkin hesablamalara görə, bu ixrac ölkəyə ildə 13 milyon dollar vəsait gətirəcək.
Gələn ildən isə «Tabaterra» şirkəti Ağdam Sənaye Parkında da tütün məmulatlarının istehsalına başlayacaq. Məqsəd işğaldan azad olan ərazilərin sosial iqtisadi inkişafına tövhə verməkdir.
Bu işlər işğaldan azad olunmuş ərazilərin inkişafı üçün ciddi layihələr reallaşdıran İqtisadi Zonaların İnkişafı Agentliyinin koordinasiyası ilə həyata keçirilir. Sənaye Parkında investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin olunacaq.
Zavodun direktoru Elman Cavanşir bildirib ki, əsas hədəf ən qısa zamanda Ağdam Sənaye Parkında müasir standartlara uyğun yeni fabrik binası inşa edərək tütün məmulatları istehsalını Sumqayıtdan Ağdama köçürməkdən ibarətdir: «Sosial layihə olaraq istehsalatla bağlı birbaşa çalışan 300 nəfər əməkdaşın Ağdama köçürülməsi nəzərdə tutulur. Şirkət yeni müəssisədə işləyəcək əməkdaşların Ağdamda yaşaması üçün 300 mənzilin satın alınaraq həmin işçilərin təmənnasız istifadəsinə verəcək».
«Tabaterra»nın Qarabağdakı aktivliyi təkcə Ağdam Sənaye Parkı ilə məhdudlaşmayacaq. Şirkət Qarabağda iqtisadi fəallığı təmin etmək üçün ilkin olaraq 500 hektar sahədə tütün əkini də planlaşdırır. Layihənin davamı kimi 17 müasir istixana, 100 tütün qurutma kamerası, eləcə də inzibati və anbar binaları inşa ediləcək.
Müəssisənin həyaat keçirdiyi layihələr iştaldan azad olunan ərazilərdə insanların məskunlaşması və işlə təmin olunmasına, «Made in Karabakh» brendinin təşviqinə təkan verəcək.
İqtisadi Zonaların İdarə edilməsi Agentliyindən bildirilib ki, işdağdan azad edilən ərazilərə sahibkarların marağı yüksəkdir. Agentliyi şöbə müdiri Emil Hacıyevin sözlərinə görə, Ağdam Sənaye Parkında artıq 17 rezident və 5 qeyri-rezident, Cəbrayıl rayonunda yaradılan «Araz Vadisi İqtisadi Zonası»nda isə 5 rezident və 1 qeyri-rezident qeydiyyatdan keçib.
«Bu iki parkda nəzərdə tutulan vergi güzəştləri və azadolmalar, investorlar üçün yaradılan şərait bütün digər parklarda olduğundan daha artıqdır, burada da əsas məqsəd sahibkarları işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq, burada yeni iş yerlərinin açılmasına tövhə verməsidir».
Qeyd edək ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkına 161 milyon manatdan artıq investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.