Azərbaycanda dövlət satınalmaları sahəsində yeni dövr başlayır.
FED.az TENDER xəbər verir ki, prezident İlham Əliyev «Dövlət satınalmalarının vahid internet portalı haqqında ƏSASNAMƏ»ni təsdiqləyib.
"Dövlət satınalmaları haqqında" qanuna edilən ciddi dəyişikliklərin nəticəsi olan portal satınalmaların şəffaflaşmasında və iş adamlarına yeni imkanların yaranmasına kömək etməlidir.
FED.az xəbər verir ki, sözügedən sənəd dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Portal aşağıdakıları təmin edir:
1.2.1. tender elanının dərc edilməsini;
1.2.2. tenderdə iştirak etmək üçün malgöndərənin (podratçının) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədləri satınalan təşkilata təqdim etməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);
1.2.3. tenderdə iştirak haqqının ödənilməsini;
1.2.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;
1.2.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;
1.2.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını;
1.2.7. tender təkliflərinin təqdim olunmasını;
1.2.8. tender təklifinin təminatının verilməsini;
1.2.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini;
1.2.10. tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini;
1.2.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini;
1.2.12. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini;
1.2.13. tenderin əsas şərtlər toplusunun, tender prosedurlarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin və digər sənədlərin yerləşdirilməsini;
1.2.14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda şikayət verilməsini və həmin şikayətə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını;
1.2.15. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını;
1.2.16. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını;
1.2.17. satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişi təqdim etməsini;
1.2.18. satınalma planının yerləşdirilməsini.
1.3. Portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru (bundan sonra - operator) olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir.
1.4. Bu Əsasnamədəki anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. istifadəçi - satınalan təşkilat, malgöndərən (podratçı);
1.4.2. satınalan təşkilatın elektron kabineti – satınalma planlarının, satınalma prosedurları haqqında elanların (bildirişlərin) və həmin prosedurların nəticələrinin dərc edilməsini, ödənişlərin həyata keçirilməsini, operatorla və malgöndərənlə (podratçı ilə) əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə;
1.4.3. malgöndərənin (podratçının) elektron kabineti – elektron satınalma prosedurlarında iştirak etmək üçün ödənişin həyata keçirilməsini, operatorla və satınalan təşkilatla əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.
1.5. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanma xərcləri dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının portal ilə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
2. Portalın fəaliyyət prinsipləri
2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;
2.0.2. istifadə asanlığı və rahatlığı – portaldan istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.0.3. səmərəlilik – mümkün qədər az resursdan istifadə edilməklə, nəzərdə tutulan nəticənin əldə olunması;
2.0.4. operativlik – müvafiq sənədlərin və müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi;
2.0.5. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;
2.0.6. fasiləsizlik – portalda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;
2.0.7. modulluq və miqyaslılıq – mövcud informasiya sistemində ciddi dəyişikliklər edilmədən proqram-texniki komponentlərin inkişaf etdirilməsi.
3. Portalın texniki infrastrukturu
3.1. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. proqram-texniki vasitələr;
3.1.2. telekommunikasiya kanalları;
3.1.3. elektron xidmətlər modulu;
3.1.4. idarəetmə sistemi;
3.1.5. ehtiyat mərkəzi;
3.1.6. arxiv mərkəzi.
3.2. Portalın proqram-texniki vasitələri və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.
3.3. Elektron xidmətlər modulu aşağıdakıları təmin edir:
3.3.1. satınalma planlarının, satınalma prosedurları haqqında elanların (bildirişlərin) və həmin prosedurların nəticələrinin dərc edilməsini;
3.3.2. “Elektron Hökumət” İnformasiya Sistemindən məlumatların (əldə edilməsi məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsini;
3.3.3. tenderdə iştirak etmək üçün nəzərdə tutulan sənədləri malgöndərənin (podratçının) satınalan təşkilata təqdim etməsini;
3.3.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;
3.3.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;
3.3.6. satınalan təşkilatla malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını, əsas şərtlər toplusunun əldə olunmasını, tender təkliflərinin təqdim olunmasını;
3.3.7. tender komissiyasının virtual iclaslarının keçirilməsini, tender təkliflərinə baxılmanı, onların qiymətləndirilməsini və müqayisəsini, müqavilələrin elektron formada tərtibini və imzalanmasını;
3.3.8. dövlət satınalmalarını tənzimləyən hüquqi aktların yerləşdirilməsini;
3.3.9. şikayətin verilməsini və şikayətlərə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını;
3.3.10. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını, satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişini təqdim etməsini;
3.3.11. satınalma müqavilələrinin vahid reyestrinin aparılmasını;
3.3.12. etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestrinin aparılmasını;
3.3.13. malgöndərənlərin (podratçıların) VÖEN-i, hüquqi ünvanı, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumatların əldə olunmasını;
3.3.14. son 3 (üç) il üzrə ayrı-ayrılıqda malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə olunmuş gəlir, işçi qüvvəsi, texniki və maliyyə imkanları barədə məlumatların əldə olunmasını;
3.3.15. qeyri-rəsmi məşğulluğa görə cərimə edilmiş sahibkarlıq subyektlərinin adı və VÖEN-i barədə məlumatların əldə olunmasını;
3.3.16. son 5 (beş) il ərzində barəsində cinayətə görə məhkumolunma və ya peşə fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı olan hüquqi şəxsin adı və VÖEN-i, qanuni təmsilçisinin soyadı, adı, atasının adı, fiziki şəxsin soyadı, adı, atasının adı və VÖEN-i, məhkəmənin qərarı ilə müflis elan olunmuş sahibkarlıq subyektinin adı və VÖEN-i, məhkəmənin qərarı ilə əmlakı üzərinə həbs qoyulmuş sahibkarlıq subyektinin adı və VÖEN-i, məhkəmənin qərarı ilə ödənişə yönəlmiş girovu olan sahibkarlıq subyektinin adı və VÖEN-i, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış sahibkarlıq subyektinin adı və VÖEN-i barədə məlumatların əldə olunmasını;
3.3.17. malın ölkə daxilində istehsal edildiyini təsdiq edən mənşə sənədləri barədə məlumatların əldə olunmasını;
3.3.18. müəyyən işlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyanın mövcudluğu barədə məlumatların əldə edilməsini;
3.3.19. iştirak haqqının ödənilməsini;
3.3.20. tender təklifinin və müqavilənin yerinə yetirilməsi təminatlarının, avans ödənişinə görə bank zəmanətinin alınmasını və satınalan təşkilata təqdim olunmasını.
3.4. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.
3.5. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində olur.
4. Portalın operatorunun funksiyaları
4.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
4.1.1. portalın idarə olunmasını təşkil edir və portalın funksional imkanlarının artırılması istiqamətində tədbirlər görür;
4.1.2. portalın etibarlı və davamlı funksional fəaliyyətini təmin edir, portalın ayrı-ayrı komponentləri üzrə audit tədbirlərini təşkil edir və təkmilləşdirilməsi üçün tədbirlər görür;
4.1.3. portala ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin edir;
4.1.4. “ASAN ödəniş” sistemi vasitəsilə qəbul edilən və portalın aidiyyəti istifadəçilərinin bank hesablarına köçürülən ödənişin həyata keçirilməsi barədə həmin istifadəçilərin məlumatlandırılmasını təmin edir;
4.1.5. portaldan istifadə qaydaları barədə istifadəçiləri məlumatlandırır, istifadəçilərə portalın iş prinsipi və funksional imkanları haqqında məlumat verir, metodiki kömək göstərir;
4.1.6. portalın təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini bu barədə məlumatlandırır, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görür, bu, mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin edir;
4.1.7. informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin edir;
4.1.8. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarını aşkar edir, satınalma prosedurlarını 7 (yeddi) bank gününədək dayandırır, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalan təşkilat qarşısında elektron satınalmaların nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görür.
5. Portaldan istifadə qaydaları
5.1. Portalda göstərilən xidmətlər üzrə bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən məlumatlar real vaxt rejimində satınalan təşkilata və operatora təqdim olunur.
5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulan xidmətlərdən istifadə etmək üçün satınalan təşkilat:
5.2.1. Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır;
5.2.2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə satınalma planlarını portalda yerləşdirir;
5.2.3. açıq tenderin keçirilməsi barədə elanı portalın müvafiq bölməsində yerləşdirir.
5.3. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulan xidmətlərdən istifadə etmək üçün malgöndərən (podratçı):
5.3.1. tenderdə iştirak etmək üçün Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır;
5.3.2. həmin tenderdə iştirak etmək üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iştirak haqqını ödəyir.
5.4. Malgöndərən (podratçı) iştirak haqqını ödədikdən sonra satınalan təşkilat portal vasitəsilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədlər barədə məlumatları əldə edir.
5.5. Satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədləri həmin Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada özü əldə edə bilmədikdə, malgöndərən (podratçı) tenderdə iştirak etmək üçün həmin sənədləri satınalan təşkilata portal vasitəsilə təqdim edir.
5.6. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində qeyd olunan müddətədək tender təklifini və tender təklifinin təminatını satınalan təşkilata portal vasitəsilə təqdim edir.
5.7. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3-dən (üçdən) az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.
5.8. Tender komissiyasının virtual iclası real vaxt rejimində portal vasitəsilə keçirilir. Tender komissiyasının virtual iclasında tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir.
5.9. Portal vasitəsilə satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır. Tender komissiyası 1 (bir) bank günü müddətində təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tender komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza vasitəsilə imzalayırlar və protokol portal vasitəsilə operatora göndərilir.
5.10. Satınalan təşkilat tender təklifini aksept etdikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dərhal portal vasitəsilə avtomatik qaydada bildiriş göndərilir.
5.11. Satınalan təşkilat 3 (üç) bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.
5.12. Malgöndərən (podratçı) 5 (beş) bank günü müddətində həmin müqaviləni gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.
5.13. Satınalma müqaviləsi və tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolu portalda yerləşdirilir.
5.14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-2.1.16-cı maddəsində nəzərdə tutulmuş hesab-fakturaları malgöndərən (podratçı) satınalan təşkilata portal vasitəsilə təqdim edir.
5.15. Satınalan təşkilat ödənişlə bağlı təsdiq bildirişini malgöndərənə (podratçıya) təqdim edir.