Son günlər dünya mətbuatında pandemiyanın yaratdığı şəraitdə bir sıra hotel sahiblərinin müflis olması səbəbi ilə öz hotellərini satışa çıxarması xəbərləri yayılır. Bəs Azərbaycanda aylardır fəaliyyət göstərməyən hotellərlə bağlı vəziyyət necədir?
Eləcə də bax: “Hotellər və obyektlər gəlirlərinə uyğun cərimələnməlidir”
FED.az xəbər verir ki, məsələ ilə bağlı DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"un suallarını cavablandırıb.
Onun sözlərinə görə, Azərbaycanda hələ də hotellərin fəaliyyətinə icazə verilməsədə, amma onlar üçün metodiki göstərişlər hazırlanıb.
Onun sözlərinə görə, təkliflər hazırlansa da, hotellərin və restoranların fəaliyyətinin məhdudlaşdırılması problemlər yaradır: "Həmçinin Qida Təhlükəsizliyi Agentliyi də metodiki göstərişlər hazırlayıb və təsdiq edib. Bununla yanaşı, Dövlət Turizm Agentliyi (DTA) də SAHMAN adlı proqramı təqdim edib və hotellər bu proqrama da qatılıblar. Amma belə bir qərarın olması çox qəribə mənzərə yaradır. Sual oluna bilər ki, bəs onda biz niyə bu metodiki göstərişləri hazırlamışıq?! Biz bu metodiki göstərişləri hazırlamışıq ki, hotellər onun əsasında işləyə bilsinlər".
Samir Dübəndi
S.Dübəndi turizm sənayesinin mövcud problemlərini də açıqlayıb:
"Hazırda biz turizm sektorunda inkişafdan danışırıq. İnkişafı bir tərəfə qoyaq, bu gün turizm sənayesini xilas etmək lazımdır. Nazirlər kabinetinin son iclasında turizm sektorunun 48% itkiyə getməsi haqqında danışılırdı. Amma biz bu rəqəmlə razı deyilik. Turizm sektorunda, demək olar ki, heç kəs işləmir. Necə ola bilər ki, göstərici 48%-ə bərabər olsun? Təbii ki, real rəqəmlər daha böyükdür. Bu ona bənzəyir ki, biz öncə bilirdik 200 min insan işsiz statusundadır, amma sonra gördük ki, 600 min insan işsizdir".
Bəs çıxış yolu kimi nə təklif olunur?
"Biz hökumətə göndərdiyimiz 15 bənddən ibarət təkliflərimizdə bu sektorun problemlərini göstərmişik. Bu təkliflər icarə haqları da daxil olmaqla müxtəlif növ dəstəyi nəzərdə tutur. Düzdür, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə müəyyən kredit mexanizmləri hazırlanıb təqdim olunur. Bu çox gözəldir. Amma turizm sektoruna aid ixtisaslaşmış dəstək paketləri təqdim edilməyib. Bir daha qeyd edirəm ki, turizm sənayesi daha çox əziyyət çəkib və demək olar ki, sıfırdadır. Bu gün pandemiya yeni biznesə nisbətən kiçik və orta sahibkarlığa daha çox təsir edib. Yəni iri sahibkarlar yığdıqları ehtiyatlar, yaxud hansısa fondların hesabına özlərini qoruyub saxlaya bilirlər. Amma KOB-lara bunu aid etmək olmaz. Əslində KOB-lar normal vaxtda belə gəlirləri və xərcləri bərabər olub. Belə olan halda isə hansısa ehtiyat saxlamaqla bağlı danışmaq mümkün deyil".
Bu sahədə üzə çıxan digər problem isə müqavilələrdə fors-major hallarla bağlı müddəaların işləməməsidir. Ekspert bu məqamlara da aydınlıq gətirib:
"Hesab edirəm ki, dövlət iradə ortaya qoymalıdır və həm icarəyə verən, həm də icarəyə götürən tərəfdən tələb etməlidir ki, bu müddəalara əməl etsin. Digər bir məsələ turizm ixtisası üzrə təhsil alan və bu il universiteti bitirən tələbələrlə bağlıdır. Belə ki, onların bir çoxu artıq mövcud vəziyyətdən məyus olublar. Əgər onlar başqa sahələrdə çalışmağa başlasa, növbəti ildə biz ixtisaslı kadrlarla bağlı problem yaşamağa başlayacağıq".
Yekun olaraq vurğulayaq ki, hotellərlə bağlı problemlərin həlli kimi ekspertlər hotellərin restoranlarının açıq hava altında olan hissələrini, həmçinin çimərliklərini açmağı təklif edirlər. Çünki yay qurtarır, amma insanlar D vitamini ala bilmirlər və bu da immuniteti aşağı salır. Payızda havalar soyuduqdan sonra uşaqlar və yaşlılar hamısı xəstələnəcək. Bu da, öz növbəsində, həmin virusun növbəti dalğasının gəlməsi deməkdir.