Azərbaycanın tanınmış tikinti şirkəti olan «Diadem» ASC 2024-cü ili zərərlə başlşayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkətin gəlirləri kəskin azalıb, mənfəəti isə zərərlə əvəz olunub.
Qeyd edək ki, «Diadem» ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.
Şirkət əsasən qeyri-yaşayış binalarının zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaq, anbar və sair tikintisi ilə məşğuldur.
2021-2022-2023-cü illərdə «Diadem» ASC-nin işləri yaxşı gedib. Baxmayaraq ki, hələ iki il əvvəldən şirkət gəlirləri və mənfəəti azalmağa gedirdi.
Belə ki, şirkət 2021-ci ildə 65 milyon manat, 2022-ci ildə 77,8 milyon manatlıq, 2023-cü ildə isə 58,4 milyon manatlıq gəlir əldə edib, yəni satış edib.
2024-cü ilin ilk yarısında isə bu gəlirlər 10 dəfələrlə azalaraq 2 milyon 168 min manata düşüb.
Şirkət tikinti materialları da satır, amma bu fəaliyyətdən gəlirləri ümumi gəlirlərin cüzi hissəsini təşkil edir. Belə ki, ümumi gəlirlərin 65 milyon manat olduğu 2021-ci ildə «Diadem» ASC 619 min manatlıq tikinti materialı satıb, 2022-ci ildə bu rəqəm 42 min manat, 2023—də 77 min manat olub, 2024-cü ildə isə şirkətin tikinti materialı satışından gəliri cəmi 53 min manat təşkil edib, yəni qəpik-quruş.
Qeyd edək ki, «Diadem» ASC-nin ümumilikdə 4000 səhmi var. Səhmlərin hər birinin nominal qiyməti 750 manatdır, nəticədə nizamnamə kapitalı 3 milyon manat təşkil edir.
Yeri gəlmişkən, Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq «Diadem»in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimallə təsisçilərdən birinin yaxın qohumudur.
«Diadem»in iqtisadi göstəricilərinə qayıtsaq, 2021-2023-cü illərdə şirkət sürətli böyüməkdə davam edib. Onun cəmi aktivləri 79 milyon manatdan 95 milyon manata, 2023-cü ildə isə 102 milyon manata yüksəlib, bunun böyük hissəsi mal material ehtiyatları, tikinti və avadanlıqlar olub.
Bununla yanaşı, şirkətin mənfəəti davamlı şəkildə azalıb. 2021-ci ildə «Diadem»in xalis mənfəəti 9,3 milyon manat olduğu halda, 2022-ci ildə bu rəqəm 7,3 milyon manata, 2023-cü ildə isə 1,4 milyon manata enib. 2024-cü ildə isə son 4 ildə ilk dəfə olaraq şirkət yarım ili zərərlə başa vurub.
Belə ki, 2024-cü ilin ilk yarımilində ASC-nin satışdan gəlirləri 6,3 milyon manat olduğu halda, bu il satışlar 3 dəfə azalaraq 2,17 milyon manata düşüb.
Bu dövrdə maya dəyəri xərcləri göstərilmədiyi üçün hesabatdan belə məlum olub ki, bu dövrdə şirkət hər hansı iş və xidmət həyat keçirməyib, sadəcə əvvəlki dövrdə görülən işlərin gəlirlərini əldə edib.
Əvəzində bu il «Diadem» ASC-nin 3,3 milyon manata yaxın inzibati və ümumi xərcləri olub. Nəticədə şirkət ötən il bu vaxt 2,8 milyon manat əməliyyat mənfəəti ilə işləyirdisə, indi 1,1 milyon manat əməliyyat zərəri göstərib. Bunun üzərinə 600 min manatlıq maliyyə xərclərin də gələndə «Diadem» 2024-cü ilin ilk yarısını 1,7 milyon manat və ya təqribən 1 milyon dollar zərərlə tamamlayıb. Halbuki, ötən il bu vaxt şirkətin təsisçi və menecerləri təmiz 2 milyon manat mənfəətə sevinmişdilər.
Hesabatdan məlum olur ki, şirkətdə enmə prosesi 2023-cü ilin ortalarından başlayıb. Belə ki, «Diadem» ASC 2023-cü ilin ilk yarısını 2 milyon 40 min manat xalis mənfəət etdiyi halda, ilin sonunu cəmi 1 milyon 856 msin manat mənfəətlə tamamlamışdı. Yəni 2-ci yarım ildə zərərlə işləyib.
Problemlərin ötən ilin ortalarından başladığını şirkətin aktivlərindən də sezmək olur – 2022-ci ilin sonunda şirkətin aktivləri 95 milyon, 2023-cü ilin ortalarında isə 110 milyon manat olduğu halda, 2023-cü ilin sonunda bu rəqəm azalaraq 102 milyon manata, 2024-cü ilin ortalarında isə 97 milyon manata düşüb.
Müsbət məqam odur ki, şirkət bəzi borclarını qapayıb, nəticədə ümumi öhdəliklər 104 milyon manatdan 94 milyon manata düşüb.
Bu dövrdə «Diadem»in vergi borcu 2 dəfə artaraq 3 milyon manata yüksəlib.
Yeri gəlmişkən, yenidən səhmdarlara qayıtsaq, son 3 ildə şirkətin 2 səhmdarı üst-üstə 22,3 milyon manata yaxın dividend əldə edib, qazanc götürüblər. 2021-ci ildə dividendlər 90 min manat, 2022-də 11,4 milyon manat, 2023-cü ildə isə 10,8 milyon manat olub.
Bu dividendlər səhmdarlar arasında səhm payına görə bölünüb, böyük səhmdar 16,7 milyon manat, kiçik səhmdar isə 5,6 milyon manat qazanc götürüb. Təkcə 2023-cü ildə Elbrus Nəbiyev 7,7 milyon manat, Kəmalə Dostumalıyeva isə 3 milyon dividend əldə ediblər.
Nəhayət, bu dövrdə şirkətin işçiləri də azalıb. Belə ki, 2021-ci ildə 442 nəfər olan işçi sayı 2022-ci ildə 310 nəfərə enib. 2023-cü ilin sonunda isə 323 nəfər personal olub.