İşgüzar inkişaf yazarı, Biznes mentor Nadir Adilman (Adilov) “Biznesin uğuru üçün 2020 - ci ildə 20 addım” adlı maraqlı paylaşım edib.
FED.az orijinal və maraqlı yanaşmaları ilə sosial şəbəkələrdə rəğbət qazanan bu paylaşımını təqdim edir.
Beləliklə, faydalı olmaq ümidi ilə. Qarşıdan gələn yeni il və həmrəylik bayramınızı təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzu edirəm.
1. Sahibkarlığın inkişafı sahəsində aparılan islahatların tərkib hissəsi ol. Nəzərə al ki, biznes sektorunda aparılan islahatların aktiv dəstəkləyicisi olmağın bu islahatların səmərəliliyini yüksəldən mühüm amildir. Dəstəklə və faydalan ki, daha əlverişli biznes ekosistemində fəaliyyət göstərə biləsən.
2. Təşəbbüskar ol. Müasir biznesmeni xarakterizə edən ən önəmli cəhət həm də onun irəli sürdüyü yeni ideyalarla səciyyələnən təşəbbüskarlığıdır. Bu cəhət o qədər önəmlidir ki, müasir sahibkar anlayışını müəyyən edir.
3. Hədəflərini dəqiq müəyyən et. Hər şey hədəflərdən başlayır. Təkcə mənfəət əldə etmək hədəf ola bilməz, bu ümumi anlayışdır. Təbii ki, hər növ sahibkarlıq fəaliyyəti müəyyən hədəflərin reallaşmasına yönəlməlidir. Hədəflərin reallaşması istiqamətinə yönələn fəaliyyət isə səmərəli nəticələr rolunu oynamalıdır.
4. Resurslarını təhlil etməklə düzgün qiymətləndir. Hədəflərin reallığını müəyyən etmək üçün mövcud resursların təhlili çox mühüm amildir. Nəzərə al ki, nəticəyə təhlilsiz gəlmək səhv qiymətləndirməyə səbəb olmaqla yanaşı, nəticəyə çatmayan hədəfə çevrilməklə arzu olaraq qala bilər.
5. Fəaliyyətini planlaşdır. Təkcə biznes planlarla kifayətlənmə. Cari, gündəlik, həftəlik, aylıq, illik planlarına malik ol. Planlaşdırılmayan fəaliyyət xaos yaratmaqla yanaşı, dağınıq planların səmərəliliyini də çox ciddi şübhə altına alır. Kommunikasiya, yeni korporativ əlaqələr üçün gündəliyinə hər gün yeni əlavələr et.
6. İstehlakçı seqmentini daim diqqətdə saxla. Müasir biznesin əsas məsələsi nəyi və necə istehsal etmək yox, nəyi kimə satmaqdır. Əmin ol ki, istehlakçının arzu və tələblərini nəzərə alan hədəflər daha realdır. Müştərilərinə təkcə diqqət deyil, vaxt da ayır. Çünki onlar sənin biznesinin ayaqda durmasını dəstəkləyən önəmli amildir.
7. Korporativ idarəetmə sistemi qur. Biznesin inkişafı üçün şirkətdaxili qaydalarını müəyyən et. Qaydalar qanunvericiliyin tələblərinə cavab verməklə yazılı, şəffaf, dürüst, çox sadə olsun ki, bu qaydaları bütün əməkdaşlar və tərəfdaşlarına hər dəfə izah etmək üçün əlavə enerji sərf etməyəsən. Şirkətin maliyyə baxımından böyüməsi ilə yanaşı, institusional inkişafına diqqət yetir. İnstitusional inkişaf şirkətin maliyyə axınlarına adekvat olmalıdır. Əgər belə olmasa müəyyən müddətdən sonra “hərəkətdə olan maşının təmiri” effekti ilə rastlaşa bilərsən.
8. İnsan resurslarının inkişafına prioritet ver. Nəzərə al ki, insan kapitalı ən önəmli kapitaldır. İşçiləri biznesin aralıq və son nəticələrində maraqlı et. Təcrübə göstərir ki, bu, kadr potensialından səmərəli istifadə baxımından xüsusilə önəmlidir. Maddi və mənəvi motivasiya planlarını rəsmən təsdiq etməklə əməkdaşların nəticələrini ölçüləbilən et. Gənc kadrlarların yetişməsi və inkişafına dəstək ol. Onları təcrübəsiz olduğunu əsas götürüb işə götürməkdən çəkinmə. Yaşadığımız həyatda hər şey insan üçündür. O səbəbdən də insan amili faktoruna hər zaman diqqət ayır.
9. Şirkətdaxili mühitə önəm ver. Elə et ki, bu mühit müəyyənləşdirdiyin hədəflərin qarşısında maneəyə deyil, inkişafa stimul olsun. Komanda quruculuğu biznes üçün nəinki çox önəmlidir, hətta labüddür.
10. Biznes əlaqələrini səmərəli qur. Etibarlı əməkdaşlar və ya etibarlı tərfdaşlar anlayışından qaç. Əməkdaşların və tərəfdaşların etibar edə biləcəyi etibarlı sistem qur. Qurduğun sistem nə dərəcədə etibarlıdırsa, bir o qədər də etibarlı bir mühitlə əhatə olunacaqsan. Nəzərə al ki, qurduğun və hər kəsin etibar etdiyi sistem həm tərəfdaş, həm də əməkdaşlarda təkcə sənin biznesinə deyil, şəxsiyyətinə də inam yaradan mühüm dayaqlardan biridir. Eyni zamanda, məşğul olduğun biznes sektorunun ekosisteminə daxil olan bütün bazar iştirakçıları ilə normal və hər kəslə eyni məsafədə dayanmağı bacaran kommunikasiya qur. Biznesmen həmkarlarınla əməkdaşlıq et. Nəzərə al ki, eyni sahədə fəaliyyət göstərən rəqibin olduğu kimi, bu rəqib həm də böyük layihələrdə və tenderlərdə, satınalmalarda sənin tərəfdaşın ola bilər. Yaxşı tərəfdaşlar tapmaq üçün bu baxımdan biznes Assosiasiyalarında da birləş.
11. Dövlət orqanlarına müraciət etməkdən çəkinmə. Nəzərə al ki, hazırda həyata keçirilən islahatlar dövlət-sahibkar əməkdaşlıq platformalarında reallaşır. Bu gün dost anlayışı biznesə münasibətdə artıq vəzifəyə çevrilib: Kiçik və orta biznesin dostu. Bu fakt dövlət-sahibkar dialoqunun inkişafının real təzahürüdür.
12. Nəticə yönümlü ol. Nəzərə al ki, hər şey nəticə ilə ölçülür. Nəticən yoxdursa, deməli hardasa itirilmiş və yaxud da itirdiyin resursun var.
13. Analitik fəaliyyətə önəm ver və fəaliyyətinə “kənardan baxış”ı formalaşdır. Bir çox hallarda bu baxış önəmli məqamları üzə çıxarır və sənə problemlər barədə siqnal verir. Təbii ki, belə olanda bu problemlər haqqında düşünməyə və çıxış yolu tapmağa yönələcəksən. Bu məqsədlə də ixtisaslaşmış kənar auditlər və məsləhət və peşəkar vəkil xidmətlərindən istifadə et. Xidmətlərini, mal və məhsullarının keyfiyyətini, eyni zamanda öz fəaliyyətini qiymətləndir. Mütəmadi həyata keçirilən təhlillər, bazar araşdırmaları sənin məşğul olduğun biznesin zəif və güclü tərəflərini üzə çıxararaq. Bu isə uyğun tədbirlərin görülməsi üçün sənə əlavə stimul verəcək.
14. Risklərini idarə et. Nəzərə al ki, risklər hər bir biznesin ayrılmaz elementidir. Risksiz biznes yoxur. Onları düzgün idarə edə bilən sahibkar bu risklərdən maksimum sığortalanır. Riskləri idarə etmək üçün isə müxtəlif keyfiyyətli təlim və məsləhət xidmətlərindən mütləq faydalan.
15. Ədalətli rəqabət apar. Ədalətli rəqabət mühitinin formalaşmasında iştirak etməklə dəstək ol. Rəqiblərinlə yalnız sağlam rəqabət mühitində mübarizə apar. Keyfiyyətli məhsul, rəqabətli qimətlər və etik davranış münasibətləri çərçivəsində buna nail olmaq mükündür.
16. Effektli marketinq və PR qur. Bu anlayışlar müasir biznesin uğurunu təmin edən müəyyənedici amillərdəndir. Xeyriyyə işlərinə marketinq və PR elementi kimi baxma. PR və marketinq predmetini məşğul olduğun biznes ekosistemi çərçivəsində cəmiyyətin və fərdlərin işgüzar inkişafına əsaslananan fəaliyyətin tərkib hissəsi kimi bax. Sosial şəbəkələrdən də məhz bu dəyərlər sisteminə fayda verə biləcək həllər üçün istifadə et. O zaman yersiz reklama ehtiyac olmayacaq.
17. Natiqlik və ünsiyyət bacarıqlarını artır. Nəzərə al ki, nəyi necə təqdim etməyin çox önəmlidir. Emosional sabitliyini hər zaman qoru. Emosiyalarını idarə etməyi bacar. İşgüzar danışıqlarda təkəbbürlü olma, təmkinini isə əsla pozma.
18. Daim öyrən. Nəzərə al ki, biliyin sərhədi yoxdur. Bilirəm ki, hər kəsin dediyi standart cavabı verəcəksən. Vaxtım yoxdur. Amma buna baxmayaraq, hər həftə bir kitab oxu. Məşğul olduğun biznesin inkişafı üçün trend sayılan ədəbiyyatları oxu. Bu isə dünya görüşünə çox ciddi təsir edəcək.
19. Sosial məsuliyyətini dərk et və adekvat addımlar at. Nəzərə al ki, cəmiyyət qarşısında təkcə dövlət məsuliyyətli deyil. Çalışdığın sektor üzrə səndən dəfələrlə kiçik və mikro bizneslərə dəstək olmaq kimi bir öhdəliyinin də olduğunu unutma. Məsələn, daha keyfiyyətli bir mikrobiznesdən satınalama etməklə həmin biznesin davamlılığını təmin etmiş olarsan. Çalışdığın biznes sahəsində heç olmasa ən azı, bir əlilliyi olan şəxsi işlə təmin edə bilərsən. Yaxud da yeni kadrları öyrədib onları cəmiyyətə qazandıra bilərsən. Qazancının cüzi də olsa müəyyən hissəsini məğul olduğun biznes sektorunun iştirakçısı olan şəxslərin işgüzar inkişafı naminə xeyriyyə işlərinə ayıra bilərsən. Məsələn, istedadlı tələbələrin təhsil haqqına dəstək, yapon, çin dili kurslarının aylıq xərclərinə dəstək ola bilərsən. Peşə məktəbləri və sosial xidmət müəssisələri məzunlarını işlə təmin edə bilərsən. Və yaxud Universitetlərdə fəaliyyət göstərən müxtəlif kursların xərclərini qarşılamaqla bu məktəblərin inkişafına dəstək ola bilərsən
20. Təcrübəni buna ehtiyacı olanlarla bölüş. Biznesmen olmaq və sahibkarlıq fəaliyyəti barədə biliklərə yiyələnmək istəyən gənclər üçün mentorluq və məsləhətçilik et. Ölkəmizdə müxtəlif fərdi və işgüzar inkişaf kursları fəaliyyət göstərir. Eyni zamada, son ilin tendensiyası onu göstərir ki, Universitetlərdə aparılan islahatlar nəticəsində Universitetlər də sahibkarların təcrübələrini tələbələrlə bölüşmək üçün qapılarını açıb.