Azərbaycan hökumətinin qarşıdakı 10 ildə həyata keçiriləcəyi iqtisadi islahatlar çərçivəsində «biznesə dost» vəzifələrinin icrası da nəzərdə tutulur.
Eləcə də bax: Təcili: Prezident İqtisadi Sabitlik Şurası yaratdı - FƏRMAN
FED.az xəbər verir ki, bu Azərbaycanda iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və İqtisadi Şuranın yaradılması barədə prezident İlham Əliyevin fərmanında nəzərdə tutulur.
Fərmanda deyilir ki, ötən 20 ildə ölkədə iqtisadiyyat 3 qat artıb, qarşıdakı 10 ildə isə iqtisadiyyatın 2 qat artımı hədəflənir. Nəzərdə tutulan hədəflər sırasında iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirmək, iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirmək və ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmaq var.
Fərmandan aydın olur ki, hökumət postpandemiya dövründə iqtisadiyyatın illik artım tempini yüksəltmək istəyir. Bunun üçün yeni mexanizmlərinin işə salınması nəzərdə tutulur.
İqtisadi artım üçün hökumətin hədəflərindən biri özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi olacaq.
Bundan başqa, qeyri-neft ixracının artırılmasına da çalışılacaq.
Fərmanda bildirilir ki, hökumət investisiya mühitinin radikal yaxşılaşdırılmasını planlaşdırır.
Bundan başqa, mülkiyyət hüquqlarının daha effektiv qorunması və «biznesə dost» digər strateji vəzifələrin icrası da nəzərdə tutulur.
Fərmana əsasən yaradılan İqtisadi Şuraya ənənəvi olaraq ölkənin bütün iqtisadi isteblişmenti daxildir. Baş nazirin başçılıq edəcəyi quruma prezidentin və vitse prezidentin köməkçiləri Şahmar Mövsümov, Natiq Əmirov, Xalid Əhədov və Emin Hüseynov, eləcə də maliyyə, iqtisadiyyat, əmək və sosial müdafiə nazirləri, Mərkəzi Bankın və Neft Fondunun rəhbərliyi daxil olacaq.
Ölkə iqtisadiyyatının indiki durumunu - hətta pandemiyanın təsirləri nəzərə alınmasa da – eləcə də investisiya və biznes aktivliyini və biznesdəki əhval-ruhiyyyəni nəzərə aldıqda fərmanda Şuranın qarşısında olduqca ambisiyalı, hətta çətin vəzifələr qoyulub.
Nəzərdə tutulan hədəfə çatmaq üçün qarşıdakı 10 ildə ölkədə illik iqtisadi artım 7%-dən aşağı düşməməlidir.
Bu nə dərəcədə mümkündür, demək çətindir.
Müqayisə üçün bildirək ki, son 3 ildə 2017-2019-cu illərdə ölkədə iqtisadi artım sürəti 2,2%-i keçməyib, orta hesabla 1,2% arasında dəyişib. Belə ki, hətta devalvasiyanın təsirləri hissə olunan 2015-2016-cı illəri nəzərə almadan da, 2017-ci ildə iqtisadi artım 0,1 faiz - qeyri-neft sektorunda 2,7 faiz artım, neft sektorunda 5 faiz azalma olub.
2018-ci ildə ölkədə iqtisadi artım 1,4 faiz - qeyri-neft sektorunda 1,8 faiz, neft sektorunda isə 0,6 faiz artım olub.
2019-cu ildə ölkədə iqtisadi artım 2,2 faiz - qeyri neft-qaz sektorunda 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artım olub.
Başqa sözlə, fərmanda göstərilən məqsədlərə nail olmaq üçün iqtisadi artım sürəti 5 dəfədən çox yüksəlməlidir. İndiki vəziyyətdə bu mümkün olacaqmı? – ciddi sualdir.
Neft hasilatındakı pikin keçildiyini və hasilatın bundan sonra da tədricən azalacağını, eləcə də, qarşıdakı illərdə neftin qiymətinin yuxarı həddinin getdikcə aşağı düşəcəyini (məsələn, «Moodys»-in proqnozlarına görə 2020-2021-ci illərdə 40-45 dollolar ətrafında olacaq) nəzərə alanda iqtisadi artımin lokomotivi qeyri-neft sektoru olmalıdır.
Şura üçün digər inkişaf mənbəyi birbaşa xarici investisiyaların artımı nəzərdə tutulur. Prezidentin son çıxışlarını və bəzi sahələrin liberallaşdırılacağı barədə bəyanatları nəzərə alanda iri dövlət müəssisələrinin özəlləşdiriləcəyi də gözlənilir.
İqtisadi artımın digər mənbəyi aministiya ola bilər. Xatırladaq ki, ölkədə maliyyə və əmlak aministiyasının tətbiqi gözlənilir. Amma aministiya həm də yarı məcburi olacaq. Məsələ bundadır ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək. Bunun üçün Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilib. Buraya «Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası» adlı maddə əlavə edilib. Başqa sözlə, Azərbaycan məhkəmələri xaricdəki əmlakın müsadirəsi ilə bağlı qərarlar qəbul edə biləcək.
Digər yarı könüllü-yarı məcburi qaydalar iş adamlarının investisiya planlarına aid olacaq.
Məsələ bundadır ki, bir qədər əvvəl prezident İlham Əliyev yerli sahibkarların xaricə investisiya yatırmasından narazılığını bildirərək onları xüsusilə indiki - pandemiyanın davam etdiyi həssas bir vaxtda ölkəyə investisiya yatırmağa çağırmışdı. Dövlət başçısı bildirmişdi ki, bunu etmək sahibkarların «mənəvi öhdəliyidir». Prezident etiraf etmişdi ki, iş adamlarının xaricə yatırım etməsinin qarşısını almaq, onu qadağan etmək mümkün deyil: «Əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik». Əvəzində o aidiyyatlı orqanlara tapşırıq verib ki, xaricə yatırım etmək istəyənlər bunu əsaslandırsınlar: «Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır».
Başqa sözlə, bundan sonra ölkədən xaricə investisiya yatırılması prosesinin çətinləşməsi gözlənilir. Hökumət çalışır ki, iş adamları həmin pulları ölkə daxilinə yatırsınlar.
İş adamlarını buna həvəsləndirmək üçün fərmanda qarşıdakı 10 ildə investisiya mühitinin radikal şəkildə yaxşılaşdırılacağı qeyd edilib.
Hələlik bunun üçün hansı addımların atılacağı dəqiq məlum deyil.
Yaxşı cəhət odur ki, hökumət investisiya mühitinin radikal şəkildə dəyişməsinin zəruri olduğunu anlayır.
Hələliksə, son iki ilin rəqəmləri bu sahədə vəziyyətğin ürəkaçan olmadığını göstərir. Devalvasiyaların təsirinin sorulduğu 2016-2017-ci ildən sonra nisbətən sabitlik, hətta inkişaf dövrü sayılan 2018-2019-cu illərdə belə, ölkəyə yatırımlar azalıb. 2018-ci ildə investisiyalar 4,4%, 2019-ci ildə isə 2,3% azalıb.
Bu o deməkdir ki, biznes – xarici və yerli – səbrlə hökumətin elan etdiyi islahatların real nəticələrini gözləyir.