Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Pandemiyadan sonra ilk dəfə təşkil olunan sərgidə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılacaq. Ümumilikdə 400 minə yaxın peşəkar ziyarətçi qeydiyyatdan keçib. Şanxay sərgisində 69 ölkənin milli pavilyonu ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərəcək. Sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.
Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçılarından olan Azərbaycanın milli pavilyonunda ölkəmizin rəqabətqabiliyyətli məhsulları təqdim olunacaq.
Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər.
Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində də yeganə idxal sərgisidir. (Azərtac)