Azərbaycan hökuməti qeyri-neft sektorunun gücləndirilməsi ilə bağlı iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üzərində baş sındırdığı bir vaxtda, bir sahə təbii axarı ilə sürətlə genişlənməkdə və sahiblərinə böyük gəlirlər gətirməkdədir.
FED.az xəbər verir ki, söhbət restoran-kafe biznesindən gedir. Dövlət Statistika Komitəsinin (DSK) iaşə sektoru ilə bağlı məlumatlara görə, restoran biznesi ciddi iqtisadi sektora çevrilir və hazırda baş verən tendensiyanı nəzərə alsaq, bu proses hələ bir neçə il davam edəcək.
FED.az komitənin saytında yerləşdirilən statistik məlumatlara istinadən xəbər verir ki, son 10 ildə Azərbaycanda restoran və kafelərin sayı 2,3 dəfə artıb. İndi ölkədə 17 min 300-ə yaxın kafe-restoran var. 2007-ci ildə isə bunların sayı 7 minə çatmırdı. Özü də bu artım son illər daha da sürətlənib. Belə ki, təkcə 2016-cı ildə ölkədə 1 653, 2015-ci ildə isə 1800 yeni restoran fəaliyyətə başlayıb.
Komitənin məlumatına görə, bu gün Azərbaycanda ən çox restoranlar Bakı, Sumqayıt və Abşerondadır. Paytaxt əhalisi və qonaqlarına 7 minə yaxın restoran xidmət göstərir. Halbuki 10 il əvvəl onların sayı 2 dəfədən də az idi, təqribən 3 min. Sumqayıtda 960, Abşeronda 416 restoran var. Başqa sözlə ölkədəki restoranların təqribən yarısı Bakı, Sumqaıt və Abşerondadır. Amma bölgələr də geri qalmırlar. Bölgələrdə ən çox restoranlar Gəncədə (366), Lənkəranda (358), Xaçmazda (350), Şəkidə (322), Qubada (287), Masallıda (261), Yevlaxdadır (258). Ölkənin məşhur turizm və əyləncə bölgəsi sayılan Qəbələdə 251, Göyçayda 242, Tovuzda 235, Zaqatalada 224, Şəmkirdə isə 219 restoran fəaliyyət göstərir. Qusar, Şamaxı və İsmayıllıda isə müvafiq olaraq 217, 191 və 170 restoran var.
Restoran qıtlığı olan bölgələr
Ən az restoran olan rayonlar isə Xızı, Yardımlı, Qobustan, Naftalan, Siyəzən, Ağdam və Qobustandadır. Bu rayonlardakı iaşə müəsisələrinin sayı 50-yə çatmır. Qeyd edək ki, xüsusilə turizm bölgəsi kimi tanınan Naftalanda restoranların sayının azlığı qəribə görünür, böyük ehtimalla bu uyğunsuzluq biznesin də diqqətini çəkib və artıq 2017-ci ilin nəticələrində Naftalandakı restoranların sayının artımının şahidi olacağıq.
Son 10 ildə restoranların ən çox artdığı rayon Xaçmazdır – 2007-ci ildə rayonda cəmi 25 restoran olduğu halda, 2016-cı ilin yekunlarına görə, burada restoranların sayı 14 dəfə artaraq 350-yə yüksəlib və böyük ehtimalla bu artım 2017-ci ildə də davam edəcək. Abşeronda isə restoranların sayı 12 dəfə artaraq 35-dən 416-ya yüksəlib. Kürdəmirdə restoranların sayı 8 dəfə artaraq 21-dən 165-ə, Qobustanda isə təqribən 7 dəfə artaraq 7-dəq 46-ya qalxıb.
Artım hələ davam edir
Ümumiyyətlə, əksər rayonlarda restoran-kafelərin sayının 3-5 dəfə artması müşahidə olunur. Son 10 ildə Gəncədə, Lənkəranda və Qəbələdə restoranlar 2,5 dəfə, Masallıda 3,5 dəfə, Şəkidə, Quba və Qusarda isə 4 dəfə artıb.
Ağdaşda isə əksinə restoranların sayı azalır, rəsmi məlumatlara görə, 10 il əvvəl rayonda 240 restoran olduğu halda 2016-nın sonunda bu rəqəm 2007 olub.
Restoranların sayı ilə yanaşı, onların dövriyyəsi də yüksəlib və artıq inamla demək olar ki, restoran biznesi ölkə iqtisadiyyatının nəzərə çarpan hissələrindən birinə çevrilib. Belə ki, əgər 10 il əvvəl – 2007-ci ildə restoranların rəsmi dövriyyəsi 167,5 milyon manat idisə, 2016-cı ilin nəticələrinə görə, restoranların ümumi illik dövriyyəsi 7,2 dəfə artaraq 1 milyard 215,4 milyon manat təşkil edib.
Dövriyyə kəskin artıb
Restoranbaşına düşən orta dövriyyə də 3 dəfədən çox artıb. Belə ki, uzaq 2007-ci ildə orta hesabla hər bir restoranın illik dövriyəsi 22 min manat idisə, indi bu göstərici 70 min manatı keçib. Əslində bu rəqəmin reallıqdan azı 3-4 dəfə az olduğu şübhə doğurmur, çünki vergi xidmətinin də məlumatına görə, vergidən yayınmanın ən çox baş verdiyi əsas sahələrdən biri də məhz iaşə sektorudur. Amma hətta bu vəziyyətdə də dövriyyənin kəskin artımı göz qabağındadır.
Məntiqlə restoranların sayının artması bu sahədə rəqabəti artırmaqla, xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə nəticələnməlidir. Bəzi bölgələrdə bu doğrudan da baş verib. Amma bəzi ərazilərdə keyfiyyət o qədər də yüksəlməyib, əksinə aşağı düşüb.
Bölgələrdəki restoranları turistlər "dolandırır"
Peşəkar turist bələdçisi Balaş Maqsudbəyli FED.az-a bildirdi ki, regionlarda restoran sayı artsa da keyfiyyətcə yüksək olanları əvvəldən fəaliyyət göstərən restoranlardır. Restoran sayının artması isə turistlərin sayının artması ilə əlaqədardır: «Çünki rayonlarda yaşayaş yerli əhali restorana bir o qədər də çox getmirlər. Bu kimi iaşə obyektlərinin sayının çoxalma səbəbi turist cəlb etmə məqsədi daşıyır. Bu gün turistləri aparmaq üçün ən münasib rayon Şəkidir. Həm təbiət etibarilə, həm infrastrukturun, həm də xidmət və iaşə obyektlərindəki xidmət səviyyəsinin yüksək səviyyədə olması ora marağı artırır».
Turistlərə "qiymət oxuyurlar"
Restoranlarda qiymətlər isə elə də çocx deyişməyib: «Restoranların sayı artsa da qiymətdə artım 3-5%-dir. Amma elə regionlar var ki, orada turist müştərilərə “qiymət oxuyurlar”. Bu kimi hallar daha çox Qəbələdə müşahidə olunur».
B.Maqsudbəylinin sözlərinə görə, bu gün regionlarda ciddi ayaqyolu problemi də var. Yolqırağı rayon ayaqyolularının bərbad vəziyyətdə olması ora turist cəlb etməyə əsas maneədir. Onun sözlərinə görə belə mənfi hallar bütün regionlarda müşahidə olunur.
Keyfiyyət hər gün azalır
Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi də bildirir ki, restoranların sayının artması birbaşa olaraq turist sayının artması ilə əlaqədardır. Onun sözlərinə görə, turistlər arasında apardıqları sorğu nəticəsində məlum olub ki, bura gələn turistlərin 98%-i Azərbaycan mətbəxini dadmaq üçün gəlir. Üstəlik bu sahədə yaradılan münbit şərait də (yəni restoran açmağın asanlığı) iaşə obyektlərinin sayının artmasına səbəb olur.
S.Dübəndi bildirir ki, hazırda fast-food tipli restoranların sayında daha çox artım müşahidə olunur. Üstəlik belə restoranlarda milli mətbəxin yeməkləri də artır.
Əvəzində təşkilat rəhbəri qeyd edir ki, sayı artmaqda olan restoranlarda xidmət və keyfiyyət səviyyəsi günbəgün enir. Aparılan monitorinqlərin nəticəsinə görə, bu tendensiyanın Bakıda da müşahidə olunduğunu bildirən S.Dübəndinin sözlərinə görə, bunun əsas səbəbi restoran işçisi hazırlayan peşə məktəblərinin sayının az olması, üstəlik həmin məktəblərdə hazırlığın zəif aparılmasıdır: «Avropa və Rusiyadan gələn turistlər daha çox tələbkar olurlar. Bütün nüansları ayrı-ayrılıqda qiymətləndirirlər. Bu turistlərin ən çox narazı olduğu məsələ xidmət keyfiyyətinin aşağı olmasıdır. Restoranlarda qida məsələləri normaldır, amma masa xidməti və barmenlər zəifdirlər».
Restoranlar qiymətləri 10-15% artırıb
Ölkədə baş verən iqtisadi proseslər restoranlardakı qiymətlərə də təsirsiz ötüşməyib. S.Dübəndi bildirir ki, devalvasiyadan əvvəl ərzaq qiymətləri ucuz idi deyə, restoranlardakı qiymətlər də aşağı idi. Amma həmin vaxtdan sonra restoran qiymətləri 10-15%-ə qədər bahalaşıb. Bununla yanaşı, ölkədə nisbətən ucuz seqmentə aid restoranların sayı artdığına görə, restoranlarda ödənilən orta hesab məbləği aşağı düşüb. Belə ki, əgər 2 il əvvəl restoranlarda ödənilən hesabın orta məbləği 40-60 manat arası idisə, hazırda bu rəqəm 35-40 manata enib.
Azərbaycada 7 dəfə böyüyən biznes sahəsi – MÜŞTƏRİ DƏ VAR, QAZANC DA
09:41
21 Dek 2017