ATİB-də Alanya Ticarət və Sənaye Palatasının rəhbəri ilə görüş keçirilib.
Mayın 4-də Alanya Ticarət və Sənaye Palatasının (ALTSO) İdarə Heyətinin sədri Eray Erdemin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Azərbaycanın Türkiyə Respublikasındakı Ticarət nümayəndəsi Tamerlan Tağıyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndəsi Əli Nəcəfzadə, ATİB İdarə Heyəti sədrinin müavini Alper Yaycılı, İdarə Heyətinin üzvü Lamiyə Bayramova, “Coca-Cola Azərbaycan” şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Türkan Manaflı iştirak ediblər.
İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
Tamerlan Tağıyev iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında özəl sektorun rolunun artırılması, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə ATİB-in fəaliyyətinə diqqət çəkib.
ALTSO İdarə Heyətinin sədri Eray Erdem öz nöbəsində Palatanın fəaliyyətindən bəhs edib. Palatanın Alanya şəhərində fəaliyyət göstərən mühüm iqtisadi qurumlardan biri olduğunu diqqətə çatdıran Eray Erdem əsas prioritetlərdən birinin bölgədə fəaliyyət göstərən sahibkarları və müəssisələri bir araya gətirərək onların maraqlarını qorumaq və iqtisadi inkişafı dəstəkləmək olduğunu vurğulayıb. Eray Erdem Palatanın fəaliyyətinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, eyni zamanda sosial məsuliyyət layihələri, təhsil təşəbbüsləri və müxtəlif ictimai tədbirlər vasitəsilə cəmiyyətin inkişafına töhfə verdiyini bildirib.
Qonaqlarla ilkin tanışlıqdan sonra tərəflər Azərbaycanda xarici investorlar üçün əlverişli investisiya imkanları, mövcud biznes mühiti, sahibkarlığın inkişafı üçün yaradılan şərait və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova Alanya Ticarət və Sənaye Palatasının (ALTSO) adından xatirə hədiyyəsi təqdim edilib.




















