Hazırda bütün dünyada koronavirus (COVİD-19) pandemiyası səbəbindən müşahidə edilən vəziyyətə uyğun olaraq, Azərbaycanda da mikro və kiçik bizneslərin dayanıqlığı pandemiyanın yaratdığı böyük iqtisadi çətinliklər nəticəsində xüsusilə böyük təzyiq altına düşüb.
Eləcə də bax: Pandemiyadan ən çox zərər çəkən ölkələr - Açıqlanıb
FED.az xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) COVID-19-un Azərbaycanda mikro və kiçik bizneslərə təsirini daha dərindən araşdırmaq məqsədi ilə tədqiqat layihəsi həyata keçirib.
Layihə çərçivəsində dekabr 2020-fevral 2021 dövrü ərzində Azərbaycanın bütün regionları əhatə olunmaqla 1 001 mikro və kiçik sahibkarla müsahibələr aparılıb.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə layihənin əsas icraçısı “Finance and Social İnnovation Consulting” MMC (FSİC) maliyyə xidməti təminatçıları üçün Sosial Fəaliyyət üzrə İşçi Qrupu (SPTF) tərəfindən hazırlanmış və qlobal səviyyədə tətbiq olunan COVID-19 Müştəri Müsahibə Alətinin lokallaşdırılmış versiyasının vasitəsi ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri və AMFA üzvü olan bank olmayan kredit təşkilatları – FİNCA Azərbaycan, Aqrarkredit, İnkişaf üçün Maliyyə, Viator Mikrokredit, Avrasiya-Kredit, Qafqaz Kredit və EmbaFinans təşkilatlarının müştəriləri arasında müsahibələr aparıb.
Tədqiqat Layihəsinin məqsədi mikro və kiçik sahibkarların hansı maliyyə dəstəyinə ehtiyacı olduğunu, hansı siyasət və ya tənzimləyici dəyişikliklərin onlara fayda verə biləcəyini və bizneslərinə dəstək olmaq üçün hansı əlavə addımların lazım olduğunu araşdırmaq olub. Tədqiqatın nəticələri və müvafiq tövsiyələr Tədqiqat Hesabatı və Siyasət Sənədi şəklində ümumiləşdirilməklə, dövlət orqanları, beynəlxalq inkişaf təşkilatları, biznes assosiasiyaları və tərəfdaş mikromaliyyə təşkilatlarına təqdim edilib.
Tədqiqat zamanı həm kişi, həm qadın respondentlərin orta hesabla 79%-i pandemiya dövründə maddi vəziyyətlərinin pisləşdiyini bildiriblər. Respondentlərin bütün mənbələrdən orta illik gəliri 2019-cu ilə nisbətən 2020-ci ildə 40% civarında azalıb.
Respondentlərin əsas narahat edən məsələ işləmək və gəlir əldə etmək imkanı və ailələrinin sağlamlıq durumu olub. İşləmək və gəlir əldə etmək imkanı ilə bağlı narahatlığın artan tendensiya ilə davam etməsi diqqət çəkən məqam kimi ortaya çıxıb. Belə ki, 2020-ci ilin dekabr ayında respondentlərin yalnız 43,1%-i bu istiqamətdə öz narahatlığını ifadə etdiyi halda, 2021-ci ilin yanvar və fevral aylarında bu göstərici müvafiq olaraq 60,8% və 64,9%-ə yüksəlib ki, bu da gəlir əldə etmənin mikro və kiçik sahibkarlar üçün əsas problem olaraq qalmasını göstərir.
Respondentlərin böyük əksəriyyəti böhrandan çıxmaq üçün aşağı faizli (5-15%) kreditlərin asan şərtlərlə verilməsini istəyib. Respondentlər daha aşağı dərəcələrlə dövlət tərəfindən dəstəklənən xüsusi kredit proqramlarının olmasına baxmayaraq, bu cür kreditlərin mikro sahibkarlara verilməməsindən şikayətləniblər. Bundan əlavə, hökumətin kredit ödənişlərini kompensasiya etməsini – əsas məbləğin və faiz ödənişlərinin tam olaraq, yaxud qismən bağışlanmasını xahiş edənlər də olub.
Respondentlər, həmçinin kompensasiyalar, vergi güzəştləri və digər subsidiyalar şəklində hökumət dəstəyinin davam etməsini və daha çox insanı əhatə etməsini arzu ediblər. Kredit ödənişlərinə tətillərin verilməsi, qrant şəklində əlavə kapitalın təmin olunması və bazarlara çıxışa yardım edilməsi mikro və kiçik bizneslərin canlanması üçün əsas hərəkətverici qüvvələr kimi qeyd olunublar.