Xəbər verildiyi kimi, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyaya qarşı növbəti sanksiyaya hazırlaşır. FED.az xəbər verir ki, bu dəfə hədəf Rusiyanın məşhur iş adamları və prezident Putinə yaxınlığı ilə seçilən oliqarxlardır. Artıq rəsmi qurumlar sanksiya tətliq edilə biləcək şəxslərin «Kreml siahısı» adlanan siyahısını hazırlayıblar.
“Kreml hesabatı” adlanan sənəd iki hissədən ibarətdir və mətbuata açıqlanmayan məxfi hissəsi də var. Məxfi bölümdə siyahıda adları olan şəxslərin harada, nə qədər aktivlərə, mal varlığına malik olduğuna dair məlumatlar, eləcə də əlavə siyahının ola biləcəyi ehtimal edilir. Açıq siyahıya Azərbaycan əsilli 4 iş adamının (Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov) da adı daxil edilib. Oradakı iş adamlarının və oliqarxların bilinən ümumi varidatı 386 milyard dollardan çoxdur.
Beynəlxalq münasibətlər üzrə ekspert Şahin Cəfərli bildirir ki, bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi mənasına gəlmir. Hərçənd ki, siyahıdakı bəzi şəxslər hazırda sanksiya altındadır: «Sual yaranır ki, bəs məqsəd nədir? Əvvəla, məqsəd budur ki, siyahıya düşənlər basqı altına alınır, hesab edilir ki, onlar gələcək sanksiyalardan yayınmaq üçün Putinə təsir-təzyiq göstərərək Rusiyanın siyasətində dəyişikliyə nail ola bilərlər. Mümkün olarsa, Putinlə həmin oliqarxların üz-üzə qoyulması, aralarının açılması da hədəflənir. Lakin bu iki düşüncənin gerçəkləşmə ehtimalı azdır. Əgər hər hansı real nəticə əldə olunmasa, onda həmin şəxslərə qarşı real sanksiyaların (səyahət qadağası, aktivlərinin dondurulması, dollar sistemindən təcrid və s.) tətbiqinə başlanacaq».
Ekspertin sözlərinə görə, bununla yanaşı, siyahının açıqlanması faktının özünün də qaçılmaz təsirləri olacaq: «Adı sadalananlar “toksik” və “viruslu” subyekt halına gəlir. Yəni əcnəbi sərmayə (ABŞ və Avropa biznesi başda olmaqla) artıq bu adamlarla iş görməkdə ən azı tərəddüd edəcək, çoxları bundan yayınacaq. Onların xaricdən maliyyə cəlb etməsi, öz biznesini genişləndirməsi xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq. Üstəlik, CAATSA qanununda açıq göstərilir ki, sanksiya altına düşən Rusiya şirkətləri ilə böyük həcmdə iş görən, o cümlədən Rusiyadan ciddi məbləğlər ödəyərək silah alan üçüncü ölkələrin müvafiq qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Bu müddəa yanvarın 29-dan etibarən qüvvəyə minib və dünən Dövlət Departamenti bununla bağlı Konqres üzvləri üçün məxfi brifinq keçirib.
Rusiyanın qiymətli kağızlarına, dövlət istiqrazlarına, avrobondlarına sanksiyanın tətbiqi də nəzərdən keçirilir. Konqres hökumətdən bu haqda da hesabat istəyib».
Sanksiyalar Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti, ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Bəşər Əsəd rejiminə dəstəyi kimi səbəblərlə əsaslandırılıb: «Qanuna görə, hökumət (prezident) sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə bilər, bu isə sanksiyaların uzunmüddətli olması deməkdir. Bu baxımdan CAATSA qanunu 1974-cü ildə SSRİ-yə qarşı qəbul olunan və 38 il sonra – 2012-ci ildə ləğv edilən “Cekson-Venik” qanunu ilə müqayisə edilir. “Cekson-Venik”in ləğvindən sonra Rusiyaya qarşı dərhal başqa bir sanksiya qanunu - “Maqnitski Aktı” qəbul olundu. Sonradan qlobal mahiyyət verilən bu qanunun ucu açıqdır və hər il ora yeni adlar əlavə edilir»-deyə Ş.Cəfərli bildirir.
Sanksiya tətbiq ediləcək şəxslərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.
Eləcə də bax: ABŞ Maliyyə Nazirliyi "Kreml hesabatı"nı Konqresə təqdim etdi
Eləcə də bax: ABŞ-ın “qara siyahı”sındakı azərbaycanlı milyarderlər