2016-cı ildə 70 ton, 2017-ci ildə 240 tondan yuxarı, hazırda 510 tona yaxın barama istehsal olunub.
FED.az xəbər verir ki, bunu Şəki İpək ASC-nin boyaq-bəzək istehsalatının meneceri Qüdrət Quliyev bildirib.
Onun sözlərinə görə, ASC-də istehsal edilən kələğayılar ipəkqurdunun ağzından çıxan təbii məhluldan hazırlanır:
“İpək deyəndə baramaqurdu, baramaqurdu dedikdə isə onun ağzından çıxan fibrain-seriksin nəzərdə tutulur. Onun 75 faiz fibrain, 25 faiz isə seriksindir. Qurdun ağzından bu məhlul çıxan kimi oksidləşir və sap əmələ gəlir. Həmin ipəyin tərkibində heç bir qarışıq yoxdur. Əsl ipəyə əl vuranda ondakı soyuqluq necədirsə, oxşar halı baramaqurdunda da müşahidə etmək mümkündür”.
Q.Quliyev qeyd edib ki, 10 kiloqram yaş baramadan 1 kiloqram ipək, 1 kiloqram baramadan isə 8 ədəd kələğayı hazırlanır:
“Kələğayı bir rəngli olanda günə 50-60 ədəd istehsal etmək mümkündür. Amma kələğayıda 3 rəng varsa, o, 3 günlük iş deməkdir, çünki 3 dəfə boyağa girir. Boyama zamanı rənglər ağdan qaraya doğru dəyişir. Burada əl əməyindən istifadə edilir. Kələğayıların qiyməti 35-60 manat arasında dəyişir. Əl əməyindən istifadə edildiyi üçün qiymətlər nisbətən bahadır. Amma olur ki, bizdən alıb Bakıda və digər yerlərdə 100-150 manata da satırlar”.
Qüdrət Quliyevin sözlərinə görə, daha çox soyuq rənglərə üstünlük verilir:
“Ağ, soğanı, qara rənglər olduğu halda, yeni rənglərdən də istifadə edirik. Gənclər daha çox birrəngli açıq, soyuq tonlardan, nisbətən yaşlı xanımlar üçün tünd rəngli, az güllü kələğayilər istehsal edilir. Kələğayı özü təbii olduğu kimi, rəngləri də təbiidir. Hazırda istehsal olunan kələğayılar Fransa, İngiltərə, İran və başqa ölkələrə satılır, həmçinin yerli bazara çıxarılır.
Artıq baramalar gəlir, sevindirici haldır ki, 3 mindən çox insan yenidən işə bərpa olunacaq. Biz ipəkdən olan bütün parçaları istehsal edəcəyik”.