Azərbaycanda məşhur «Çinar» şokoladlarının istehsalçısı, vaxtilə bütün Sovet İttifaqında tanınan şokolad zavodu – «Gəncə-Qənnadı» ASC fəaliyyətini genişləndirmək istəyir.
Eləcə də bax: Azərbaycanda Rusiya şokoladlarının bazar payı artır - 73%-Ə ÇATIB
FED.az xəbər verir ki, «Gəncə Qənnadı» ASC Gəncədə «Çinar» konfetlərinin yeni çeşidinin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə layihə ilə tanış olan mənbə məlumat verib. Konfetlərin, həmçinin məşhur “Çinar” konfetlərinin yeni çeşidinin istehsalının təşkilini nəzərdə tutan biznes plan tərtib olunub. Bu məqsədlə Qafqaz regionunda ən iri qənnadı fabriklərinin birində istehsalın bərpası, məhsulların beynəlxalq standartlara uyğun buraxılması məqsədilə yeni avadanlığın quraşdırılması nəzərdə tutulur. Bunun üçün müəssisəyə 2,2 milyon manat investisiya tələb olunur. İnvestorlar pulu 4-5 ilə çıxaracaqlar.
Eləcə də bax: Yaponiya Azərbaycanda - ÇAY VƏ ŞOKOLAD BURAXACAQ
«Gəncə Qənnadı» ASC-nin direktorlar şurasının sədri Mahir Abdullayev FED.az-a müsahibəsində bildirib ki, layihə olduqca gəlirlidir və reallaşsa, xaricə də məhsul satışı başlayacaq.
- Mahir müəllim, «Gəncə Qənnadı»nın genişlənməsi və yeni istehsal xəttinin quraşdırlması layihəsi üçün müraiət edən olub?
- Bəli bu layihəni ötən ildən təklif etmişik, indi də gündəmdədir. Bir qədər əvvəl «Paşa Bank»dan gəlib maraqlanmışdılar, sonra yarımçıüq qaldı. Layihəni reallaşdırmaq üçün vəsait lazımdır, təxminən 2 milyon manat. Hələ bu vəsaiti tapa bilməmişik.
- «Gəncə Qənnadı» ASC tam özəl şirkətdir?
- Şirkətimizin 30%-i dövlətindir. Amma investisiya proqramında mənim adıma rəsmiləşdirilib. İşləri tamamlamaq lazımdır.
- Layihəyə görə «Çinar» şokoladlarının istehsalını yenidən qurmaq istəyirsiniz. «Çinar» şokoladları vaxtilə bütün SSRİ-də məşhur olub, amma indi o qədər də görünmür. Onlar bazarı nə dərəcədə tuta bilər?
- «Çinar» bu gün gündəmdə olan, həm də analoqu olmayan, Azərbaycanda tək brend konfetdir. Mən bu konfetin əvvəlki keyfiyyətinin 70%-ni bərpa etmişəm. Konfetlərin xarici görünüşünü, qutularını da səhmana salmışam. Əminəm ki, bu layihə işləyə biləcək bir layihədir. 4-5 ay müddətinə keyfiyyətini bərpa edəndən sonra bu layihə özünü doğruldacaq. Əvvəlki vaxtlardan fərqli olaraq indi keyfiyyətinə söz olmayacaq.
- «Çinar» şokoladlarını nədən hazırlayırsınız?
- Burada ənənəvi xammaldan istifadə edilir - şokolad yağı, fındıq, bal və sair. Bir vaxtlar «Azərsun»un şokolad yağı ilə işləyirdik. Ona görə, keyfiyyət məsələsində bir qədər problemlərimiz olurdu. Amma indi keyfiyyəti bərpa etmişik. Yağı Rusiyadan, balı İrandan gətiririk. Ona görə keyfiyyət öz sözünü deməyə başlayıb.
- Balı irandan niyə alırsınız, yerli bal sərfəli deyil?
- İranda nisbətən ucuz olduğu üçün oradan alırıq. Amma imkanımız var ki, yerli, çox da baha olmayan istehsaldan bal alaq. Bal var kiloqramı 25-30 manata - o baldan alıb şokaladlarımıza qata bilərəm. Amma mən onda məhsulumu sata biləcəmmi? Yox, çünki məhsulun maya dəyəri çox baha başa gələcək. Hazırda təbii arı balını müəyən miqdarda tanıdığımız bildiyimiz yerlərdən yerli bazardan da ala bilirik. Fındığı da yerli bazardan alırıq. Bir tək qalır şokalad almaq, onu da özümüz hazırlayırıq.
- Şokolad hazırlamaq üçün yağı niyə Rusiyadan alırsız?
- Əvvəl «Azərsun»un yağını alırdıq, keyfiyyəti qane etmədi deyə dayandırdıq. Məhsulların keyfiyyətli olması üçün Moskvadan hazır şokalad alırıq. Daha doğrusu qismən alırıq. Vəsaitimiz çox olsaydı Moskvadan daha çox şokalada alardıq. Mən dünya səviyyəsində tanınan – «Rodfront», «Krasnıy Oktyabr» kimi qlazur şokoladları nəzərdə tuturam.
- Bəs istehsal olunan konfetləri tam sata bilirsiniz? Anbarda qalmır ki?
- Anbar qalıqlarımız yoxdur. Əslində biz indi sifarişə işləyirik. Sifariş olursa istehsal edirik, olmayanda dayanırıq.
- İnvestor tapılsa və müəssisəyə sərmayə yatırılanda necə işləyəcəksiniz?
- Sərmayə qoyulandan sonra fasiləsiz işləyəcəyik. Bu gün böyük şirkətlər, «Azərsun» və ya «Veysəloğlu»nun böyük də imkanları var. Ölkənin bütün ticarət obyektlərinə, mağazalarına məhsul paylayırlar. Həmçinin onların imkanları var ki, vaxt-vaxtında mallarını realizə etsinlər. Amma bizim elə imkanlarımız yoxdur. Ona görə, maliyyəyə ehtiyacımız var.
- Sərmayə cəlb eləsəniz hansı məhsullar buraxılacaq?
- Əvvəla məşsul çeşidini artıracağıq. Bu gün bizdə «Çinar»ın qutusu bir növdür. Amma biz onu 10-a çatdıra bilərik. Hətta sifarişdən və tələbatdan asılı olaraq 100 qramdan tutmuş 600-700 qramlıq xüsusi qablaşdırmada da edə bilərik. Müxtəlif göz oxşayan dizaynlı qutularda təqdim edə bilərik.
- Sərmayədən sonra istehsal gücü nə qədər olacaq?
- İndikindən ən azı 100 dəfə artıq istehsal olacaq. İndi biz sifarişlə işləyirik. İstehsalı artırmaq üçün işləmək potensialımız, kadrımız və lazımi avadanlıqlarımız var.
- İndi satışda nə probleminiz var?
- Satışdan çox bizdə maliyyə işində problem var. Satış imkanını qurmaq mümkündür. Amma maliyyə imkanı olsa biz bu işləri daha yaxşı qura bilərik.
- Bəs xaricə məhsul satışına hazırlaşırsınız?
- Bu yaxınlarda hazırladığımız məhsuldan Dubaya nümunə göndərmişik. Bir müddət əvvəl da göndərmişdik, bəyənməmişdilər. Amma, dediyim kimi, keyfiyyəti bərpa etmişik və indi bəyəndilər. Sadəcə tövsiyyə ediblər ki, qutularını bir qədər də yaxşılaşdıraq. Bakıda yaxşı qutular hazırlayan şirkətlər var. Onlarla işləyə bilərik. Məhsul keyfiyyətində problemimiz yoxdur. Yəni bəyənilmiş maldır. Həmçinin bu günlərdə Nyu-Yorka da məhsul göndərmişik. Daha sonra Moskva ticarət evinə arada bir məhsullarımızı aparırlar. Kütləvi şəkildə satmaq imkanlarımız böyükdür.
- Avropanın heç bir ölkəsinə məhsul göndərməmisiz?
- Mən düşünürəm ki, 2 milyon qoyulacaq sərmayənin içində həmin Avropalıq mal istehsal etmək ehtimalımız böyükdür. Bir-iki dəfə çalışmışam öz banklarımızdan yararlanıb, kredit alam. Amma çox əvvəllər, bizim günahımız olmadan bankla bağlı bir iki problem olub deyə, indi kreditdən yararlana bilmirik, ona görə, bizə maliyyə lazımdır.
- Mahir müəllim, indi 2,2 milyonu olan investor tapmaq asan deyil. Bəlkə müəssisənin səhmlərinin bir hissəsini birjaya çıxarıb əhaliyə satmaqla lazımi sərmayəni cəlb edəsiniz?
- Məsələ burasındadır ki, heç kim 30% paya sahib olmaq istəmir. İstəyirlər ki, nəzarət paketinə (yəni qərar verməyə imkan verən səhm paketinə, məsələn 51%-ə - FED.AZ) sahib olsunlar. Bu da normaldır. Çünki o qədər nağd pulu qoyub, sonra heç kim başqasının dediyi ilə hərəkət etmək istəmir. Azərbaycan reallığında bu bir qədər qeyri-mümkündür.