2020-ci il Azərbaycan iş dünyası üçün çox aktiv başlamasına baxmayaraq mart ayında eibarən ilin sonuna qədər həm aktivlik zəyiflədi, həm də müxtəlif sahələrdə kifayət qədər passivlik oldu.
Eləcə də bax: Fəxri Ağayev: “Maaşdan maaşa yox, borcdan borca yaşayırıq” – MÜSAHİBƏ
2021-ci ilə böyük ümidlərlə başlayan iş dünyamız əslində keçmiş səhvlərindən ciddi nəticələr çıxarmalıdır.
Azərbaycanda iş dünyası və sahibkarlarımıza bir neçə mühüm mövzularda məsləhətlərim, düşüncə və fikirlərimi bu məqaləmdə paylaşıram.
Sahibkarlarımıza BİRİNCİ MƏSLƏHƏTİM budur ki, biznesə aid olan bütün mövzularda ancaq uzun müddətli tərzdə düşünsünlər. Satış, marketinq, reklam, əməkdaşların və idarəçilərin işə alınması, xərclər, müştərilərlə əlaqələrin qurulması kimi mövzularda qısa müddətli tərzdə düşünmək həm risklidir, həm də biznes üçün təhlükəlidir.
Bir neçə sadə misal: sahibkarlarla görüşlərimizdə və maliyyə sənədlərini və hesabatlarını təhlil edəndə mən sual verirəm ki, burda 200 manatlıq bir xərc var. Bu xərc maddəsi şirkətə, əməkdaşlara, proseslərə, müştərilərimizə heç bir real dəyər vermir. Sahibkarın cavabı bu olur ki, cəmi 200 manatdır, o qədər də böyük yük deyildir.
Doğrudur: 1 ayda cəmi 200 manat 1 il ərzində, yəni 12 ayda 2400 manat, 10 ildə isə 24000 manatlıq bir xərc deməkdir. Şirkətin aylıq xərcləri içərisində 3 belə dəyər verməyən 200 manatlıq, 400 manatlıq, 600 manatlıq xərclər olsa, 10 il ərzində şirkət külli miqdarda pulları sadəcə heç bir fayda verməyən məsələlərə xərcləmiş olacaq.
Uzun müddətli düşüncə tərzi ilə əlaqədar bir digər məqam da budur ki, bizim şirkətlərimiz və rəhbərlərimiz adətən əməkdaşları sürətli şəkildə işə almaq istəyindədirlər və bir neçə görüşdən sonra dərhal insanları işə götürməyə qərar verirlər. Təcrübəm göstərir ki, adətən biz rəhbərlərimizin dəyərlərimizə, şəxsi fəlsəfəmizə, istəklərimizə uyğun insanı seçmək çox zaman alır və burda bir neçə müaciət edənlərdən 1 nəfərin doğru seçilməsi sadəcə təsadüfi və istisna bir hal ola bilər.
Mənim “5D” adlı bir formulam var: istənilən şirkətin ideala yaxın nəticə verməsi üçün “ (1) biz doğru insanı işə alırıq; (2) onun işimizə doğru adaptasiya olmasını təmin edirik; (3) biz onu doğru təlimatlandırırıq; (4) onun üzərində doğru nəzarət mexanizmləri qururuq və (4) onu doğru motivasiya edirik. Səhv insanın işə alınması durumunda bütün təlimatlandırma, yetişdirmə, işi öyrətmə üçün zaman, enerji və vəsait boşa xərclənmiş olur.
Dəyərli sahibkarlarımıza İKİNCİ MƏSLƏHƏTİM budur ki, bugünkü Azərbaycan reallıqlarında idarəçiliyi artıq öyrənmək və yaxşı öyrənmək məcburiyyətindəsiniz. 2500 il öncə Sokrat demişdir ki- idarəçilik bir elmdir və onu öyrənmək lazımdır. Bu gün təəssüf ki, bizim dəyərli rəhbərlərimizin çox az hissəsi idarəçiliyin elmi disiplin olduğunu qəbul edir və onun üzərində işləyib özlərini inkişaf etdirirlər. Bunu çox sadə misalla göstərmək olar. Biliyin olmadığı yerdə ön plana 4 əsas məqam çıxır- (1) keçmiş təcrübələr, (2) intuisiya, (3) məntiq və (4) insanın istənilən idərəçilik mövzularda öz ölkəsində və iqtidasi realllıqlarını gördüyü ənənələr. Azərbaycanda biznesin ənənələri yoxdur, çünki 2015-ci ilə qədər ölkəmizdə real biznes yox idi- monopiyalar vardı, böyük şişirilmiş holdinqlər vardı ki, onların əksəiyyəti çöküblər. Məntiq və intuisiya ilə şirkəti idarə etmək mümkün deyil. Təcrübəyə isə gəlincə şirkətlərimiz bugünə qədər sürətlə böyüdükləri halda onların keçmiş təcrübələrini bugünkü reallıqlarda tətbiq etmək əksər hallarda mümkün olmur. Hesab edirəm ki, sahibkarlarımız idarəçiliyi artıq dərindən öyrənməlidirlər.
Dəyərli sahibkarlarımıza vermək istədiyim ÜÇÜNCÜ MƏSLƏHƏTİM ilk baxışda standat görünən bir mövzudadır – işə peşəkarları cəlb edin. Peşəkarlar mövzusunda diqqət edilməsi gərəkən bir neçə mühim məqam var. Hər gözəl danışan, hər ingiliscə terminlər isifadə edənlər peşəkar deyildir, çünki gözəl geyimlərinin və akseasuarlarının, ingiliscə terminlər və sözlərin arxasında bəzi hallarda insanlarda ciddi məzmunun olmadığının şahidi oluruq. Ona görə qarşınıza çıxıb gözəl terminlərlə danışan, sizə qısa müddətdə vədlər verən insanlara ilk dəfədən çox da inanmayın. Biznes uzun müddətli bir fəaliyyət növüdür və heç kim biznesdə qısa müddətdə sıçrayış əldə edə bilməz.
Bütün çıxışlarımda dediyim bir cümləni burada bir daha təkrarlamaq istəyirəm: peşəkarlarla işləmək bahalıdır. Peşəkarlarla işləmək bahalıdır, amma qeyri-peşəkarların verəcəyi zərər qədər bahalı deyildir. Mütəxəssislərlə əlaqəli bir məqam daha var ki, peşəkarlara doğru şərtlər və şərait təmin etmək məcburiyyətindəsiniz ki, onlar sonra nəticə versinlər.
DÖRDÜNCÜ MƏSLƏHƏTİM müştərilərimizlə əlaqəlidir. Dəyərli sahibkarlarımız - biznesin sahibisiniz, amma şirkətinizin patronu müştərilərinizdir. Bu gün Azərbaycanda müştəri davranışlarında hər mənada ciddi dəyişikliklər var. Müştərilərimizin qərar vermə mexanizmindən tutmuş, şirkətlərdən olan gözləntilərinə qədər. Buna görə də şirkətlərinizdə bütün proseslər, prosedurlar, standartlar məhz cənab müştərinin ətrafında olmalı və onun məmnunluğuna xidmət etməlidir. Ən əsası isə budur: siz müştərini sadəcə məmnun etməli deyilsiniz, siz bir addım daha ötəyə keçib onu xoşbəxt etmək məcburiyyətindəsiniz ki, biznesiniz uzunmüddətli ömrü olsun.
BEŞİNCİ MƏSLƏHƏTİM komanda üzvlərimiz haqdadır. Müştəriniz sizi, firma sahibləri və rəhbərlərini tanımır - müştəri sizin əməkdaşlarınızı və orta idarəçilərinizi tanıyır; şirkətinizin girişində duran mühafizə əməkdaşı, şirkət daxilində və ya mağazalarda işləyən xadiməni, satış mütəxəssisini, satıcılıarı görür, ünsiyyətdə olur və tanıyır. Buna görə də komandanızda olan hər bir insan firmanızın gələcəyi, böyüməsi və inkişafı üçün vacibdir.
ALTINCI MƏSLƏHƏTİM sistem haqdadır. Firmada sistemin qurulması hər mənada vacib və əhəmiyyətlidir.
Bu gün Azərbaycanda 90% şirkətlərdə sistemsizlik problemi var. Sistemin olmadığı yerdə iki mənfi məqam çıxır ortaya. Sahibkarı hər kəsdən çox işləyib, hamıdan çox yorulur və şirkət daxilində sistemsizlikdən özünə uyğun şərait görüb ulduzlaşan və özünü ulduz və xan kimi aparan əməkdaşlarımız, idarəçi və müdürlərimiz meydana çıxmış olur.
Bütün Azərbaycan iş dünyasına, sahibkarlarımıza və iş adamlarımıza hamımız üçün çox ağır keçən 2020-ci ildən sonra olduqca bərəkətli, effektiv və faydalı bir 2021ci il arzu edirəm. Təşəkkürlər!
Fəxri Ağayev, peşəkar idarəçi, biznes məsləhətçi