Azərbaycanda fitness (idman) avadanlıqlarının istehsalçısı "SferaGYM" şirkəti fəaliyyətini yenidən bərpa etmək üçün investorlar cəlb etməyi nəzərdə tutur.
Məsələ ilə bağlı FED.az-a müsahibə verən şirkət rəhbəri Nahid Hacıyev, bildirib ki, şirkət yeni investisiya hesabına öz dizaynı ilə buraxılan trenajorlar istehsalını genişləndirmək niyyətindədir. Bu trenajorlar «SferaGYM» şirkətinin Mehdiabadda, Novxanı yolunun üstündə yerləşən zavodunda istehsal olunur.
Qeyd edək ki, Azərbaycanda trenajorlara tələbat yüksəkdir. İdmanla məşğul olanların sayı artdığına görə, trenajorlar və idman avadanlıqları trenddə olan məhsuldur.
Hazırda Azərbaycanda satılan trenajorlar bir neçə sinifə ayrılır. «Texnagym» və «lifefitness» kimi daha yüksək kateqoriya trenajorlar əsasən otellər və bahalı məkanlarda istifadə edilir: « Əvvəl belə məhsullar Avropadan, əsasən də İtaliyadan gətirilirdi. Devalvasiyadan sonra isə əsasən İran və Ukraynadan gətirilir. Çinə gedib özləri gətirənlər də var».
Ən çox satılan orta kateqoriya trenajorlardır. Belələri əsasən Ukrayna və İrandan gətirilir: «Ən aşağı sinif trenajorlar isə yerli istehsaldır və necə deyərlər qarajlarda yığılır»-deyə Nahid Hacıyev bildirir.
- Nahid bəy, trenajorlar sıfırdan Azərbaycanda yığılır, yoxsa hissələri başqa ölkələrdən gətirilir?
- Trenajorların üzərində olan döşəkçələr Türkiyədən, troslar və digər müəyən xırda detallar Rusiyadan gətirilir. Metal hissəsi yerli bazar hesabına METAKdan alınır. Daha sonra zavodda trenajorlar yığılır.
- İl ərzində nə qədər trenajor istehsal etməyi planlaşdırırsız?
- Tələbə görə dəyişəcək. Bazara çıxmasan, reklam işini aparmsan nəsə demək çətindir. Ona görə, istehsalımız bazarda olan tələb əsasında formalaşacaq. İlkin olaraq nəsə demək çox çətindir.
- Neçə növ trenajor istehsal etməyi planlaşdırırsız?
- Hal-hazırda istehsalımızda 28-30 növ trenajor var. Amma gələcəkdə 60-70 növə çatdırmaq istəyirik. İnvestitisaya alandan sonra istehsala başalyıb, istehsalı 60-70 növə çatdırmaq olar. İndi bazara təqdim olunan məhsul test olunmuş versiyadır. İstehsal etmişik, zallarda bu işin peşəkarları gəlib məhsullarımıza baxıblar. Amma gələcəkdə istehsal edəcəyimiz digər növ avadanlıqlar hələ test olunmayıb.
- Özünüz tərəfindən yeni növ trenajorlar hazırlamağı planlaşdırırsız?
- Bu mərhələdə hər hansı yeni trenajor kəşfləri etmək fikrimiz yoxdur. O müəyyən mərhələdən sonra baş verə bilər. Beynəlxalq standartlarda ana xətt var. Bura 18-20 avadanlıq daxildir. Bu 18-20 avadanlıq bütün dünyanın hər yerində olan eyni avadanlıqlardır. Sadəcə bəzi şirkətlər var ki, bu standartlar üzərində 3-4 funksiyalı avadanlıqlar istehsal edir.
- Şirкətinizin istehsal edəcəyi trenajorların qiyməti necə olacaq?
- «SferaGYM» şirkətinin istehsalını planlaşdırdığı trenajorlar fərqli siniflərə aiddir və qiymətləri 200 manatdan 6 min manatadək dəyişir. Amma xaricdən gətirilənlərdən daha ucuzdur. Ən bahalı trenajorumuz 5 800 manatdır, onun xaricdəki analoqları 6 500-7 000 manatdır. Hətta 12 min manata olan da var. Bizdə 200 manat olan avadanlıq isə xaricdə 400-500 manatdır.
- İstehsala başlamaq üçün nə qədər əlavə investisiya tələb olunur?
- Trenajor istehsalı üçün şirkətimiz işlərin təqribən 70%-ni həyata keçirib və əlavə tələb olunan 30% maliyyələşməni təmin etmək üçün investor axtarırıq. «SferaGYM»in tam gücü ilə məhsul istehsalına başlaması üçün 300-400 min manat investisiya lazımdır.
- Nahid bəy, bu işə investisiya edən şəxs sizin şirkətdə nə qədər pay sahibi olacaq?
- Ümumiyyətlə indiyə kimi görüşlərdə 20%-ə qədər pay təklif edirdik. İnvestorun nə qədər pay sahibi olacağı yatırımın həcsmindən asılı olaraq dəyişəcək. Hazırda investora minimum 25%-lik pay sahibi olmağı təklif edirik.
- Bunun üçün nə qədər yatırım etmək lazımdır?
- Məsələn, investor 350 min manat yatırım etmək istəyirsə, biz 25% pay verməyə hazırıq. 100-150 min manat yatırmaq istəyirsizsə 15-20% arasında təklif edirik. Daha artıq yatırım edənlərə 30% də təklif edə bilərik.
- İnvestisiya edən şəxs, nə qədər müddətdən sonra qazanc götürə bilər?
- İşlərin qaydasına salınması üçün bizə minimum 6 ay vaxt lazımdır. İşlərin 70%-ni həll etmişik. İstehsal planlaması hazırdır. Yəni necə başlanması, nəyin daha çox istehsal olunması və sair. Stoklama etməyəcəyik. Çünki bazar hələ bunu tələb etmir. Bununla bağlı bazar araşdımamız da olub. 3-4 ay ərzində bazarı öyrəndik, müəyyən iri fitnes mərkəzlərində avadanlıqlarımızı nümayiş etdirdik. Cüzi satışlarımız da oldu. İşin marketinqinə yetərli sayda məbləğ lazımdır.
- «SferaGYM» olaraq indiyədək olan dövriyyəniz nə qədərdir?
- Dövriyyə demək olar ki, hələ formalaşmayıb, çünki bazarda satışımız yox dərəcəsindədir. Bazara çıxıb qüsurlarla tanınmaqdansa bir az gözləməyi qərara aldıq. Müəəyyən bir müddətdən sonra kapital itikisinə məruz qaldıq. Ona görə də layihəni dayandırmaq qərarına gəldik.
- «SferaGYM»un trenajorları başqalarından nə ilə fərqlənir?
- Biz hansısa şirkətin oxşarını istehsal etmirik, eskizləz tam özümzündür. İkinci üstünlüyümüz odur ki, biz əlçatanıq. Fitnes zallarında elə avadanlıqlar var ki, onları dərhal almaq olmur. Məsələn, xarici tərəfdaşlarla işləyən şirkətlər bəzi trenajorları almaq üçün bir müddət gözləməli olurlar, çünki onları stokda saxlamırlar, ancaq sifarişlə gətirirlər. Bizim şirkət isə belə gec gətirilən, «defisit trenajorlar»ın da istehsalı ilə məşqul olacaq. Yəni sifarişi anında qarşılaya biləcəyik.
- Məhzulunuza nə qədər zəmanət verəcəksiniz?
- Zəmanət verdiyimiz və zəmanət vermədiyimiz hissələr var. Zəmanət müddəti 1-3 il arasında dəyişir.