2020-ci ilin dekabrı - Azərbaycan 44 günlük Qarabağ müharibəsində qazanılan qələbəni bayram edir, ermənilərin bir-birinin ardınca boşaltdığı rayonlarda Azərbaycan və Türkiyə bayraqları ucaldılırdı.
FED.az xəbər verir ki, həmin vaxt Qafqazdan 10 min kilometr qərbdə – ABŞ-ın müdafiə nazirliyi olan Pentaqonda keçirilən toplantıda Amerika generalları artıq dünya hərb elminin dəyişdiyini qeyd edir, rəhbərliyə indiyədək mövcud olan müharibə konsepsiyasını yeniləməyin vacibliyini bildirirdilər.
Bu yeniliyin adı – «Bayraktar», müəllifi isə Trabzonda kasıb pilot ailəsində doğulmuş Səlcuk Bayraktar idi.
«60 illik avtomobil sevdası»nı qabaqlayan «səmada inqilab»...
Bir neçə həftə əvvəl bütün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin ilk elektrik avtomobili «Togg»un təqdim edilməsini izləyirdi. Mərasimdə elan edildi ki, «Togg»un buraxılması Türkiyənin 60 illik avtomobil sevdasının həyata keçməsi oldu. Göydə isə bu inqilab hələ 6 il əvvəl baş vermişdi.
«Düz indi, bizim gözümüzün qarşısında hərb elmində inqilab baş verir və bunun səbəbkarları pilotsuz uçan aparatlardır» - deyə Rusiya Müdafiə nazirliyi elan edirdi. «The Washington Times» qəzeti isə yazırdı ki, Qarabağ müharibəsi indiyədək vahiməli sayılan ağır texnikaların asanlıqla «Bayraktar»ların «yemi»nə çevrildiyini göstərdi.
Trabzonlu pilotun diribaş oğlu
Onun şərəfinə mahnılar bəstələnib, şeirlər yazılıb. Yeni doğulan övladını onun soyadı ilə adlandıranlar yüzlərlədir. «Türk PUA-larının atası» sayılan, ixtirası ilə Türkiyənin qlobal müdafiə sənayesində dünyanın ilk beşliyinə daxil olmasına töhfə verən Səlcuk Bayraktar müasir dünyanın tanınmış şəxsiyyətləri sırasındadır.
Əslən Trabzondan olan Səlcuq Bayraqdar 1979-cu ildə İstanbulun Sarıyer rayonunda Özdemir–Canan cütlüyünün ikinci övladı olaraq dünyaya göz açıb. Övlad ailənin güzgüsüdür, deyirlər. Sadə, təvazökar, inanclı müsəlman ailəsi Səlcuğun da bu dəyərlərlə böyüməsinə səbəb olub. Səlcuğun mühəndis atası oğlunu hər şeyə maraq göstərəcək şəkildə böyüdür. Özü də pilotluq kursuna yazılır, uçuşlara onu da aparır.
«Bir dəfə ayağımız yerdən üzüldüsə, bu istək peyvənd kimi qanımıza yeriyir»-deyə Səlcuk o dövrləri xatırlayır. Uşaqlıqdan pilot olmaq, təyyarə düzəltmək arzulayan mühəndis robotexnikaya üz tutur.
«Oxumaq, oxumaq, yenə də oxumaq»
Səlcuğun Haluk və Əhməd adında iki qardaşı var. Bayraktar ailəsinin ortancıl oğlunun uğurlarında onun fundamental təhsili müstəsna rol oynayıb. İstanbuldan ABŞ-ın ən məşhur universitetlərinə uzanan yol alın təri, yuxusuz gecələr, oxumaq, oxumaq və yenə də oxumaq olub.
İlk təhsilini İstanbulda Sarıyer ibtidai məktəbində aldıqdan sonra Robert Kollecinə daxil olan Səlcuq 1997-ci ildə oranı bitirir və İstanbul Texniki Universitetinin Elektron və Kommunikasiya Mühəndisliyi ixtisasına qəbul olunur. Universitet təhsili müddətində Pensilvaniya Universitetinin GRASP laboratoriyasında praktika keçmək üçün etdiyi müraciətə müsbət cavab gəlir – Səlcuğun ABŞ səyahəti başlayır. Staj müddətində müraciət etdiyi təqaüdü aldıqdan sonra isə 2002-2004-cü illər arasında Pensilvaniya Universitetində pilotsuz təyyarələr üzrə magistr dərəcəsini tamamlayır.
Bunun ardınca Səlcuq dünyanın top universitetləri siyahısına başçılıq edən Massaçusets Texnologiya İnstitutunda (MİT) ikinci magistr dərəcəsini alır. Burda o, pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təhsil alır. Oxuduğu müddətdə universitetin professorları George Pappas və Erik Feronun assistenti kimi çalışır. Uçuş aparatlarının uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparır.
«Baykar»ın ikinci nəfəsi...
Mühəndislik ixtisasının sirlərini yüksək səviyyədə mənimsəyən gənc Bayraktar təhsilini başa vuraraq 2007-ci ildə Türkiyəyə dönür və atasının «Baykar» müdafiə şirkətinin texniki meneceri kimi işə başlayır. «Baykar» rəhmətlik atam Özdemir Bayraktar tərəfindən həssas maşın hissələri istehsal etmək üçün qurulan kiçik bir müəssisə idi, amma böyük qardaşım Haluk Bayraktarın iştirakı ilə 2000-ci illərdən bəri mənim ixtisasımla əlaqəli bir quruma çevrildi. 2003-cü ildə işə başladıq. 2005-ci ildə Türkiyənin ilk robot təyyarəsi. Sonra addım-addım bu macəra 6 kilodan 6 tona qədər böyüdü. Xariclə ixrac müqavilələri imzalandı. Bayraktar tarixdə heç vaxt görünməyəcək ianələri toplayaraq, ən çox ölkəyə ixrac edilən bir sistemə çevrildi».
Terrorçularla mübarizə üçün yeni silah
Səlcuğun yeni ixtiraları terrorçularla mübarizə aparan Türkiyə ordusu üçün yerinə düşür. O komandası ilə birgə PKK-ya qarşı mübarizədə, Suriyada, Liviyadakı müharibədə istifadə edilən «Bayraktar 2» pilotsuz təyyarə sistemlərinin təyini və nəzarət sistemini dizayn edir.
Paralel olaraq Türk Silahlı Qüvvələrinin arsenalında ilk pilotsuz uçuş aparatı (İHA) «Basqınçılar»ı yaradır.
Bayraktar Türkiyə Texnologiya Qrupu yanında Vəqfin qəyyum heyəti, prezidenti və qurucusudur. Vəqfin məqsədi texnologiyaya həvəsli olan fərqli yaş qrupundakı uşaqlara dəstək verməkdir. Nəhayət, Bayraktar Türkiyədə kosmik sahədəki edilən işlərin daha da artması və bu sahəyə olan marağın inkişafı üçün kosmik festival olan TEKNOFEST-i təşkil edir.
Özəl həyatı da uğurludur
Səlcuq Bayraqdar şəxsi həyatında da uğurlu şəxs kimi tanınır – o Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın qohumu – kürəkənidir.
Ərdoğan-Bayraktar ailələrinin tanışlığı 90-ci illərə gedib çıxır. Səlcuğun atası Özdəmir Bayraktar hələ o dövrdə Rəcəb Tayyib Ərdoğanla siyasət meydanında çiyin-çiyinə fəaliyyət göstərib, hər ikisi Rifah Partiyasının üzvü olub.
Vaxt keçdikcə əlaqələr güclənir və Səlcuq 2016-cı ildə prezidentin qızı Süməyyə ilə ailə həyatı qurur. Bu evlilikdən onların bir qızı dünyaya gəlib.
Qarabağ Zəfərının «qanadlı əsgərı»
Müasir müharibənin nəticələri texnoloji yeniliklərdən asılıdır, texnologiyaya sahib olan tərəf qələbə qazanır. Bu baxımdan Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki qələbəsində Bayraktar PUA-larının da misilsiz rolu oldu.
Düşmən qüvvələrini tamamilə gözləmədikləri şəkildə məhv edən «Bayraktar»lar sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsinin vizit kartına çevrildilər. Məhz bu qurğular ermənilərin yüzlərlə ölüm saçan qurğularını məhv edərək itkiləri azaltdılar və ordunun qələbəsinə böyük fayda verdilər.
Düşmənə 1 milyrd dollarlıq zərbə
«Bayraktar»ların erməni texnikasını və canlı qüvvəsini məhv etdiyi kadrları izləyən peşəkar həbçilər artıq müharibənin necə başa çatacağını düşünmürdülər (hər şey aydın idi) – onlar anlayırdılar ki, hərb elmində 5-ci nəsil müharibələri dövrü gəlib.
Azərbaycan Prezidenti Türkiyənin "A haber" telekanalına müsahibəsində dronların gördüyü işin miqyaslarını açıqlayıb: «Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı olan PUA-lar vasitəsilə 1 milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib».
Rusiyanın “Natsionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko da Qarabağ müharibəsində «Bayraqdar»lara heyranlığını gizlədə bilməyib: «... Dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin miqyasına və intensivliyinə görə bu, dünyada ilk belə haldır».
Həqiqətən də «Bayraktar TB2» dronlarının Qarabağ savaşındakı performansı hərb elminə yeni baxış bucağı gətirdi. Azərbaycanın bu qələbəsi dünyanın aparıcı institutlarında araşdırma mövzusuna çevrildi, universitetlərdə tədris edilməyə başlanıldı.
Bayraktar ideyası necə ortaya çıxdı?
Bayraktar qardaşları deyirlər ki, onlar əvvəlcə çox kiçik bir mühəndis qrupu ilə pilotsuz təyyarələr düzəldiblər və öz pullarını şirkətə yatırıblar. Döyüşlərdə iştirak etmiş əsgərlərlə söhbətlərindən sonra isə qardaşlar pilotsuz təyyarələrin hərbi sahədə tətbiqinə başlayıblar. Dronlara öz soyadlarını verməklərinə gəlincə isə: «Bayraktar sözü türkcədə öncül mənasını verir və bu ad istehsal etdiyimiz vasitələrlə mükəmməl uyğunlaşır»-deyə Səlcuk Bayrakdar bildirir.
Qadağanın gətirdiyi inkişaf...
Əslində hər şey Türkiyənin NATO-dakı müttəfiqi ABŞ-ın ona uçuş aparatları satmaqdan imtina etməsi ilə başlamışdı. Bundan çıxış yolu kimi Türkiyə rəhbərliyi milli istehsala başlamaq qərarını verdi. Nəticədə dünyanı silkələyən Bayraktar PUA-sı ortaya çıxdı - 2014-cü il Türkiyə tarixinə "Bayraqdar TB2" dronlarının istehsalı ilə düşdü.
1 sutka uçmağı bacaran aparat
Pilotsuz uçan aparat 2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 9 kilometr yüksəkliyə qalxıb. 5-6 avqust tarixlərindəki testində isə tam yüklə 4040 km qət edib. Test zamanı aparat fasiləsiz 24 saat 34 dəqiqə uçuşda olub. PUA UMTAS raketləri, tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Dörd raketlə silahlanan «Bayraqdar TB2» havada 12 saatdan çox qala bilər. Bu, davamlı hava kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirdikdən sonra zərbə endirmək üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Dronun uzunluğu 6,5 m, qanad genişliyi 12 m, maksimum qalxma çəkisi 650 kq, yük tutumu 55 kq-dır. Avtomatik qalxma-enmə sisteminə sahib PUA-da hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün elektron döyüş avadanlığı var.
«Bayraqdar TB2»nin digər əsas üstünlüyü - çəkdiyi görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürməsidir. Buna görə də onun daşıdığı raketlərlə hədəfi 100 faiz dəqiqliklə vurmaq mümkün olur.
«S-300»lərin və «Pansir»lərin qənimi
Bu 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinin, daha sonra digər ölkələrin arsenalına daxil edilib. Qarabağ savaşında sonra isə «Bayraktar» bütün dünyada məşhurlaşdı. Onun ikinci performansı Liviyada baş tutdu – Afrikadakı vətəndaş müharibəsində Türkiyə PUA-ları nəinki ağır texnikanı, hətta hava hücumundan müdafiə qurğularını – S-300-ləri və «Pansir»ləri «biçirdi». Hazırda dünyada «Bayraktar»ları alan və almaq istəyən ölkəərin sayı 20-yə yaxınlaşır. Qeyd edək ki, "Bayraqdar TB2"nin qiyməti 5 milyon dollardır.
«Bayraktar» qorxusu, Türkiyə qısqanclığı
Türkiyənin hərb sənayesindəki ardıcıl uğurları, əlbəttə ki, onun düşmənlərini sevindirmir. Son illər Qərb bu dövləti hər mənada sıxışdırmağa çalışsa da, nəticə həmişə əksinə olur. Bunu «Bayraktar» PUA-larının Qarabağ və Ukrayna-Rusiya savaşlarındakı iştirakına olan münasibəti açıq aşkar göstərir. 44 günlük müharibədə Azərbaycana üstünlük qazandırdığı üçün bu aparatları «Ərdoğanın qatil aparatları» adlandıran bəzi dünya gücləri eyni PUA-ları Ukraynadakı müharibədə «Xilaskar mələklər» adlandırdılar. Bu qərəzli münasibət səbəbindən «Bayraktar»lara embarqoda da qoyulmuşdu. Hələ Qarabağ müharibəsi dövründə Kanada hökumətinin qərarı ilə «Bayraktar»lara «L3Harris Wescam» optik texnikanın verilməsi qadağan edildi. Amma Türkiyə bu dəfə də vəziyyətdən ideal şəkildə çıxmağı bacarmışdı: yerli ASELSAN şirkəti tərəfindən anoloji cihazların istehsalına başlanıldı və Kanadadan asılılığa son qoyuldu.
Taleyin ironiyası isə ondan ibarətdir ki, bu hadisədən heç 2 il keçməmiş Kanada hökuməti özü Ukraynaya bu aparatlardan hədiyyə etmək üçün «Bayraktar» almaq üçün marafon təşkil etməli oldu...
Savaşın da əxlaqı var…
Səlcuq Bayraqdarı Azərbaycanda sevdirən əsas cəhəti onun bu ölkəyə, onun insanlarına olan sevgisidir. Qarabağın işğaldan azad edilmiş incisi Şuşaya hər dəfəki səfərində etdiyi paylaşımları, bu diyarları öz dogma vətəni qədər sevdiyini nümayiş etdirməsi «Bir millət, iki dövlət» anlamının bariz nümunəsidir. Xəstəxanalarda müalicə alan Qarabağ qazilərini ziyarət etməsi, onların müalicəsinə diqqət ayırması da Səlcuqu azərbaycanli qardaşlarına sevdirib.
Qarabağda gedən müharibəni diqqətlə izləyən Bayraktar Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətinin barədə paylaşım edərək bu terror aktını qınamışdı: «Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə... Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, bədheybətdir...».
Səlcuq Bayraqdarın tərəfdaş etibarlılığı, həmçinin daima məzlumun yanında olması Ukrayna müharibəsində özünü açıq şəkildə göstərdi. «Rusiyaya «Bayraktar» satarsınızmı?» kimi kəşfiyyat xarakterli sualı Səlcuq bəy qəti imtina ilə cavablandırmışdı: «Nə qədər pul təklif edirlərsə, etsinlər. Ukrayna ilə işbirliyimizə kölgə sala bilməyəcəklər. Bizim Ukrayna ilə münasibətlərimiz uzun illərə söykənir».
Ən ali mükafat…
«Bayraktar»ların Qarabağ zəfərinə töhfəsi, Səlcuk Bayraktarın ölkəmizə dəstəyi Azərbaycan rəhbərliyi tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. 2021-ci ilin aprelində prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. Bir il sonra, 2022-də isə Ukrayna Prezidenti Volodimir Zelenski Səlcuq bəyi Ukrayna Dövlət Ləyaqət Nişanına layiq gördü.
Səlcuq Bayraqdarın öz ixtirası ilə qazandığı ən böyük mükafat isə müharibələr zamanı dinc, günahsiz insanların xilas edilmiş həyatlarıdır. Bir inanclı müsəlman üçün bundan böyük mükafat yoxdur.