Azərbaycanda gənc yaşlarında, kənar dəstək olmadan biznes quran qadınların sayı çox deyil. Onlardan biri hazırda dünyada məşhur olan WoWoman sosial layihəsinin rəhbəri Zara Hüseynovadır. Z.Hüseynovanın sahibkarlıq fəaliyyəti hələ tələbəlik dövründə başlayıb.
Azərbaycan Dövlət Neft Akademiyasının Biznes İnzibatçılığı bölümündən məzun olan Zara ali təhsilin elə ilk aylarından onlayn biznesə başlayır və çox qısa bir müddətdə artıq doqquz ildir fəaliyyət göstərən “AlZA” ziyafət geyimləri mağazasını yaradır.
Tələbə olduğu müddətdə dünyanın ən böyük tələbə-gənclər təşkilatı sayılan AIESEC-də yerli komitə rəhbəri kimi fəaliyyət göstərən gənc sahibkar xanım başqa heç bir müəssisədə korporativ təcrübə keçmədən bütün bilik və bacarıqlarını öz fərdi təşəbbüsləri olan bizneslərin reallaşdırılmasına sərf edir.
Təhsilə xüsusi önəm verən Zara ABŞ-ın Harvard, Stanford, MIT və Massaçusets kimi nüfuzlu universitelərində sahibkarlıq üzrə müxtəlif proqramlarda iştirak edir, bir sıra formal və qeyri-formal təlim və seminarlara qatılır. Bu təhsil və təlim proqramları onun dünyagörüşünün formalaşması, yeni bilik və bacarıqlar əldə etməsində mühüm rol oynayır.
Hələ erkən yaşlarından səyahət etməyi çox sevən Zaranın Avropaya ilk səfəri uzun müddət məşğul olduğu bal rəqsi komandası ilə səfər etdiyi Almaniya ilə başlayır. Bu səfərlər ərzində o əslində azad seçim imkanı və səyahətin onun üçün nə qədər önəmli olduğunu müşahidə edir və bu arzularını gerçəkləşdirməyin ən qısa yolu kimi maddi azadlığı öz məqsədinə çevirir.
İlk biznesini qurduğu illərdə Zara üçün hər şey heç də asan başa gəlmir. Yaşının çox gənc olması, üstəlik xanım olması ətrafında ona qarşı müəyyən inamsızlıq yaratsa da o, təslim olmur. Gənc yaşda, az sərmayə ilə, biznes əlaqələri olmadan uğurlu biznes qurmağı bacararaq o ətrafının ikiqat ehtiramını qazanmağa nail olur. Bu mövzuda onun şanslı olmasının əsas səbəblərindən biri də məhz ailəsinin lazımı mənəvi dəstəyi verməsi idi.
Zara düşünür ki, hər bir fəaliyyətin arxa planında müəyyən dəyər və sosial fayda olmalıdır. Bu baxımdan WoWoman platformasını qurarkən əsas motivlərdən biri də o idi ki, xanımlara seçim azadlığı imkanı yaradılsın. Bu reallığa çatmaq üçünsə onları lazımi bilik və bacarıqların öyrədilməsi, motivasiya, fərdi inkişaf kimi önəmli mövzularda dəstək verilməli idi. WoWoman sosial biznesinin təməlində dayanan sosial hədəf gənc xanımlara öz potensiallarını gerçəkləşdirmək üçün gərəkli olan həmin dəstəyi verəcək bir platforma yaratmaq idi.
Sosial sahibkarlıq haqda müxtəlif yanaşmaların olduğunu vurğulayan Zara hesab edir ki, sosial təşəbbüsün təməlində elə bir biznes model olmalıdır ki, bu təşəbbüsün davamlılığını təmin edə bilsin. Bu zaman biznesin inkişafı üçün vacib olan mənfəət və kommersiya tərəfinin fonunda sosial təsir prioritet olaraq qalır.
Məhz bu sosial təsiri hədəf seçən WoWoman sosial layihəsi indiyə qədər yüzlərlə gənc xanımın həyatına müxtəlif formalarda töhfə verib. Son beş il ərzində cəmiyyətdə qadınların səlahiyyətlərinin artırılması, stereotiplərin qırılması və müxtəlif mövzularda fərqindəliyin artırılması WoWoman-ın fəaliyyətinin ana xəttləri olmuşdur. Bəlkə də ən böyük sosial faydası sırf fərqindəliyin artırılması olan WoWoman bu yolla yüzlərlə qadının dəyişim hekayələrinin gerçəkləşdiyi bir platformaya çevrilmişdir.
Fərdi inkişaf, biznes təlimçiliyi, bütövlükdə təhsildən tutmuş restoran biznesinə qədər tamamilə fərqli sahələrdə fəaliyyən göstərən platformanın “Tech-tech xanım”, Digital marketing, IT proqramlaşdırması kursları, “WoW Venture” startup biznes proqramları, “WoWoman in me” kimi iri layihələri ilə yanaşı fərdi inkişafa və yumşaq bacarıqların inkişafına təkan verən bir sıra proqramlarından minlərlə gənc qadın məzun olaraq öz həyatlarını bu və ya digər dərəcədə dəyişə bilmişlər. Uğurlu göstəricilərinə görə , 2018-ci ilin oktyabrında MDB ölkələrindən yeganə olaraq WoWoman Facebook tərəfindən dünyanın 100 ən yaxşı cəmiyyət, Zara Hüseynova isə 2019-cu ildə Forbes jurnalının Avropada 30under30 siyahısına daxil edilib.
One Young World beynəlxalq konfransında Zara Hüseynova Niderland kraliçası, İrlandiyanın keçmiş prezidenti, Twitter həmtəsisçisi, Nobel mükafatı laureatları, Naomi Kempbel kimi dünya ulduzları və başqaları ilə birlikdə çıxış edərək öz timsalında Azərbaycan qadınlarının hekayəsini bütün dünya ilə paylaşıb.
Hazırda davam edən təlimlər sırasında regionlarda ingilis dili müəllimlərinin bacarıqlarının artırılması təlimlərini qeyd etmək olar. “Zərif əllərin gücü” adlı tənha analar üçün sıfırdan dərzilik kurslarını təşkil edən WoWoman bu xanımlara dərziliklə yanaşı həm də öz xidmətlərini sata bilmələri üçün marketinq və satış təlimləri də keçir.
Cari pandemiya səbəbilə onlayn müstəviyə keçən WoWoman komandası hazırda daha çox vebinarlar vasitəsilə fəaliyyətlərini davam etdirir.
Öz biznesini qurmaq istəyən, lakin haradan necə başlayacağına qərar verə bilməyən gənc xanımlara Zaranın əsas tövsiyəsi odur ki, məşğul olacağınız sahəni seçərkən daha çox daxili səsinizə qulaq asın və problem gördüyünüz sahəyə yönəlin, nəinki sosial mediayada tez-tez rastlaşdığınız populyar biznes növlərinə. Konkret ideyanız varsa hədəflərinizi kiçik hissələrə bölün. Kiçik, amma davamlı addımlara böyük hədəflərə çatmağınız daha asan və zövqlü olacaq və məqsədə gedən yolda yorulmayacaqsınız. Bu yanaşma nəinki təkcə biznesdə həyatımızın digər sahələrində də bizə bələdçi olacaq.
Arzu Ismayılova
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur."