Köhnə fabrik binasına köçüb orada yaşamaq istəyərsiniz? Cavab verməyə tələsməyin – çünki söhbət dünyada ən romantik, prestijli və ən bahalı tikililərdən gedir. Hollivud ulduzları, məşhur dizayner və musiqiçilər, ümumiyyətlə yaradıcı təbəqə belə mənzillərdə həvəslə yaşayırlar. Belə mənzillər – loftlardır.
Eləcə də bax: Trampın atası və babası ABŞ-ın əmlak bazarını - NECƏ DƏYİŞDİLƏR?
FED.az məlumat verir ki, loftlar Qərb sənayeləşməsinin daşınmaz əmlak bazarına verdiyi ən qəribə töhfə, sənayenin və incəsənətin qovuşduğu məkandır.
Loft nədir?
İngiliscədən tərcümədə «loft» - çardaq deməkdir, ABŞ-da isə bu söz, həm də anbarın və ya sənaye tikilisinin yuxarı mərtəbəsi mənasını verir. Başqa sözlə, loft - keçmiş sənaye binasında yerləşən mənzildir. Sənaye keçmişini əks etdirən detallar – borular, beton və kərpiclər «fabrik-mənzil»lərdə xüsusi atmosfer yaradır.
Eləcə də bax: Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
Böyük Depressiyanın yadigarı
Loftlar ABŞ-da yaranıb. İlk dəfə belə tikili XX əsrin 20-ci illərində Nyu-Yorkda, Manhettendə ortaya çıxıb. Böyük Depressiya dövründə minlərlə müəssisələr işini dayandırmışdı. Həmin vaxt atılmış fabrik, anbar və köməkçi sahələr boş qaldığına görə, onlar ucuz qiymətlərlə yaşamaq üçün kirayəyə verilirdi. Və loftlar dərhal rəssamların, musiqiçilərin, yazıçıların və artistlərin sevimlisinə çevrildi. Yaradıcı təbəqəni belə mənzillərin qeyri-standart olması, eləcə də nəhəng ölçüləri cəlb edirdi. Belə sahələrdə emalatxanalar, studiyalar, qalereyalar və bürolar yaratmaq mümkün idi. Sənəd adamlarının əksəriyyəti qənaət etmək üçün bu tikililəri təkcə emalatxana kimi yox, həm də mənzil kimi istifadə etməyə başladılar. Loft stilli evlər belə yarandı.
Bahalı fabrik-mənzillər
1960-cı illərdə loftların ən parlaq pərəstişkarı pop-artın yaradıcısı Endi Uor-xol idi. Onun «fabrik-ev»i sonradan bütün dünyada məşhurlaşmış ünvanda – Manhettendəki 47-ci Şərq küçəsində yerləşirdi. Maestro öz şagirdləri ilə burada yaşayıb işləyirdi.
Yaradıcı şəxslərin, məşhur simaların loftlara həvəsi biznesmenləri də maraqlandırdı – onlar keçmiş sənaye müəssisələrində yerləşən mənzillərdəki xüsusi atmosferi hiss etdilər. Keçmiş fabriklər dəbə mindi və onların qiymətləri sürətlə artmağa başladı. Nəticədə loftlar təkcə şıltaq istedadlıların yox, həm də praqmatik varlıların sevimli yaşayış yerlərinə çevrildi.
Amerikadan Avropayadək
1960-cı illərdə loftlar okeanın bu tayında – Avropada da yayılmağa başladı. Ən çox loft olan ölkələr İngiltərə, Almaniya, Avstriya və Hollandiya idi. Amma İngiltərədə «fabrik mənzillərin» ən çox yayılması Marqaret Tetçerin dövrünə təsadüf elədi. Həmin illirdə qəbul olunmuş qanuna əsasən şəhər daxilindəki sənaye sahələri ofis sahələrinə bərabərləşdirildi. Nəticədə bu sahələrdə də ofislərdəki kimi yüksək icarə haqları tətbiq olunmağa başladı. Qiymətlərin kəskin artımı nəticəsində indiyədək bu tikililərdə yerləşən fabrik və zavodlar şəhərin kənarlarına köçürüldü. Boş qalan sahələr isə, ABŞ-da olduğu kimi, mənzil kimi istifadə olunmağa başladı.
ABŞ, Yaponiya və Avropada loftlar çoxdan dəbdədir və ən bahalı və prestijli əmlak sayılır. Hazırda loftlar Amerikanın və Avropanın bütün iri şəhərlərində var. Onlar təkcə şəhərin prestijli mərkəzi hissələrində yox, nisbətən ucuz olan ətraf ərazilərdə də yerləşirlər. Loftların populyarlığı ildən ilə daha da artır. Qərbdə köhnə sənaye sahələrinə tələbat o qədər böyükdür ki, onlar tamam az qalıb. Ona görə də, loft stilində yeni binalar tikilir. Keçmiş SSRİ ölkələrində isə bu anlayış çox yayılmayıb. Yalnız son illərdə Rusiya və Baltikyanı ölkələrdə loft stili yeni binalar tikilir.
Loftların populyarlığının sirri nədədir?
ABŞ və Britaniyada hesab edirlər ki, loft həyat tərzi deyil, insanın buna münasibətidir. Bu ənənəvi yeknəsək həyatdan imtina edərək azad dünya görüşünə keçməkdir. Çünki loftlar həddən artıq qeyri-standartdır.
Loftların əsas xüsusiyyəti onların quruluşudur – bu yüzlərlə, bəzən hətta min kvadratmetrlik iri tikililərdir. Hündürlüyü 10 metrə çatan tavan, bütün divarı tutub döşəməyədək uzanan pəncərələr, metal dirəklər və digər konstruksiyalar loftda xüsusi atmosfer yaradır.
Belə tikiliyə daxil olanda onun qarşı tərəfini də görmək mümkündür, çünki loftlarda bir qayda olaraq arakəsmələr mövcud deyil. Burada yalnız yataq otağı, sanitar qovşağı və köməkçi tikililər ayrılır. Adətən loftda metal, plastik və şüşə üstünlük təşkil edir.
«Fabrik incəsənəti»
Hətta ekspertlər də etiraf edir ki, dünyada loftdan romantik mənzil yoxdur. Burada kobud industrial materiya müasir mühəndislik və kreativ dizaynla elə birləşir ki, adi mənzildə bunu heç cür etmək mümkün deyil.
Belə tikililərdəki ənənəvi beton və ya kərpic divarlar, metal və ağac dirəklər ciddi qorunub saxlanır və onların bütün gözəllikləri nümayiş olunur. Binanın çılpaq divarları və dəmir konstruksiyaları formasında görünən memarlıq skeleti tikilidə xüsusi atmosfer yaradır.
Belə fabrik-mənzillərdə divarlar adətən təmir edilmir. Əksinə, burada mühəndis və elektrik kommunikasiyaları üçün şaxtalar da olmur və nəticədə onlar heç nə ilə örtülmür və ən yaxşı halda qutuya salınır.
Belə fabrik-mənzillərdə orijinal mebellər gözəl görünür, divarlar isə adətən ekzotik ağac növləri ilə işlənir, yerə qeyri-adi daş lövhələr döşənir və s. Divarlar maksimum sadə düzəldilir ki, sənət əsərləri daha nəzərəçarpan olsun.
Loft stilində detallar xüsusi əhəmiyyət daşıyır. Bunlar fabrikin «yadigarlarıdır» - pilləkənlər, müxtəlif borular, ventilyasiya sistemləri, zavod avadanlıqları və s. Buradakı pəncərələr enli və mümkün qədər hündür olmalıdır. Bu mənzilin maksimal işıqlandırılması üçün lazımdır.
Tikilinin sərbəst forması burada elə imkanlar yaradır ki, adi mənzillərdə bu barədə fikirləşmək belə mümkün deyil. Məsələn loftlarda motosiklet üçün dayanacaq, fotostudiya və emalatxana yaratmaq mümkündür.
Klassik və yeni loftlar
Qərb dizaynerlərinin bölgüsünə görə, loftları iki yerə ayırmaq olar: «Hard» və«Soft Loft». «Hard Loft» və ya klassik loftlar – mənzilə çevrilmiş zavod-fabriklərdir. Belə loftların əsas əlaməti 300-1000 m2 sahə, arakəsmələrin olmaması, hündürlüyü 4-20 metr arasında dəyişən yüksək tavanlar və nəhəng pəncərələrdir. Belə loftlarda tikilinin əvvəllər sənaye obyekti olduğu açıq nümayiş etdirilir. Bura kərpic divarlar, ventilyasiya boruları, metal pilləkənlər, qəfəsli liftlər və s. aiddir.
Bir qayda olaraq belə loftların pəncərələrindən sənaye mənzərələri – fabrik-zavod görünür.
Loftların populyarlığı yeni – neoloftların («Soft Loft») yaranmasına səbəb oldu. Bunlar loft stilində inşa edilmiş yeni binalardır. Onlar nisbətən kiçik olur - burada tavanın hündürlüyü maksimum 10 metrə çatır, tikilinin sahəsi isə 80-300 kvadratmetr arasındadır. Belə loftlarda həm açıq, həm də adi mənzil stili ola bilər.
İncəsənət məkanı
Amma loftlar təkcə yaşayış təyinatlı olmur. Belə böyük və qeyri-adi stilli binalar təbii ki, digər məqsədlərlə də istifadə olunmalıdır. Böyük sahəli və hündür tavanlı keçmiş sənaye tikililəri təkcə yaşayış üçün yox, çoxfunksionallı mədəni mərkəzlərin yaradılması üçün əlverişlidir. Belə mərkəzlərin sərgi zalları, kafe və restoranları, ofisləri, konsert meydançaları olur. Loftların bu məqsədlə istifadəsi Avropa və Amerikada geniş yayılıb. Avropa loftlarında mədəniyyət mərkəzləri, şou-rumlar, ofislər, restoranlar, atelyelər, rəqs studiyaları və s. təşkil olunur.