Böhranlar insanları təkcə müflisləşdirmir, həm də varlandıraraq yeni milyardçılar meydana çıxarır. Bu məntiqidir – hər hansı prosesin nəticələrini əvvəlcədən görə bilən insanlar həmişə qalib gəlir. FED.az xəbər verir ki, belə "görücü"lərdən biri də bir gözlü və qapalı həkim Maykl Berri olub. 2008-ci ildə ABŞ-da baş verən məşhur daşınmaz əmlak və maliyyə böhranı onun həyatını dəyişərək milyardlar qazandırıb.
Doktorun hobbisi
Gəncliyində Maykl Berri yalnız həkim olmaq istəyir, peşəkar yatırımçılıq barədə heç düşünmürdü. Los-Ancelesdəki «Kaliforniya» universitetində həkimlik ixtisasına yiyələnən Maykl təhsilini Tenessi ştatındakı Vanderbilt tibb universitetində davam etdirir, sonra yenidən Kaliforniyaya qayıdaraq Stenford hospitalında işə başlayır. Hələ 1990-cı illərin ortaları - həmin vaxt ABŞ-da «sabun köpüyü» kimi şişən internet bumunun ən qızğın vaxtı idi.
İnsanlar internetlə necəsə bağlı olan bütün şirkətlərin səhmlərini dəli kimi alırdılar. Hesab olunurdu ki, bu böyük gələcəyi olan və gəlir gətirəcək innovasiyalı sektordur. Bir sözlə, həmin vaxt maliyyə bazarları ilə hamı maraqlanırdı, gənc həkim də hospitaldakı işlərinə baxmayaraq boş vaxtlarında internetə yatırım haqqında oxumağa başladı. Mayk çox qapalı və ətrafındakılara qarışmayan biri idi – hətta özünə Asperqer sindromu diaqnozu da qoymuşdu. Onu görə də internet həkim üçün ikinci həyat mühitinə çevrildi.
Eləcə də bax: Əsrlərin sınağından çıxmış qazanc üsulu – BİZNES TARİXİ
Bir dəfə, 1996-cı ildə Berri səhmlərin qiymətinin texniki analizinə həsr edilmiş sayt tapdı. Bu mövzu onu çox maraqlandırdı. Maykl səhmlərin qiymətinin əvvəlki dəyişmələri əsasında onların gələcək qiymət dinamikasını (yəni qiymətlərin artıb-azalacağını) necə proqnozlaşdırmağı öyrənməyə başladı. Buradakı məntiqi başa düşəndən sonra gənc həkim qiymətli kağızlara pul qoymağa, eyni zamanda öz fikirlərini internetdə bölüşməyə başladı. Əvvəlcə internet forumlarda iştirak edən maliyyəçilər bu fikirləri ciddi saymırdılar, amma vaxt keçdikcə məlum oldu ki, Mayklın proqnozları çox tez-tez «nöqtəyə dəyir». Onun proqnozlarını əsas tutub yatırım edənlər pul qazanırdılar, nəticədə həkimin maliyyə proqnozları daha ciddi qəbul edilməyə başladı. Ən maraqlısı odur ki, Maykl bu sahədə pehəkar maliyyəçiləri də arxada qoymuşdu- digər investorların zərərə düşdüyü sahələrdən o 50%-lik gəlirlə çıxırdı.
Beləliklə, Mayk Berri əsl uğurlu investora çevrildi, baxmayaraq ki, onun öz «hobbi»si üçün çox az vaxtı qalırdı: xəstəxanada iş növbəsi 16 saat davam edirdi, ona görə də bloqla işə 3 saatdan da az (24:00-dən 3:00-a qədər) vaxtı çatırdı. Nəticədə 2000-ci ildə Berri həkimliyi bir kənara qoyaraq yeni peşəsi ilə məşğul olmağı qərara aldı – o «Scion Capital» hes fondunu yaratdı.
Divardakı çatı vaxtında görmək uğurdur
Berrinin investiiya fəaliyyətinə başlaması «dotkom» (İnternet şirkətləri) köpüyünün partlaması dövrünə təsadüf etdi. İnvestorlara böyük zərər gətirən böhranın kulminasiya nöqtəsi 2000-ci ilin martın 10-da baş verdi. Həmin gün birjadakı hərraclarda NASDAQ indeksi 5132,52 pilləyə qalxaraq 5048,62 pilləyə endi. Bu vəziyyətdə də Berrinin qazanc götürməsi investorların ona inamını daha da bərkitdi. İlk bir neçə ildə Berri öz investorlarına 250 faizlik gəlir gətirdi – bu fantastik göstərici idi!
«Dotkom» sahəsindəki böhran bazara yeni ideyalar verdi. İnsanlar, arxasında heç bir real gəyər dayanmayan İT sektora aludəçilikdən ayıldılar. Hər halda bu sahəni dəqiq qimətləndirmək çox çətin idi. Daşınmaz əmlak isə başqa məsələ idi! Burada hər şey görünür, etibarlıdır, anlaşılan və real dəyərə malikdir. Amma Maykl Berri tezliklə başa düşdü ki, bu bazar da gec-tez çökəcək. Və bu, nə qədər qəribə olsa da, ABŞ maliyyə sisteminin həddən artıq «qabağa getməsi»nin nəticəsi olacaq.
Məsələ bundadır ki, kredit verən banklar müştərini, onun ödəmə qabiliyyətini, etibarlılığını yoxlayırlar, etibarlılığı aşağı olan müştərilərə kredit vermək riskli idi. Amma ipoteka kreditləri üzərindən çoxlu sayda maliyyə alətləri yaradılırdı. Klassik olaraq bu alətlər – fyuçerslər və opsionlar idi. Amma ABŞ bazarında daha mürəkkəb alətlər yaranmağa başladı. Çox mürəkkəb olduğundan belə alətlərin nə qədər riskli olduğunu izləmək də çətin idi. Nəticədə, həm etibarlı, həm də etibarsız müştərilər üçün buraxılan alətlər eyni riskliliyə malik odurdu.
Reytinq agenlikləri isə özlərinə əziyyət verib həmin alətlərin etibarlılığını yoxlamadan onlara yüksək reytinqlər verirdilər. Reytinq yüksək olduqda isə alətlər yaxşı satılırdı. Başqa sözlə böyük riskli kağızlar əhaliyə və investorlara etibarlı yatırım kimi satılırdı.
ABŞ-da bu sahəyə nəzarət edən orqan – Borc və Əmanətlər üzrə Federal Korporasiya da ölkənin maliyyə sistemindəki bu «çat»ı görə bilmədi. Maykl Berri isə daha diqqətli çıxdı. O, 2005-də bazarı araşdıraraq tapdı ki, ipoteka kreditləri əsasında buraxılan maliyyə alətlərinin qiymətləri, onların müflisləşmə ehtimalına uyğun gəlmir. Başqa sözlə, Maykl hesab etdi ki, bu alətlər üzrə öhdəliklərin icra olunmaması ehtimalı reytinq agentliklərinin düşündüyündən daha böyükdür. «Bu alətləri müflisləşmə gözləyirsa, deməli onlardan yaxşı qazanmaq olar»-deyə Berri qərara aldı.
Müflisliyi satın alın
ABŞ-ın inkişaf etmiş, amma mürəkkəb maliyyə bazarı ölkənin bütün maliyyə sisteminin altına mina qoysa da, Berriyə varlanmaqda böyük fürsətlər yaratdı. Daşınmaz əmlak sektorunda böyük bir «köpüy»ün yarandığını başa düşən maliyyəçi-həkim, həmin kağızların müflis olacağı təqdirdə ödənişi təmin edəcək kağızları almağa başladı. Bu kağızlar - bir növ sığorta sayıla bilər - əgər kağızlarla bağlı problem yaransa, onun sahibinə kompensasiyanı nəzərdə tuturdu, onlara defolt svopları deyirlər. Amerika Sığorta Korporasiyasının (American International Group, Inc. — AIG) buraxdığı bu kağızlar qəpik-quruşa satılırdı, çünki həmin vaxt daşınmaz əmlak sektorunun çökəcəyinə heç kim inanmırdı. İnvestorlar hesab edirdilər ki, əmlak bazarını heç bir təhlükə gözləmir.
Eləcə də bax: Dünyanın ən sirli milyarderi: Len Blavatnik
Maykl Berri isə nəinki belə hesab etmirdi, əksinə o dəqiq bilirdi ki, əmlak bazarında böhran gözlənilir. Ona görə də, həmin kağızları – defolt svoplarını almağa başladı və investorları da buna inandırdı. Hesablamalarının dəqiq olduğuna inanan maliyyəçi özünün «Scion Capital» fonduna müflisləşmədən sığortanı nəzərdə tutan 1 milyard dollarlıq qiymətli kağız toplamışdı. Burada həm onun özünün, həm də investorların pulları vardı.
Sonradan nə baş verdiyi məlumdur: 2008-ci ildə ABŞ şirkətlərinin səhmlərinin sahibləri təqribən 8 trilyon dollar zərərə düşdülər. Ölkədəki səhmlərin ümumi qiyməti 20 trilyon dollardan 12 trilyona endi. Maliyyə korporasiyalarının işçilərinin çoxu işsiz qaldı, bu böhranın dalğası bütün dünyaya yayılmışdı.
Maykl Berri isə qorxulu 2008-ci ildə düz 200 milyon dollar qazandı. İndi o kənar investorlar cəlb etmədən öz pullarını yatırır. «Scion Capital» hec fondu artıq ona lazım deyil.