1492-ci ildə məşhur səyyah Xristofor Kolumb Amerikanı kəşf edəndən təqribən 100 il sonra Yeni Dünyaya əsl axın başlandı. Təcrübəli avropalılar okeanın o tayındakı ucsuz-bucaqsız torpaqları sürətlə işğal etdilər. İşğal nəticəsində yüzlərlə hindu tayfaları əsrlərlə yaşadıqları ərazilərdən qovuldu, tarixi torpaqlarından, meşələrdən, otlaqlardan və göllərdən məhrum oldular. Proses Vəhşi Qərbə xas üsullarla – amansızlıq və qətiyyətlə aparılırdı. Bəzi hallarda torpaqların zəbti ikitərəfli müqavilələrlə rəsmiləşdirilsə də, həmin müqavilələr yalnız bir tərəfə sərfəli olurdu. FED.az məlumat verir ki, tarixdə ən böyük torpaqların zəbti də məhz bu əsrlərdə Amerikada baş verib.
Eləcə də bax: "Vətənimi sataram" - Ölkələr ərazilərini necə satırlar - BİZNES TARİXİ
Avropa hindulara qarşı
17-ci əsrdə, avropalı müstəmləkəçilər Şimali Amerikanı hələ yeni mənimsəməyə başlayanda bu əraziə çoxsaylı hindu tayfaları yaşayırdı. Böyük ərazilərin tutulması hindu əhalisinin kütləvi şəkildə qarət edilməsi ilə müşayiət olunurdu. İşğalçılar hindulərin hüquqları və tayfa maraqları ilə hesablaşmırdı və elə ilk başdan onlara müharibə elan etmişdilər. Təbii ki, yay-oxla silahlanmış hindulər işğalçılara qarşı layiqli müqavimət göstərə bilmirdilər. Təqribi qiymətləndirmələrə görə, Amerikanın müasir ərazisinin məskunlaşdırılması zamanı 100 milyondan çox hindu öldürülüb.
Hərbi üstünlükdən istifadə edən işğalçılar bütöv tayfaların məhv edilməsi təhdidi ilə hinduları torpaqların satışına dair “müqavilələr”i imzalamağa məcbur edirdilər.
Eləcə də bax: Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
Nyu-York üçün 24 dollar
İlk belə müqavilələrdən biri Nyu-York şəhərinin indiki ərazisinin alınması barədə idi. Həmin vaxt hollandiyalılar böyük sahəsi olan torpaq sahəsini hindu qəbilələrindən cəmi 24 dollara almışdılar. Dünyanın ən iri şəhərlərindən biri olan Nyu-York şimaldan cənuba təqribən 60 kilometr uzanır. Avropalıların Nyu-York ərazisinə ilk gəlişinə qədər burada alonkin və irokez tayfaları yaşayırdı. Manhetten adasını da alonkin qəbiləsi belə adlandırıb (mənası “təpəli ada” deməkdir).
1614-cü ildə Nyu-Yorkun müasir ərazisində Hollandiyanın Ost-Hind şirkəti “Yeni Niderland” adlı müstəmləkənin əsasını qoyur. 1625-ci ildə “Yeni Amsterdam” məskəni salınır. Buranın ilk sakinləri hollandlar və fransız protestantları idi.
1626-ci ildə müstəmkələnin qubernatoru Piter Minuit metal bıçaqlar, muncuqlar, güzgülər və digər bəzək-düzək əşyaları müqabilində yerli hindulərdən Manhettenin geri qalan ərazisini də alır. Ümumilikdə bazarlıq ona 60 qulden və ya 24 dollara başa gəlir. XVII əsrin sonunda şəhər ingilislərin əlinə keçir və adı dəyişdirilərək Nyu-York olur.
Eləcə də bax: 49 sentlik qəhvə, 160 000 dollarlıq kompensasiya – BİZNES TARİXİ
«Gün yarıma nə qədər gedə bilsəniz...»
Hindulardan alınan torpaqlar maraqlı üsullarla ölçülürdü. Bu üsullardan biri «gəzinti alışı» idi. Belə ki, 1686-cı ildə delaver qəbiləsinin başçıları Delaver və Lixay çayları arasındakı torpaqları Pensiyavaniya təmsilçisi Uilyam Pennə satarkən sərhədləri belə müəyyən etmişdilər: «İnsan gün yarım ərzində piyada nə qədər yol gedə bilərsə, torpaq orada qurtarır». Penn bu müddətdə 40 mil addımlaya bilmişdi.
20 may 1785-ci ildə Konqres Köhnə Şimal-Qərbdə (hazırki Ohayo, İndiana, İllinoys, Miçiqan və Viskonsin ştatları) dövlət torpaqlarının bölüşdürülməsi qaydasını müəyyən etdi. Qaydaya görə, torpaq sahələri ilkin qiyməti 640 dollardan (1 akrın qiyməti 1 dollardan olmaqla) olmaqla hərracda satılmalı idi. Yeni qayda hinduların yaşadığı Qərb torpaqlarına ağların yolunu açdı.
Eləcə də bax: 40 dolları 10 milyon dollara çevirənlər – BİR BANKİR BÜTÖV ŞƏHƏRİ NECƏ MİLYONÇU ETDİ?
Hindularla müqavilələr– əvvəlcə hər şey ədalətli idi
İlk illərdə ABŞ təmsilçiləri yerli qəbilələrlə sakit davranır, torpaqları ədalətli müqavilə ilə alacaqlarını nümayiş etdirirdilər. Bu vədlərə inanan, ya da, müqavimətin faydasız olduğunu görən qəbilələr hökumət nümaynədələri ilə müqavilə bağlamalı olurdular. 17-ci əsrdə bağlanan müqavilələr hələ müəyyən qədər ədalətli idi.
Məsələn, 1677-ci il mayın 29-da Virciniya ştatının Middl plantasiyasında pamunki, roanok, nottavey və pouxatan konfederasiyasından olan nansemond qəbilələri ilə sülh müqaviləsi bağlanır. Sənəddə hindular Britaniya Krallığının təbəəsi adlandırılırdı. Üstəlik, müqaviləyə görə, hindu torpaqları ilə işğalçıların ərazisi arasında üç mil enində torpaq zolağı nəzərdə tutulurdu. Bu zolağa ağların daxil olması qadağan idi.
Amma sonradan Amerikada ağların gücü və təsiri artdıqca, hindulərə qarşı daha amansız olmağa başladılar.
31 may 1796-cı ildə ABŞ təmsilçiləri Kanadanın Yeddi Milləti ilə torpaqların alınması barədə müqavilə bağlayırlar. Nyu-Yorkda bağlanan razılaşmaya görə, qəbilə başçılarına 1 233 funt, 6 şillinq və 8 pens ödənilir. Müqaviləyə əsasən, əgər bu sənədi başqa qəbilə başçıları da imzalasaydılar, onların hər birinə 213 funt, 6 şillinq və 8 pens ödəniləcəkdi.
«Könüllü müqavilələr» tarixi
9 may 1832-ci ildə seminollarla bağlanan müqavilə isə seminolların torpaqlarının Floridaya verilməsi və kriklərin Missisipidən qərbə köçürülməsini nəzərdə tutulurdu. ABŞ seminollara 15 400 dollar kompensasiya ödəməyə razılaşır, bir şərtlə ki, bunun 400 dolları danışıqlarda iştirak edən tərcüməçilərin arasında bölünəcək.
9 may 1836-cı ildə çippevalarla müqavilə bağlanılır. Müqaviləyə əsasən çippevalara məxsus Suon-Krik və Blek-River əraziləri ABŞ hökumətinin nəzarətinə keçirdi. Əvəzində onlara müəyyən qələr pul və Missisipinin qərbində torpaq sahəsi veriləcəkdi.
6 may 1854-cü ildə Vaşinqtonda delaverlər qəbiləsinin 9 nümayəndəsinin iştirakı ilə müqavilə bağlanır. Müqaviləyə görə, delaverlər torpaqlarından çıxmalı, onlar üçün yaradılacaq məskənlərə – rezervasiyalara köçməli idilər. Razılaşmaya əsasən xristianlığa etiqad edən tayfa üzvləri üçün xüsusi şərait yaradılmalı, eləcə də, hindular istəsələr mübahisələri amerikan məhkəmələrində həll edə bilərdilər.
Bəzən bir hindu tayfasından alınan torpaqlar digərinə verilirdi. Bununla da hindular tədricən qərbə sıxışdırılır, onların torpaqları isə ağlara qalırdı.
Belə ki, 12 may 1854-cü ildə menominilərlə bağlanan müqaviləyə görə, ABŞ hökuməti çippevalardan aldığı Misssisipi və Yuxarı Göl torpaqlarını menominilərə təhvil verirdi. Menominilər 18 oktyabr 1848-ci il müqaviləsinə əsasən onlara məxsus torpaqları onları təhvil verməyə, satmağa və bu torpaqlardakı hüquqlarından imtina etməyə razılaşırlar.
Bundan cəmi 6 gün sonra - 18 may 1854-cü ildə kikapularla müqavilə bağlanılır. Müqavilənin əsas müddəaları bunlar idi: torpaqların təhvili, daimi yaşayış məskənlərinə çevrilən rezervasiyaların sərhədlərinin müəyyən edilməsi, təhvil verilən torpaqların müqabilində ödənişlər.
30 may 1860-cı ildə delaverlərlə müqavilə bağlanılır. Müqavilə torpaqların ayrılması və bölüşdürülməsini nəzərdə tuturdu və bununla da tayfanın hər üzvünə 80 akr torpaq düşürdü. Müqaviləyə görə, həmçinin ABŞ-a hindulərə vurduğu zərəri qarşılamaq öhdəliyi verilmişdi.
7 may 1864-cü ildə çippeva bendləri ilə bağlanan müqaviləyə görə isə, müxtəlif göllərin və digər ərazilər Birləşmiş Ştatlara təhvil verilməli idi.
Ümumilikdə 1887-ci ilədək ABŞ höküməti hindu qəbilələrinin torpaqlarının alınması üçün onlarla ümumilikdə 340 belə müqavilə bağlamışdı.
Hərbi güclə aparılan «könüllü köçürülmə»
Hinduların Qərbə köçürülməsi işi hərbi nazirə tapşırılmışdı. Əslində bu faktın özü köçürülmənin necə aparıldığını göstərirdi. Hindulara təntənəli surətdə söz verilmişdi ki, onlara verilən yeni torpaqlar toxunulmazdır, və hindular hökumətdən hər cür yarım alacaqlar. Amma bütün bunlar kağız üzərində qaldı. Rezervasiyalara köçürülən və Missisipi çayı kənarında “alınan” torpaqlarda yaşayan hindular amansızcasına aldadılmışdılar.
Məcburi köçürülməyə çirokilər də daxil olmaqla, ABŞ-ın Cənub-Şərqində yaşayan 5 ən iri tayfalar məruz qalmışdı. Köçürülmə ABŞ hərbi silahlı qüvvələrinin əməliyyatları hesabına həyata keçirilirdi, həmçinin zorakılıq aktları, kütləvi qətl və özbaşınalıqla müşayiət olunudu. Hərbçilər hindulərin əmlakını talayır, mal-qarasını ələ keçirirdi. Hindulər inadla, lakin əbəs yerə mübarizə aparırdılar.
Bəzən mübarizələr illərlə davam edirdi. Belə ki, çiroki qəbilələri Alleqan dağlarının vadilərini tərk etməmək üçün on ildən çox (1827—1838) mübarizə apardılar. Florida ştatında yaşayan və çox da böyük olmayan seminollar tayfası isə zorakılığa qarşı səkkiz il (1835-1842-ci illərdəki seminol müharibəsi) müqavimət göstərdi və sonacan itaət etmədilər.
Çiroki qəbilələrinin taleyi
Avtomobil həvəskarları ABŞ-ın məşhur avtomobillərindən olan «Jeep cherokee» modelini yaxşı tanıyırlar. Maşının adındakı «Cherokee» ifadəsi Şimali Amerikada yaşayan ən böyük və hünərli hindu tayfasının adından götürülüb.
Çirokilər XVII əsrin axırınadək indiki Virciniya, hər iki Karolin, Alabama və Corciya ərazilərində yaşayırdı. Tayfa dağlar və dəniz arasında geniş torpaq sahələrinə malik idi. 1721-ci ildən sonra ağ işğalçılar tədricən yerli əhalini sıxışdırmağa və onlara yalnız kiçik torpaq sahəsi saxlamaqla, ərazilərini ələ keçirməyə başladılar.
1791-ci ildə, ABŞ höküməti onları soyğunçu bir müqaviləyə imza atmağa məcbur etdi. Bu müqavilə çirokiləri tarixi ərazilərinin böyük hissəsindən məhrum etdi. Yerdə qalan ərazilər guya toxunulmazlıq əldə etdi. Lakin 35 il sonra işğalçı siyasət daha da amansızlaşdı. 1828-ci il mayın 6-da işğalçılarla çirokilər arasında yeni müqavilə bağlandı. ABŞ höküməti ölüm təhdidi altında hindu tayfalarının “nümayəndələri”ni qovur və onlarla torpaqların satışına dair guya ki “könüllü” müqavilə bağlayır. Beləliklə, çiroki tayfasının 17 minlik hindu əhalisindən 400-ü güc hesabına “ümumtayfa məclisi”nə toplanır və ABŞ Konqresi tərəfindən təsdiqlənən müqaviləni imzalamağa məcbur edilir. Vaşinqtonda bağlanan bu müqavilə Arkanzas ştatının qərb sərhədlərini müəyyən edirdi və çirokilərdən ştat daxilindəki bütün torpaqların təhvilini tələb edirdi. Bununla da 7 milyon akrlıq yaxşı becərilmiş torpaqlar çirokilərin əlindən alındı. Bütün çirokiləri qovan qoşunlar onları Missisipidəki yenidən ayrılmış “hindu əraziləri”nə sürgün edir. Razılaşmaya əsasən, çirokilər əvvəlki ərazilərdə apardıqları bütün islahatlar dəyərində kompensasiya, həmçinin müqavilənin bağlandığı gündən 14 ay müddətinə həyata keçiriləcəyi nəzərdə tutulan köçürülməyə görə əlavə haqq almalı idilər. Amma buna baxmayaraq, 17 min hindu çirokinin köçü zamanı 4 min nəfər elə yolda həlak oldu.
Bundan başqa, müqaviləyə görə, ABŞ çirokilərə qərb ərazilərində yeddi milyon akr torpaq verməli idi. Bu ərazilərə ağların girişi qadağan olmalı idi. Lakin onlara verilən bu torpaqlar da əllərindən alındı. Ümumilikdə, işğalçılar çirokilərdən 81,2 milyon akr torpaq almışdılar. Bütün bunları yada salanda avtomobil markasındakı «Cherokee» ifadəsi həmin tayfanın nümaynədələri üçün zəif təsəllidir.
İşğal isə davam edirdi.
(Ardı var)