Hər il dünya boyu milyonlarla valideyn övladlarını universitetə ali təhsil dalınca göndərir.
Hətta kollec pulunu ödəmək imkanı da hər il məktəbi yenicə bitirmiş abituryentləri stressdən azad etmir. Buraxılış imtahanları, qəbul imtahanları, yeni təhsil mühiti, gözləntilər, kitab-dəftər – bunların hamısı ali təhsilin əldə edilməsi üçün milyonlarla gəncin gözünə duran sınaqlardır ki, yalnız onları adladıqdan sonra çoxları can atdığı müvəfəqqiyyətə qovuşacağına ümid bəsləyir. Bəs universitet təhsili ilə material müvəffəqiyyət arasında əlaqə nə dərəcədə böyükdür?
Facebook-un banisi, milyarder Mark Zukerberq Harvard Universitetində təhsilini yarımçıq qoymuşdu.
Statistika göstərir ki, ABŞ-da ali təhsil alan adamlar orta hesabla yalnız məktəbi qurtarmış adamlardan ömür boyu 3-4 dəfə çox pul qazanırlar. Diplom özü-özlüyündə uğur yaxud pul bəxş etməsə də, adamı uğurun müəyyən açarları ilə təchiz edir ki, universitetə getməmiş gənclər həyatın erkən mərhələsində bu açarlardan məhrum olurlar. Əlbəttə, orta məktəb diplomu ilə milyonerə çevrilmiş saysız-hesabsız adam var. Ancaq statistika başqa bir maraqlı fenomenə də işarə edir. ABŞ-ın ən tanınmış universitetlərində təshil almış adamlar başqa unviersitetlərdə oxumuş adamlardan daha uğurlu olur.
Forbes jurnalı yazır ki, hazırda 52 milyarder Harvard diplomuna sahibdir. Milyarder məzunların sayına görə öyünmək hüququnu qazanmış yerdə qalan universitetlər Stanford, Nyu-York Universiteti, Kolumbiya, MIT, Cənubi Kaliforniya Universiteti və Yale-dir. Böyük Britaniyanın Kembric Kolleci milyarder istehsal edən universitetlər sırasına düşmüş yeganə təhsil ocağıdır.
Tədqiqatçı Conatan Uay müəyyən edib ki, milyarderlərin 45 faizi dünyanın ən ağıllı bir faizinə daxildir.
Milyarderlər adətən dünyanın ən ağıllı adamları olur, deyə bir araşdırmanın müəllifləri bildirir. “Amerika Elitasının Tədqiqi” adlı yazısında Conatan Uay var-dövlətlə zehni qabiliyyət arasındakı əlaqəyə nəzər salır. Onun qənaətinə görə milyarderlərin 45 faizi dünyanın ən ağıllı bir faizinə daxildir. Ən ağıllı adamlar toplumunda yer almış başqa kateqoriyalar ABŞ Senatorları (41%), federal hakimlər (40%) və ABŞ-ın ən varlı 500 şirkətinin baş icracı direktorlarıdır (39%). Üzərində sorğu keçirilmiş 2,254 adamın mütləq əksəriyyəti ABŞ-ın 29 ən qüdrətli universitetlərinin məzunları olub ki, bu universitetlərə daxil olmaq üçün SAT adlanan ümummilli testdə maksimum bal yığmaq tələb olunur.
Şübhəsiz, bütün bunlar o demək deyil ki, milyarder olmaq üçün yüksək keyfiyyətli universitetə getmək şərtdir. Wealth X araşdırma firması müəyyən edib ki, hərçənd ki, milyarderlərin 68 faizi universitet bitirib, hər üç milyarderdən birinin heç ali təhsili də yoxdur. Bunlardan çoxları – Bill Geyts (Microsoft), Steve Jobs (Apple), Mark Zuckerberg (Facebook) və Maykl Dell (Dell) kimi nəhəng şirkət baniləri universiteti yarımçıq tərk ediblər. O da vurğulanmaldır ki, meritokratiyanın nisbətən zəif olduğu avtoritar cəmiyyətlərdə ali təhsilin insanın maliyyə uğuruna təsiri minimum olur. Ağlın yox, gücün əsas meyar kimi qəbul edildiyi məkanlarda milyarder olmaq üçün sadəcə dəyənək çox vaxt bəs edir.
1980-ci illərdə kommunist iqtisadi sistemindən imtina edən Çin qısa zaman kəsiyində sürətli inkişafa qədəm qoydu.
Ən çox milyarder yetişdirən universitetlərin Amerikada yerləşməsi də təbiidir. Azad bazar sisteminin beşiyi olan Birləşmiş Ştatlar həmçinin milyarderlər paytaxtıdır. Forbes jurnalından Ann Fisher yazır ki, 515 amerikalının 2 milyarddan çox pulu var. Bu rəqəm 157 milyarderlə üçüncü yerdə gələn Çindən üç dəfə çoxdur. Çinli milyarderlərin 89 faizi bu milyardları özləri qazandıqlarını deyirlər. Burada böyük həqiqət var. Əvvəla Çin bərqərar olduğu hər yeri səfalət, ifrat yoxsulluğa düçar edən kommunizmin daşını yenicə atıb. Bir də ki, siyasi sistemin qeyri-stabil olduğu, mülkiyyət hüququnun qorunmadığı, pulun müsadirələr, qeyri-qanuni həbslər, müflisləşdirmələr, inqilablar, daxili çaxnaşmalar nəticəsində bir əldən o biri ələ keçdiyi yerlərdə kapitalın davamlılığını təmin etmək olduqca çətin olur. Ona görə də milyarderlər özlərini demokratik, azad bazar sisteminin möhkəm konstitutsional əsaslara söykəndiyi cəmiyyətdə daha sərbəst hiss edirlər. Bununla da həm özlərini, həm də içərisində yaşadıqları cəmiyyəti varlandırırlar.