Bu yaxınlarda bir tədbirdə ödənişsiz iştirak etmək üçün bilet qazanmışdım. Tədbir hazırda yaşadığım yerdən uzaqda olduğu üçün getmək istəmirdim. Təyyarə ilə təxminən 6 saatlıq yol idi. Mən tərəddüd içində idim ki, gedim, yoxsa yox, daha bir sürpriz oldu, təyyarə biletim də qarşılandı. Yaşadığım şəhərdən çoxdandır ki, çıxmırdım, daha doğrusu çox uzaq bir məsafəyə getmirdim. Həm təyyarə biletinin ödənilməsi, həm bu dört günlük tədbirə ödənişsiz iştirak haqqı qazanmış olmağım, həm də harasa uzaq bir şəhərə getmək arzum – üçü – birləşib məndə getmə qərarı verəcək qədər motivasiya yaratdı.
Təyyarədən düşüb oteldə otağıma yerləşdikdən sonra, elə ilk gündən “çox yaxşı ki, gəlmişəm” dedim. İlk gün getdiyim şəhəri gəzdim, ətrafı yaxşıca dolaşdım. Hər şey çox yeni və fərqli olduğundan çox maraqlı idi. Bu qonaq gəldiyim şəhər yaşadığım şəhərdən iki dəfə daha isti idi. Ən çox xoşuma gələn şeylərdən biri də elə bu temperatur arasındakı fərq idi.
Əlqərəz, ilk gündən çox maraqlı, əyləncəli və öyrədici keçən tədbir başladı. Bu tədbirdə təhsili məndən çox daha aşağı və ya az olan, mənim oxuduğum, təhsil aldığım universitetlərlə müqayisə edilməyəcək universitetlərdən məzun olan insanlarla tanış oldum. Multimilyonçulardan bəhs etməzdən əvvəl bu insanlar haqqında bir-iki kəlmə demək istəyirəm. Bu insanlar mənim üçün çox güclü motivasiya mənbəyi, həvəsləndirici, təkanverici qüvvə oldu. Təhsil səviyyələrinin daha aşağı olmasına baxmayaraq bu insanların bəziləri məndən 3-5, bəziləri isə 10 dəfə və hətta daha çox pul qazanırlar. Bunun səbəbləri var təbii ki. Nədir bu səbəblər? Birincisi, məndən daha çox işləmişdilər. İkincisi, gəlirli, daha doğru bir sahə seçmişdilər. Üçüncüsü, öz hədəflərinin üstündə daha uzun müddət, sadəcə o işə köklənərək işləmişdilər. Dördüncüsü, ətrafdan deyilənlərə, öz şübhələrinə, qısası, onları hədəflərindən çəkindirəcək şeylərə fikir vermədən irəliləmişdilər. Əslində bunlardan daha fərqli və daha böyük bir fərq görmədim. Amma deyilməsi asan, əməl edilməsi isə çox çətin nüanslardır, bununla razılaşmaq lazımdır. Belə də ki, nəticə də göz qabağındadır.
İndi isə gəlin tanış olduğum multimilyonçulardan aldığım 3 sadə dərs ilə davam edək:
Birinci Dərs
Bu, hər birimizin dəfələrlə eşitdiyi, bəzən də həddən artıq şirşirdilən o məşhur mövzudur. Yəni təhsil. Bu insanların heç biri qeyri-adi, prestijli, məşhur universitetlərdən məzun olmayıb. Hətta, səhv etmirəmsə, biri universitet belə bitirməmişdi. Burada əsla bir qrup insanın bu günlərdə internetdə “universitet, təhsil lazımsızdır” deyə hay-küy saldıqları kimi təhsili pisləmək və lazımsız olduğunu demək istəmirəm. Demək istədiyim tamam fərqli bir şeydir. Mən “insan nə qədər çox bilirsə, o qədər yaxşıdır” düşüncəsindəyəm və buna inanıram. Mənim vurğulamaq istədiyim və məni o tədbirdə heyrətləndirən gerçək bu idi ki, biz təhsili özümüzə bəhanə eləyə bilmərik. Buna haqqımız yoxdur. Mən o insanları tanıdıqdan, onlarla söhbət etdikdən sonra bunun nə qədər mənasız bir bəhanə olduğunu başa düşdüm. Yəni hazırda olmaq istədiyimiz yerdə olmamağımızın səbəbi oxuduğumuz, təhsil aldığımız, və ya məzun olduğumuz universitetin dünyada “Top 10” da, ya da “Top 100”də olmaması deyil.
Bütün məsələ bizim bunun belə olduğuna dair düşüncə və inancımızdır. Hansı ki, bu düşüncə və inanc bizi lazım olan seçimləri etməkdən və işləri görməkdən alı qoyur. Ən pisi də bu imkanların lap burunuzun dibində olmasına baxmayaraq onları görməyimizə və istifadə etəmiyimizə bizə mane olmasıdır.
İkinci Dərs
Bu isə bir növ birincinin davamıdır. Bunu da yenə əminəm ki, dəfələrlə eşitmisiniz. O da köklənmək (foksulanmaq) və başladığı işi bitirənə qədər başqa bir işə başlamamaq, fikrini, enerjisini, diqqətini yayındırmamaq, parçalamamaqdır. Bu şəxsən mənim özümü ən günahlandırdığım şeylərdən biridir. Bu insanlar danışarkən hər birinin nələrdən fədəkarləq etdiklərini dinlədikcə, gördükcə köklənməyin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anladım. Köklənmək dedikdə adətən insanın ağlına sadəcə hər hansı bir mövzu üzərində düşünmək gəlir, lakin bu çox dar və əksik bir izahdır. Əsas olan icraatdır, hərəkətə keçməkdir. Fasiləsiz, uzun müddətli və intensiv şəkildə işləməyə, planlaşdırmağa, yeni yollar, metodlar, insanlar tapıb, tanış olub onlarla birlikdə işləməyə davam etməkdir. Ancaq sadəcə bir hədəf üzərində.
Üçüncü Dərs
Bu da multimilyonçuların hər birinin dəfələrlə vurğuladığı bir mövzudur. O da ZEHNİYYƏTdir (mindset). Buraya çox şey aiddir, amma ən əsası və hər birinin ən çox əhəmiyyətindən bəhs etdi şeylər aşağıdakılardır.
-
Problemlər olduqda, uğursuz olduqda reaksiyan nə olur?
-
Vaxtının neçə fazini düşünməyə, analiz etməyə, neçə fazini işləməyə, hərəkətə, icraata sərf edirsən? Doğru olan vaxtın daha çox hissəsini hərəkətə, icraata sərf etmək və sualların cavablarını başladıqdan sonra tapmaqdır. Bu əsla o demək deyil ki, mütləq elə plansız, hazırlıqsız başlamaq və nə isə etmək lazımdır. Əksinə, lazımı hazırlığı etdikdən sonra çox uzatmadan, düşünməyi yekunlaşdırıb başalamaq və işləmək lazımdır.
Sadəcə yuxarıda sadalanan bu 3 dəyişikliyi etməklə heç kim dərhal milyonçu, ya da multimilyonçu olmayacaq. Ancaq bunlarsız da olmaq çox çətindir.
Ən vacib olan işləməkdir, ağıllı və məqsədyönlü bir şəkildə işləmək. Yəni sadəcə sabahdan axşama qədər nələrləsə məşğul olmaq yox, seçilmiş, bəlli bir plana, strategiyaya uyğun olaraq müəyyən edilmiş işlər üzərində işləmək.
Son olaraq vurğulamaq istədiyim bir nüans daha var. O da maddi olaraq insanların böyük uğurlara imza atmasının ən əsas faktorlarından birinin də sanki doğru zamanda doğru işdə və ya sahədə olmasıdır. Yəni ki, bəlli zamanlarda fərqli sahələr, fərqli sektorlar daha gəlirli olur, həmçinin bu sahələrdə uğur qazanmaq ehtimalı da digərlərinə nisbətən daha çox olur. Bunu da unutmamaq faydalı olar.
Mənbə: İsmayil S. Valiyev