Azərbaycanda əhəmiyyətli fond bazarı yoxdur və hökumətin hədəflərindən biri maliyyə dayanıqlığının qorunmasında bu bazarın imkanlarından istifadə etməkdir.
Bakı Fond Birjasının İdarə heyətinin sədri Vüqar Namazov ilə müsahibədə qarşıdakı ildə kütləvi səhm emissiyasına (İPO) hazırlıqla bağlı vəziyyətə toxunduq.
- Aldığımız məlumata görə, “Golden Pay” şirkəti bazara ilk kütləvi səhm buraxmaqda qərarlıdır. Bununla bağlı əməkdaşlıq edirsinizmi?
- Düzdür, şirkət belə bir təkliflə çıxış edib və indidə biz onlarla dialoqdayıq. Mən sadəcə nəticə olmamış bir şeydən danışmaq istəmirəm. Amma onu demək istəyirəm ki, İPO etməkdə maraqlı olan şirkətlər var. Biz həmin şirkətlərlə çox aktiv şəkildə müzakirələr aparırıq. Təbii ki, nəticələr olandan və ilk rəsmiləşdirmədən sonra biz çıxıb şirkətlərin adını çəkə bilərik.
- Maraqlanan neçə şirkət var?
- Şirkətlərin sayı göstərici deyil, göstərici İPO-nun nəticələridir. Biz nəticəyə fokslaşmışıq. Əslində, şirkətlər görüşüb danışdığımız, bu barədə niyyət bildirən və bu istiqamətdə addım atan şirkətlər çoxdur. Biz hər dəfə yeni-yeni şirkətlərlə listinq memorandumu imzalayırıq. Yeni tərəfdaşlar cəlb edirik. Təbii ki, nəticələr olan kimi biz deyəcəyik. Bu dəqiqə isə aktiv dialoqlar mərhələsindəyik. Qeyd edim ki, bu məsələdə tək deyilik burda tənzimləyici qurumun da çox böyük dəstəyi var. Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətlərin bu prosesə qoşulmasında bizə çox böyük dəstək göstərir. Əminəm ki, bu günə kimi qurub düzəltdiyimiz resurslar, infrastrukturlar, ekosistem çox qısa zamanda öz nəticələrini verəcəkdir. Çünki, biz bunun içindəyik görürük ki, artıq qığılcımlar var.
- Necə hesab edirsiniz, ən azı 2019-cu ildə İPO olacaq?
- Planlamanı başlamışıq, hazırda onun üzərində çalışırıq. Demək olar ki, bu ilimizi və ötən illərimizi potensialın formalaşmasına yönləndirmişdik. Bizim hədəfimiz şirkətlərin yetişməsi, məlumatların artırılmasıdır. Yəni, fikir vermisinizsə ötən illərdə və bu illərdə BFB adına hər həftə rast gəlirsiniz. Bu bizim şüurlu şəkldə atdığımız bir addımdır. İlk öncə BFB-nin brendini təqdim etməliyik. Listinq, kapital bazarı, oradan maliyyələşmənin effektivi nədir, bu məsələdə maarifləndirməyə ehtiyac çoxdur. Biz bu səbəbdən silsilə tədbirlər keçirdik, sahibkarlarla görüşdük, ixrac yönümlü şirkətlə işləməyə başladıq. Əvvəl bir-iki şirkərlə işləyirdiksə, hazırda əlaqələrimiz daha sıxdır. Məqsədimiz kapital bazarını tanıtmaq, onun üstünlükləri və faydaları haqqında fikir formalaşdırmaqdır.Bu gün BFB-nin dövriyyəsi 18-ilin rekord rəqəmidir və biz bu artımları qarşılaya bilirik. Bu proseslərin ortasında biz drayver rolunu oynaya bilirik. Eyni zamanda qiymətli kağız bazarında artım var. Siz təhlil etsəniz görəcəksiniz ki, bazarın özü böyükdür. Biz neçə il sonra bu il şirkətlər arasında olan repo əməliyyatlarına start verdik. Hazırda iki repo əməliyatlar bazarı var. Birincisi, Mərkəzi Bankla repo bazarı var, hansi ki orada əməliyyat görünmür. İkinci isə korporativ repo bazarı mövcuddur ki, burada sığorta şirkətləri və fiziki şəxslər bir-birilərinə qısa müddətdə borc verib və borc alıb vəsait dövr etdirə bilərlər. Bu il həmin bazarda 500 milyon manatlıq dövriyyəmiz var.
Qısamüddətli kapital axının fond birjası üzərindən həyata keçirilməsinə nail olmuşuq. Bu makro-ekonomik miqyasda təsəvvür edin necə yaxşı bir göstəricidir. Artıq hansısa banka gedərək girov qoymaq, hansısa telefon üzərindən sövdələşmələr aparmağa ehtiyac yoxdur. Fond birjası üzərindən yarım dəqiqə ərzində borc verib borc almaq olur.
- Qarşıda Beynəlxalq Bankın özəlləşdirilməsi prosesi var. Necə düşünürsünüz, Beynəlxalq Bankın səhmlərinin İPO olunması realdırmı?
- Əlbəttə, bu proses kapital bazarının üzərindən olarsa, bazarın canlanması deməkdir. Beynəlxalq Bank və digər nüfuzlu şirkətlərin kütləvi səhm yerləşdirməsi fond bazarının qalxması üçün çox böyük töhfə vermiş olar. Eyni zamanda nzərə alın ki, bizim ekosistem də artıq bunu qarşılamağa hazırdır.
businessinsider.az