Xəbər verildiyi kimi, Azərbaycan iqtisadiyyatının lider şirkəti, ölkənin ən böyük yerli investoru və işəgötürəni olan Dövlət Neft Şirkəti özünün yeni istiqrazlarını buraxmağa hazırlaşır.
PAŞA Kapital-dan SOCAR-ın yeni “yaşıl” istiqrazlarına - İNVESTİSİYA FÜRSƏTİ
SOCAR-ın yeni "Yaşıl" istiqraz buraxılışı – ekologiyaya qayğı və bu sektordakı layihələrin dəstəklənməsi üçün atılan addımdır.
"Yaşıl" istiqrazlar, onların digər istiqrazlardan fərqi və üstünlükləri, ümumiyyətlə ölkənin ən böyük şirkətinin qiymətli kağızlar bazarındakı planları ilə bağlı FED.az-ın suallarını “SOCAR Capital”ın maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu cavablandırıb.
- Ali bəy, qiymətli kağızlar bazarı üzrə sizin kimi tanınmış mütəxəssisi Bakıda salamlamaqdan çox şadıq. Zəhmət olmasa əvvəlcə SOCAR-ın "Yaşıl" istiqrazlarının şərtləri haqqında məlumat verərdiniz…
- Təşəkkür edirəm, əlbəttə ki, bu istiqraz "Yaşıl təyinatlı" bir istiqrazdır. Düşünürəm ki, hər kəsin daha yaxşı anlaması üçün əvvəlcə bu istiqrazın tərifini verməliyik. Şərtlərinə görə, bunun adi istiqrazdan heç bir fərqi yoxdur, normal istiqrazla tamamilə eynidir. "Xüsusiyyətləri nədir?" deyə soruşsanız, 5 illik müddətə buraxılıb, illik 6% gəlir gətirir, faiz ödənişləri hər rüb həyata keçirilir.
- Oxucularımıza aydın olması üçün mümkünsə, gəlin bunu misallarla izah edək…
- Əlbəttə, məsələn, min dollarlıq istiqraz ildə 60 dollar, hər rübdə isə 15 dollar faiz qazandıracaq. Yəni bir ilin sonunda gəlir altmış dollar olacaq, bu isə illik altı faizə bərabərdir. Əgər istiqraz sahibləri əldə etdikləri kuponları, yəni hər rübdə aldıqları on beş dollarları yenidən bu istiqraza yatırarlarsa, əlavə faiz qazandıqları üçün illik gəlirləri 6,13%-ə yüksələcək. Yəni burada, necə deyərlər, faizdən faiz qazanmaq üstünlüyü var. Bu istiqraz «SOCAR Capital»ın dəstəyi ilə SOCAR tərəfindən buraxılmış bir istiqrazdır, emissiya prosesi (anderraytinq xidməti) «Paşa Kapital» İnvestisiya Şirkəti tərəfindən idarə olunur.
- Ali bəy, SOCAR indiyə qədər də bir neçə dəfə istiqraz buraxılışı həyata keçirib, necə deyərlər, Azərbaycanda yeni üsulla istiqraz buraxılışının yolu məhz SOCAR tərəfindən açılıb. Amma "Yaşıl" istiqrazların buraxılması ilk dəfədir, bu istiqrazların buraxılmasından cəlb olunan vəsaitlər necə, hansı istiqamətdə sərf olunacaq?
- Doğrudur, indiyədək SOCAR bir neçə dəfə dollar istiqrazını buraxıb, SOCAR əvvəllər iki dəfə - 2016 və 2021-ci illərdə istiqraz buraxıb. Bu dəfə isə ilk dəfə olaraq "Yaşıl" istiqraz buraxılır. Bu istiqazların digər SOCAR istiqrazlarından fərqi ondadır ki, buradan əldə olunan vəsait yalnız «yaşıl» layihələrə yatırılacaq. Bu istiqrazın vəsaitləri ilə bağlı layihələr «SOCAR Green» adlı şirkət vasitəsilə həyata keçirilir. SOCAR-ın burada yaşıl enerji və davamlılıq ilə bağlı müxtəlif layihələrə yatırımı nəzərdə tutulur. Bu istiqrazdan gələn vəsait başqa layihələrdə istifadə edilməyəcək.
- SOCAR-ın "Yaşıl" istiqraz buraxılışları bundan sonra da davam edəcəkmi?
- Bəli, SOCAR yaşıl istiqraz buraxılışını davam etdirməyi planlaşdırır. Çünki həm SOCAR-ın, həm də Azərbaycanın bərpa olunan enerji sahəsində ciddi yatırım planları mövcuddur. Bu investisiyaların həyata keçirilməsi üçün yalnız SOCAR-ın öz mənbələri kifayət etməyəcək. Buna görə də, investisiyaların həm ilkin mərhələsi, həm də daha tez bir zamanda reallaşması üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac var. Layihələr irəlilədikcə onların maliyyələşdirilməsi üçün yeni "Yaşıl" istiqrazlar buraxılacaq.
- İstiqrazlara maraq göstərən investorlar üçün başqa hansı imkanlar mövcuddur? Məsələn, istiqrazları girov qoyub kredit götürmək mümkündürmü? Çünki indi biznes sektoru çox dinamikdir, bəzi investorlar əldəki pulu bir sahəyə yatırıb sadəcə gözləmək istəmirlər.
- SOCAR-ın istiqrazlarının yerləşdirilməsi ilə bağlı əvvəlki təcrübələr də bazarın inkişafında mühüm rol oynayıb. İlk istiqraz 2016-cı ildə yerləşdirilərkən çətinliklərlə üzləşsək də, sonrakı dövrlərdə bu istiqrazlara olan inam artıb və yerləşdirmə prosesi daha asan olub. SOCAR-ın açdığı yol ilə bazarda hazırda 39 emitent fəaliyyət göstərir və ümumilikdə 145 emissiya həyata keçirilib. Bunlardan 6 emitent həm dollar, həm manat istiqrazı çıxardıb. O vaxtdan bu istiqrazları girov qoyaraq kredit əldə etmək və başqa iş görmək olar.
- Ali bəy, qiymətli kağızlar bazarında ən aktiv aparılan əməliyyat növlərindən biri də repo əməliyyatlardır. SOCAR-ın "Yaşıl" istiqrazları ilə repo əməliyyatı aparmaq mümkündürmü?
- Əlbəttə mümkündür, oxuculara aydın olması üçün gəlin, bunu misalla izah edək. Məsələn, əgər 10 min dollarlıq istiqrazınız varsa və 2 min dollara ehtiyacınız varsa, üç seçim mümkündür:
1. İkinci bazarda satmaq.
2. Banka girov qoyub kredit götürmək.
3. Repo əməliyyatı etmək.
Repo nədir? Repo - müvəqqəti pul ehtiyacını qarşılamaq üçün istiqrazı satmadan istifadə etməkdir. Əslində, istiqrazın gətirdiyi faiz gəliri mənim üçün cazibədardır. Həmin istiqrazdan imtina etmək istəmirəm. Əgər mən istiqrazımı satıb vəsait əldə etsəm, sonra həmin istiqrazı geri almaq istədikdə, bazarda qiymət dəyişikliyi səbəbindən onu daha yüksək qiymətə almaq məcburiyyətində qala bilərəm. Bu vəziyyətdən yayınmaq üçün repo əməliyyatından istifadə edə bilərəm. Repo mənə istiqrazımı satmadan, müvəqqəti olaraq girov qoyaraq lazımi məbləği əldə etmək imkanı verir. Beləliklə, istiqrazın gəlirlərini qoruyub saxlamaqla yanaşı, qısa müddətli maliyyə ehtiyaclarımı da ödəyə bilərəm. Repo müddəti 2 ay, 5 ay və ya daha uzun ola bilər. Bu kimi əməliyyatlar istiqrazların likvidliyini artırır.
- Ali bəy, siz Azərbaycanın qiymətli kağızlar bazarı, burada baş verən proseslərlə yaxşı tanışsınız. Məlum olduğu kimi, bir qədər əvvəl ölkənin ən böyük bankı olan ABB Bank səhm buraxılışı həyata keçirtdi və adi vətəndaşlar da ABB-nin səhmlərinə sahib ola bildilər. Gələcəkdə SOCAR-ın hər hansı müəssisələrində bu tip səhm buraxılışı nəzərə tutulurmu? Bu olacaqsa, nə vaxt baş verə bilər?
- Bu mövzuda dəqiq məlumata sahib olmasam da, SOCAR-ın səhmlərinin buraxılması haqqında müzakirələr artıq təxminən on ildir ki, davam edir. Mən ilk istiqraz buraxıldığı dövrdən bu yana bu istiqamətdə hər hansı konkret addımın atıldığına şahid olmamışam, Azəraycanda . Türkiyədə SOCAR-da işlədiyim dövrdə də oxşar bir vəziyyət yaşanmışdı. Orada bir müddət təbii qaz şirkətinin səhmlərinin ictimaiyyətə açılması müzakirə edildi, lakin nəticədə bunun əvəzinə SOCAR Türkiyə birbaşa qaz şirkətini satmağı üstün tutdu. Azərbaycan kontekstində isə belə bir satışın həyata keçirilməsi gözlənilmir. SOCAR-ın səhmlərinin buraxılması gələcək illərdə, maliyyə bazarlarının inkişaf səviyyəsinə uyğun olaraq dəyərləndirilərək bu barədə qərar veriləcəkdir.
- SOCAR-ın indiyə qədər buraxdığı istiqrazlara təkrar bazarda maraq necə idi?
- Qeyd etdiyim kimi, iki dəfə istiqraz buraxılışı olmuşdu, ilk istiqrazda təkrar bazarda əməliyyatlar çox da böyük olmamışdı. Amma ikinci buraxılışdı istiqrazlara böyük inam vardı və bazarda aktiv şəkildə alınıb-satılırdı. Hətta 2-ci istiqraz buraxılışında SOCAR-ın marketmeykerliyinə ehtiyac qalmadan istiqrazlar son dərəcə rahat şəkildə alınıb-satıla bilən hala gəldi.
- Ali bəy, yeni SOCAR istiqrazlarını haradan, necə əldə etmək olar?
- SOCAR istiqrazlarını ASAN Xidmət mərkəzlərindən, daha dəqiqi 1 saylı və 5 saylı ASAN xidmət mərkəzlərində SOCAR istiqraz köşklərindən sifariş edə bilərsiniz. Eyni zamanda, bütün investisiya şirkətlərindən də SOCAR istiqrazı almaq üçün sifariş qoymaq mümkündür. Hazırda ABB Bank və M10 ilə ilə də razılıq əldə olunub. Bu istiqrazlara abunə yazılışı 28 fevral tarixinə qədər davam edəcək. 28 fevrala qədər təxminən 1,5 ay vaxt qalıb. Bu müddət ərzində müxtəlif bankların da bu prosesdə əməkdaşlığa meyilli olacağı və işbirliyinin genişlənəcəyini düşünürəm.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.