Azərbaycan iqtisadiyyatının flaqmanı olan Dövlət Neft Şirkəti (SOCAR) ölkə əhalisi və investorlar üçün növbəti yeniliyə hazırlaşır. Sentyabr ayında Dövlət Neft Şirkətinin yeni dollar istiqrazları buraxılacaq.
Eləcə də bax: SOCAR yeni istiqrazlar buraxır – Tarix və Şərtlər Elan Olundu
SOCAR artıq bir dəfə öz istiqrazları ilə ölkənin qiymətdi kağızlar bazarını «partladıb». 2016-ci ildə şirkət tarixində ilk dəfə olaraq dollarda SOCAR İstiqrazları buraxaraq ölkə əhalisini müasir istiqrazlarla tanış etdi.
Yerli investorlar ilk dəfə olaraq istiqrazlardan gəlir götürməyin mümkünlüyünü gördülər. 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının tədavül müddəti artıq oktyabr ayında başa çatır və yeni buraxılacaq istiqrazlar bu kağızları əvəz edəcək.
SOCAR-ın yeni istiqrazları, onun şərtləri və investorlar üçün gətirəcəyi yeniliklərlə bağlı FED.az-ın suallarını SOCAR-ın maliyyə məsələləri üzrə məsləhətçisi Tolqa Kotan cavablandırır.
- Tolqa bəy, 5 il bundan əvvəl SOCAR ilk istiqrazlarını buraxmağa hazırlaşanda ölkənin qiymətli kağızlar bazarında vəziyyət fərqli idi. O vaxtdan bəri insanların istiqrazlara inamı necə dəyişib?
- Bu çox maraqlı proses idi. Bizim ilk dəfə istiqraz buraxdığımız vaxtı xatırlayın. Dünyada neftin qiyməti aşağı idi. Banklar, maliyyə sektoru devalvasiyanın təsiri altında idilər, bir neçə bank bağlanmışdı, maliyyə birjalarına inam azalmışdı, o sektordan yalnız mənfi məlumatlar yayılırdı. Belə vəziyyətdə SOCAR ölkənin ən böyük şirkəti olaraq maliyyə bazarlarına inamı bərpa etmək, bu sahəni inkişaf etdirmək üçün mühüm addım ataraq bu istiqrazları buraxdı.
Əhali, istiqraz alıcıları gördülər ki, istiqrazlar rahatca alınıb-satıla bilir, faizlər vaxtında ödənilir, sistem yaxşı işləyir.
Yeri gəlmişkən, indiyədək, daha dəqiqi, oktyabrda ödəniləcək faizlər də daxil olmaqla, vətəndaşlarımıza 25 milyon dollar faiz ödənişi etmiş olacağıq.
- SOCAR-ın istiqraz buraxması ilə ölkədə qiymətli kağızların alqı-satqı prosesi necə dəyişmişdi?
- Doğrudan da biz ilk istiqrazı buraxmağa hazırlaşanda Milli Depozit Mərkəzində (qiymətli kağız və sahiblərinin reyestri, qiymətli kağız almaq üçün burada depozit hesabı hesab açmaq lazımdır – FED.az) hesab açmaq və istiqraz almaq bir neçə gün çəkən proses idi. Amma biz müvafiq dövlət qurumları ilə bu prosesin üzərində işləyərək, onu 30 dəqiqəyə qədər qısaltdıq, nəticədə indi bir neçə dəqiqəyə hesab açıb istiqraz almaq mümkündür.
Yəni qiymətli kağızlar bazarında mövcud olan bütün ticarət prosesi dəyişdirildi.
Bizdən sonra digər şirkətlər də bu sistemdən istifadə edərək, öz istiqrazlarını buraxdılar, yəni bundan hamı faydalandı.
- Ötən 5 ildə Azərbaycanda qiymətli kağızlara yatırım edən investorların davranışları necə dəyişib?
- İstiqrazı buraxmaqda əsas məqsəd həm iqtisadiyyatdan kənardakı pulların ölkə iqtisadiyyatına cəlb edilməsi, həm də əhalinin inamının bərpa edilməsi idi. Biz yeni başlayanda çoxsaylı sorğular vardı: «Pullarımız batmayacaq ki?», «Buna kim zəmanət verir?», «Pullarımızı istənilən vaxt götürə biləcəyikmi?», «Ödənişlər vaxtında ediləcəkmi?» kimi. Sosial şəbəkələrdən yazırdılar, şirkətə zəng edirdilər (*1999) və sair. Biz hətta bəzi müştəriləri şirkətə dəvət edib, onlarla söhbət etdik, izahatlar verdik.
Sonra isə bunu əyani şəkildə göstərdik.
İndi həmin sorğular tamamilə dəyişib. Artıq bizdən soruşurlar ki, «Növbəti istiqrazı nə vaxt buraxacaqsınız?», «Niyə yeni istiqaz buraxmırsınız?», «Təkrar istiqraz ala bilərəmmi?» və sair. Çünki insanlar işlərin necə qurulduğunu, ödənişlərin problemsiz, vaxtında edildiyini görürlər.
Artıq elə bir vəziyyət yaranıb ki, xarici valyutanı hara yatırmaq olar dedikdə, ağıla ilk olaraq, SOCAR və onun istiqrazları gəlir.
- Tolqa bəy, SOCAR-ın yeni istiqrazları nə vaxt və hansı həcmdə şərtlərlə buraxılacaq?
- Yeni istiqrazlar 2021-ci ilin noyabr ayının ilk günündə buraxılacaq. 20 sentyabr və 29 oktyabr tarixlərində abunə yazılışı nəzərdə tutulub. İstiqraz buraxılışının həcmi, əvvəlki kimi 100 milyon dollar nəzərdə tutulur.
- İstiqrazların şərtləri olduğu kimi qalırmı?
- İstiqrazlar, bir neçə məqamı çıxmaqla əvvəl olduğu şərtlərlə - 5 illik müddətə, illik 4,5% kupon faizi ilə buraxılacaq, faizlər 3 aydan bir ödəniləcək. Yəni əvvəlki buraxılış kimi, bu kağızlar da investorlar üçün sərfəli bir alət olacaq.
- Gəlin faiz gəlirliyi məsələsini dəqiqləşdirək. Əvvəlki buraxılışda illik gəlirlilik 5% təşkil edirdi, indi isə 4,5%. Bu azalma nə ilə bağlıdır?
- Baxın, ilk istiqrazların buraxılışından sonra bütün dünyada istiqrazların gəlirliyi aşağı düşüb. Bu bazarın bençmarkı olaraq ABŞ istiqrazları götürülür. Digər bütün ölkələr də həmin dərəcələri izləyir, istiqrazların gəlirliyin ona uyğunlaşdırırlar. 2016-ci ildə biz ilk istiqrazları buraxanda ABŞ-ın 10 illik istiqrazlarının illik gəlirliyi 2-3% arasında idi. İndi isə bu rəqəm 1% ətrafında dəyişir. Bu baxımdan indi ödəyəcəyimiz 4,5%-in digər alətlərdən üstünlüyü, 2016-cı ildə ödənilən 5%-in digər alətlərdən üstünlüyündən daha artıqdır.
Digər tərəfdən, bir yatırımın gəlirliyi barədə danışanda onu alternativləri, yəni digər investisiya alətləri ilə müqayisə edirlər. Azərbaycanda xarici valyutada, dollarda olan alətlərdə gəlirlilik olduqca aşağıdır. İri maliyyə qurumlarında dollarla gəlirlilik 0,25%-1% arasında dəyişir. Yəni dolları 1%-lə yatırsanız şanslısınız. Bunlarla müqayisədə 4,5% gəlir gətirən SOCAR İstiqrazları qat-qat sərfəli yatırımdır.
- Gəlin bunu, məsələn 10 min dollarlıq yatırım üzərində müqayisə edək...
- Tutaq ki, 10 min dolları 0,5%-lə yatırsanız bir ildə cəmi 50 dollar gəlir əldə edəcəksiniz, SOCAR istiqrazları isə bu müddətdə 450 dollar gəlir gətirəcək. Bu 5 illik yatırımda, faizləri də təkrar yatıranda 2 min dollara yaxın qazanc götürmək mümkündür. Bu investorun həm daxili, həm də beynəlxalq bazarlarda əldə edə biləcəyi ən yüksək gəlir variantlarından biridir.
- Yəni SOCAR İstiqrazını alanlar pulu SOCAR-a yatırmış olur, bunu nəzərdə tutursunuz?
- Əlbəttə, SOCAR bu ölkənin mübahisəsiz ən böyük şirkəti, təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdədə layihələrə, yatırımlara sahib olan şirkətdir. SOCAR-ın ümumi aktivləri 65 milyard manat və ya 39 milyard dollar ətrafındadır. Yəni istiqraz buraxılışı olan 100 milyon dollar bunun yanında çox kiçik məbləğdir.
Digər mühüm məsələ, pulumu, qazandığım faizləri və lazım olarsa, istiqraza etdiyim yatırımı nə qədər sürətli geri ala bilərəm – ona baxaq. Avrobondlarda (Avropada buraxılan istirazlarda – FED.az) faiz ödənişi 6 aydan bir həyata keçirilir. Bizdə isə faizlər 3 aydan bir ödənilir, onu xərcləmək, yenidən yatırım etmək və sair etmək olar.
- Əvvəlki istiqrazların təcrübəsini xatırlatsaq, bu kağızların likvidliyi necə idi? Yəni lazım olanda onu pula çevirmək mümkündürmü?
- Baxın, 5 illik müddət ərzində SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatların həcmi 200 milyon dolları keçib, birjada istiqrazların təkrar bazarının 74%-i bizim istiqrazların payına düşüb. Bu o deməkdir ki, istiqraz sahibləri bu kağızları ehtiyacları olduqda anındaca satıb, sonra yenə ala bilirlər. Sizə bir misal gətirim, tutaq ki, məhsul yetişdirib bazara satmağa gətirmisiniz. Alıcı tapmasanız sata bilməyəcəksiniz və məcburi qiyməti endirəcksiniz, ya da əksinə – məhsul almağa gəlmisiniz amma rəflər boşdur, malı tapa bilmirsiniz. Biz bu boşluğu doldurmaq üçün market-meyker institutu yaratdıq. Bu o deməkdir ki, kimsə istiqrazını satmaq istəyirsə, hətta bazarda alıcı olmasa da, onu market-meykerə sata biləcək.
- 5 illik müddətdə, marketmeykerə ehtiyac oldumu? Yəni belə bir hal oldumu ki, istiqraz sahibi istiqrazı satmaq istəyir, amma bazarda alıcı olmadığına görə, marketmeykerə satır?
- Çox nadir hallarda. Əksər hallarda istiqraz satmaq istəyənlər onu birjada başqa investora satdılar, yəni bazarda həmişə alıcı var. Amma bəzi günlər oldu ki, bəli, həmin saatda təcili satmaq lazımdırsa market-meyker istiqrazı alıb. Bununla da istiqraz sahibi kağızı dərhal pula çevirib. Amma bildiyiniz kimi, istiqraz sahibinə təcili pul lazım olanda onun üçün də maraqlı həllərimiz var ki, heç istiqrazı satmağa ehtiyac qalmır.
- Siz repo əməliyyatlarını nəzərdə tutursunuz?
- Əlbəttə, biz təkcə SOCAR İstiqrazlarını buraxmadıq, həm də ondan səmərəli istifadə üçün alətlər, üsullar yaratdıq. Onlardan biri də repo əməliyyatlarıdır. Bu nə deməkdir? Tutaq ki, siz istiqraz sahibisiniz, və sizin qısa müddətli, məsələn 2 aylıq pula ehtiyacınız var. Bilirsiniz ki, 2 ay ərzində bunu ödəyəcəksiniz. Belə vəziyyətdə istiqrazı satmaqdansa, repo əməliyyatı edib, istiqrazı girov qoyub 2-3 aylıq müddətə pulu götürüb istifadə edirsiniz. Yəni istiqraz da sizdə qalır, onun faizləri də həmişəki kimi sizə çatır. Gözlədiyiniz vəsait sizə gəldikdə isə borcunuzu bağlayırsınız. Yəni istiqrazdan girov kimi istifadə edib pula olan müvəqəti tələbatınızı ödəyirsiniz.
- Sərfəli variantdır, indiyədək repo əməliyyatlarından faydalanan oldumu?
- Əlbəttə, 5 il ərzində 36 milyon dollarlıq repo əməliyyatı aparılıb, bizim istiqrazlar burada da liderdir. Bundan başqa, istiqraz sahiblərinə onları girov qoymaqla güzəştli şərtlərlə manat kreditləri almaq imkanı da yaratmışıq.
- Bu necə baş verir?
- İstiqraz sahibi banka gedir, istiqrazları girov qoyaraq qarşılığında 12-24 aylıq manat krediti götürdülər. Bu müddətdə onların yatırımları dollarda qalmağa davam etdi, yenə də istiqrazların faizlərini qazandılar.
- Səhv eləmirəmsə, bu üsul «RabitaBank»la həyata keçirildi...
- Bəli «Rabitabank»la oldu. Normalda 20% olan kreditləri, siz etibarlı girov qoyduğunuz üçün cəmi 12-13%-lə götürə bilirsiniz. İstiqrazdan əldə edəcəyiniz illik 5% gəliri nəzərə alanda, əslində bu kreditin faizi sizin üçün illik 7-8%-ə düşür.
Bilirsiniz bu niyə belə asandır? – çünki sizin girov qoyduğunuz istiqraz – SOCAR istiqrazlarıdır. Yəni bu digər girovlardan daha etibarlı və likviddir, bank, tələb olunarsa, onu dərhal pula çevirə bilir. Müqayisə üçün deyim ki, girov kimi ev, əmlak qoysanız onun satılması üçün günlər, bəlkə də aylar tələb olunacaqdı.
Başqa sözlə, SOCAR İstiqraz üçün yaratdığımız bu həllər imkan verdi ki, istiqraz sahibləri istiqrazlarını satmadan, əllərində saxlayaraq digər əməliyyatlarını da aparsınlar. Bundan təkcə biz deyil, digər istiqraz buraxan şirkətlər də istifadə edə bildilər.
- Elə bir investorlar varmı ki, istiqrazı əvvəlcədən alıb, hələ indiyə kimi satmayıblar, hələ də davam edirlər?
- Bəli var, əlbəttə, ən yaxşı variant da elə budur. Yəni əgər istiqrazları satmağa böyük ehtiyacınız yoxdursa, ən yaxşısı satmamaqdır. Çünki belə olanda tam gəliri götürmək olar. Qüsa müddətə pula ehtiyac olanda isə dediyim kimi, repo əməliyyatına müraciət etmək olar. Daha uzun müddətə pula ehtiyac olanda isə bank kreditləri var, istiqraz girovu ilə güzəştli bank kreditlərini götürmək mümkündür.
- SOCAR ilk dəfə istiqraz buraxanda əsas məqsədlərdən biri kimi daxili maliyyə və qiymətli kağızlar bazarının inkişafı göstərilirdi. Çünki həmin vaxt SOCAR-ın borca ehtiyacı yox idi, onsuz da Avropa birjalarından cəlb edə bilirdi. 5 il keçib və bazar nisbətən inkişaf edib, bəs indi SOCAR-ın 100 milyon dollarlıq istiqraz buraxmasında məqsəd nədir? SOCAR-a pul lazımdır, yoxsa yenə də bu maarifləndirmə prosesi davam edir?
- Bizim yenidən daxili istiqraz buraxmağımızın əsas iki səbəbi var. Əvvəla bu kağızlara böyük tələb var. İnanın, o qədər çox müraciət var ki, «yeni istiqrazlar nə vaxt buraxılacaq?», «yeni istiqraz olacaqmı?» - deyə. Və ya soruşurlar ki, «oktyabrda son ödəniş ediləcək, bəs sonra, biz pullarımızı geri alıb hara yatıracağıq?». Yəni yeni istiqrazlara böyük tələbat var.
İkincisi, doğrudan da Azərbaycanın maliyyə bazarları və qiymətli kağızlar sektoruna öz dəstəyimizi vermək istəyirik. Çünk hər bir ölkədə iqtisadiyyat üçün maliyyə bazarları qan damarlarıdır. Maliyə bazarlarının güclü olması bütün iqtisadiyyata faydalıdır. Bazarlara inamı yaratmaq üçün isə buraya həmişə ilk dəfə güclü, inam böyük olan şirkətlər daxil olur. Biz də SOCAR olaraq, bu ölkənin ən böyük və güclü şirkəti olaraq daim bu bazarla yer alacağıq.
- Tolqa bəy, tutaq ki, SOCAR-a hansısa məbləğdə vəsait lazımdır. Məsələn, TAP və ya başqa bir layihə üçün - SOCAR o vəsaiti ölkə daxilində yox, ölkə xaricində hansı faizlə tapa bilər?
- Baxın, SOCAR bu vəsaiti xaricdən daha ucuz qiymətə cəlb edə bilər. 2022-2023-cü ildə üzrə illik 1%, 2030-cu il üzrə isə cəmi illik 3,4%-lə vəsait cəlb etmək imkanımız var.
- Yəni SOCAR-ın imkanı var ki, onun daxili bazardan 4,5 faizlə cəlb edəcəyi vəsaiti xaricdən daha aşağı faizlə cəlb etsin?
- Təbii ki, əslində bunu mən də, siz də yaxşı bilirik, sadəcə insanların başa düşməsi üçün izah edirəm ki, biz bu vəsaiti xaricdən, tutaq ki, London birjasından daha ucuz cəlb edə bilərik.
- Əgər xaricdən daha ucuz almaq imkanı varsa, burada 4,5 faizlə buraxmaq SOCAR-a ziyan deyil?
- Məsələ bundadır ki, biz bir növü xarici borcu yerli borca çevririk. Bu halda, SOCAR-ın yerli istiqrazlarından toplanmış vəsait xarici borcu bağlamağa, beləliklə də xaricə valyuta axınını dayandırmağa yardım edir. Yəni, xaricə dollar ilə ediləcək faiz ödənişləri öz vətəndaşlarımıza qazanc kimi verilir. Daxildə istiqraz buraxmaqla, SOCAR bir neçə müsbət şeyə nail olmuş olur: xaricə potensial vəsait axınının qarşısını almış olur, daxildə və vətəndaşlara gəlir kimi qazanılan bu faizlər iqtisadiyyata qayıdaraq dövriyyədə olmuş olur, eyni zamanda, yastıq altında olan xarici valyutanı “diriltmiş” olur. Bundan əlavə, maliyyə bazarının iştirakçıları hər zaman aktivlik göstərir, vətəndaşlar qiymətli kağızı alır, satır, repo əməliyyatlarına girir, faiz şəklində gəlir qazanır, investisiya şirkətlərinin dövriyyəsi artır, market-meykerlik xidmətləri həyata keçirir, banklar da, komissiyalar vasitəsilə gəlir əldə edir və s. Yəni, bir istiqraz buraxılışı ilə neçə kiçik maliyyə çarxı işə düşərək, ümümi böyük çarxı- iqtisadiyyatı dövr etməyə vadar edir. Bu halda bütün tərəflər -SOCAR, ölkənin maliyyə bazarı, və vətəndaşlar hamısı qazanır, ziyan edən yoxdur.
Bir qədər əvvəl dediyim kimi, bununla biz ölkənin maliyyə sisteminə dəstək vermək, həm də faydanı öz vətəndaşlarımıza vermək istəyirik. Ümumiyətlə, SOCAR həmişə ölkə iqtisadiyatına, eləcə də müxtəlif layihələrlə sosial sahəyə dəstək verib. SOCAR özəl deyil, dövlətin, xalqın şirkətidir.
5 il bundan əvvəl başlanan maliyyə bazarlarınnı inkişafı, əhalinin maariflənməsi isə heç bir pulla müqayisəyə gəlməyəcək bir anlayışlardır. İstənilən sayda maliyyə kursları təşkil etsəniz də bu effekti almaq mümkün deyildi. Biz isə insanlara bunu əyani çatdırdıq.İnvestorlardan bizə yönləndirilən sualların da formatında olan dəyişikliklərdən də biz bunu açıq şəkildə görürük.
- SOCAR-in ilk istiqrazlarında tətbiq etdiyi repo və bankdan güzəştli kreditlər kimi alətlər yeni istiqrazlarda da olacaqmı?
- Əlbəttə, biz bu barədə həmişə fikirləşirik. İstiqraz sahiblərindən gələn tələbləri, onların ehtiyaclarını öyrənir və onların reallaşması üçün həllər tapırıq. Biz istiqraz sahiblərinin tələblərindən istəklərindən çəkinmirik, onları dəvət edib ehtiyaclarını öyrənir və ona uyğun həllər təklif edirik.
- Mən istiqrazların banka girov qoyularaq manatla kredit götürülməsi ilə bağlı soruşmaq istəyirəm. İstiqraz 5 illik olduğuna görə, bu müddətə hətta ipoteka krediti də götürülə bilər eləmi?
- Əlbəttə ola bilər. Əslində bu bankların daxili işləri və öz qərarlarıdır, amma biz də bunun olması üçün əlimizdən gələni edirik. Digər məsələ var – əvvəlki istiqrazda biz bu məsələlər barədə danışanda istiqrazın müddətinin başa çatmasına cəmi 2 il qalırdı deyə, kreditlər də iki illiyə verilirdi. İndi isə müddət daha çoxdur, qarşıda tam 5 il var. Deməli kreditlər də 5 illik müddətə də verilə bilər. 5 illik kreditlə işləri aparmaq daha rahat ola bilər. İstiqraz sahibi istiqrazı banka girov qoymaqla kredit götürə, ev ala və hətta onu kirayəyə verərək gəlirini götürə bilər.
Eyni qayda ilə istiqrazlarını banka girov qoymaqla kredit götürüb maşın da ala bilər. Necə deyərlər həm pulu əlində qalar (istiqraz şəklində) həm də avtomobili olar, üstəlik bu dövrdə istiqrazın faizi də ona hesablanır. Bunlar çox sərfəli variantlardır və insanlarımız bunları bilməlidir. Biz mütəmadi olaraq vətəndaşlarımızı bu imkanlar barəsində məlumatlandırırıq, lakin sualları olarsa, daha ətraflı məlumat və dəstək üçün bizim *1999 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.
- Dövlət istiqrazlarında tələb yüksək olanda və sifarişlərdəki faizlər uyğun olanda buraxılışın həcmi 50%-dən artırıla bilər. SOCAR istiqrazlarında necə, tələbat yüksək olarsa, buraxılışın həcmi artırılıb 100 milyon dolar deyil, məsələn 120, 150 milyon dollar ola bilərmi?
- Bu saat belə qərarımız yoxdur. Amma biz sifarişlərin qəbulu zamanı ilk növbədə fiziki şəxslərin tələblərini nəzərə alacağıq. Yəni vətəndaşların, əhalinin tələbləri bizim üçün daha vacibdir. Amma nəzərdə tutulandan artıq buraxılış etmək qərarımız yoxdur.
- Bəzən investorlar tərəfindən tələb böyük olanda istiqrazların faizləri aşağı düşür. SOCAR istiqrazlarında tələb həddən artıq olsa, belə bir hal ola bilərmi? Yəni istiqrazlar 4,5%-lə deyil, daha aşağı - 4%, 3,5%-lə buraxıla bilərmi?
- Yox, bizdə bu olmayacaq. Bizim istiqrazlar sabit faizlə – 4,5%-lə buraxılacaq. Əvvəl də belə olmuşdu. 2016-cı ildə bizdə 100 mlyon dollarlıq istiqraza qarşı 200milyon tələb gəldi, faiz dəyişmədi. Bu il də 100 milyona qarşı 300 milyon hətta 500 milyon dollar tələb gəlsə də, gəlir faizi dəyişməyəcək. Yenə 4,5% olacaq.
- Biz indiyədək investorlardan danışanda ancaq fiziki şəxsləri nəzərdə tuturuq. Bəs şirkətlər, hüquqi şəxslər necə, SOCAR istiqrazlarının alıcısı ola bilərlər. Sizcə SOCAR istiqrazları korporativ sektor üçün nə qədər əlverişqli alətdir?
- Əlbəttə, SOCAR istiqrazları şirkətlər üçün gözəl məhsuldur və bu şirkətlərdə çoxsaylı peşəkarlar olduğu üçün istiqrazlar onlar üçün göydəndüşmədir. Banklar, investisiya şirkətləri, sığorta şirkətləri böyük vəsaitlər idarə edirlər və istiqrazlar onların xəzinələri üçün çox əlverişli alətdir. Məsələn, Türkiyədə «Türkcell» və ya «Arçelik» kimi böyük şirkətlərin vəsaitləri idarə edən bölmələri var.
Şirkətlər də SOCAR istiqrazlarını alıb-sata, girov qoyub kredit götürə, onlarla repo əməliyyatları apara bilərlər. Yəni bir az əvvəl fiziki şəxslər üçün sadaladığımız bütün əməliyatları şirkətlər də edə bilər. Maliyyə bazarında imkanlar həddindən artıq çoxdur. Biz bu imkanlardan maksimum vətəndaşlarımızın yararlanmağını istəyirik, hüquqi şəxslər onsuz da işlərini yaxşı bilirlər. Məhz buna görə də, istəyirik ki, fiziki şəxslər yeni emissiyada aktiv iştirak edərək, bu imkanlardan bəhrələnsinlər.