Dünyada mələk sərmayə qədər gəlir gətirəcək başqa sərmayə növü yoxdur. Məktəbimizə qoşulan Azərbaycan vətəndaşları mələk investorlar ola və zənginləşə bilərlər. Biz bu sahədən Azərbaycanda da milyonerlərin, milyarderlərin çıxmasını istəyirik.
Mələk İnvestor Məktəbinin qurucusu Fərid İsmayılzadənin müsahibəsi.
- Fərid bəy, sərmayə anlayışı geniş mənada işlədilir - əmlaka sərmayə, qızıla sərmayə, qiymətli kağızlara sərmayə, istehsal, xidmət sektorunda bizneslərə sərmayə və s. Bəs hansı yatırım mələk sərmayə kateqoriyasına aid edilir? Ənənəvi sərmayələrdən bu sərmayəni ayıran hansı xüsusiyyətləridir, tərəfləridir?
- Mələk sərmayə ölkələrin gəlir səviyyəsindən asılı olaraq ayrı-ayrı şəxslərin üç min dollardan bir neçə yüz min dollara qədər startaplara etdiklərə sərmayələrə deyilir. Burada "startap nədir?" sualı ortaya çıxır. Startaplar dünyanı, regionu və ya ölkəni dəyişən innovativ, yeni yaranmış şirkətlərə deyirlər. Bu gün bildiyiniz bütün texnoloji şirkətlər (Apple, Google, Tesla, Amazon və s.) hamısı vaxtı ilə startap olublar. Bəli, indi onlar multi-milyard, hətta trilyon dollarla dəyəri olan şirkətlərdir. Mələk investorlar bu startaplara hələ qarajda olanda, ideya mərhələsində yatırım edənlərdir. Bakıda keçiriləcək İnMerge İnnovasiya Samitinə Apple, Tesla, Netflix kimi şirkətlərin qurucuları gəlir. Onlar əminəm ki, ilk mələk investorları barədə danışacaqlar. Bu arada, bu investorlar yatırdıqları məbləğlərdən yüz, bəlkə də min dəfə daha çox gəlir əldə ediblər. Dünyada başqa belə gəlir gətirəcək sərmayə növü yoxdur.
- Bəs hər il dünyada startaplara nə qədər sərmayə yatırılır? Bu sərmayələrdən hansı nisbətlərdə gəlirlər əldə edilir? Qısası, dünyada insanlar mələk investor olmaqla zəngin ola bilirlər?
- Doğrusunu desəm dünyada hər il startaplara yatırılan ümumi sərmayəni dəqiq demək mümkün deyil. Bəzi, məsələn, Crunchabase kimi platformaların hesablamalarına görə bu aylıq 10-40 milyard arasında dəyişir. Ümumi olaraq onu qeyd edə bilərəm ki, hər il dünyada milyonlarla yeni startaplar yaradılır və bu startaplar bir neçə üsullarla özlərinə investisiya cəlb etməyə çalışırlar. Belə investisiya üsullarında biri və ən çox yayılmışı da elə məhz mələk investisiyasıdır.
Mələk investorlar yeni yaranmış və innovativ gələcəyə sahib olan uğurlu staraplara öz şəxsi vəsaitlərini yatırırlar və qarşılığında isə həmin startapın səhmlərinə ortaq olurlar. Bu o deməkdir ki, mələk investorlar hər hansısa bir startapa ilkin mərhələdə müəyyən məbləğdə investisiya edirlərsə gələcəkdə həmin startap uğurlu olduğu təqdirdə mələk investorun yatırdığı ilkin sərmayənin dəyəri də həmin qədər artır. Məsələn, mələk investor bir startapa 3 min dollar investisiya edirsə və gələcəkdə həmin startap 5-10 dəfə böyüdüyü təqdirdə qoyulan ilkin 3 min dollarlıq sərmayə də 15-30 min dollara qədər yüksəlir. Bir az öncə qeyd etdiyim kimi, hazırda hər kəsin tanıdığı dünya nəhənglərinə vaxtında kiçik investisiya yatırmış mələk investorlar həmin startapların böyüməsilə daha çox zənginləşiblər. Unutmayaq ki, ABŞ mələk investiyalar on minlərlə, bəzən də yüz minlərlə dollar həcmində olur.
- Uğur qazanmaq üçün lazım olan vaxtda lazım olan addımı atmaq lazımdır. Sizin fikirinzcə, bu gün Azərbaycanda mələk investor olmaq üçün əsl vaxtdır?
- Məncə bəli, əsl vaxtıdır. Ölkəmizdə startap ekosistemini inkişaf etdirmək istəyiriksə gərək kompleks tədbirlər görək. Məsələn, təhsil sisemini mükəmmələşdirdik, innovasiyaya xüsusi diqqət ayırdıq, hamı startap yaratmağa qərar verdi və s., amma onlara sərmayə qoyacaq investorlar yoxdursa bu işlər bir yerə gedən deyil.
Bu mələk investor işinin gözəl tərəfi odur ki, biz ölkəmizdə sadaladıqlarımın hamısının olmasını gözləməli deyilik. Azərbaycan mələk investorları bu işin təcrübəsini dünyanın istənilən ölkəsində startaplara sərmayə yatıraraq əldə edə bilərlər.
- Ötən il və bu il Dünyada ən çox hansı sektorların startapları sərmayə cəlb ediblər?
- Son zamanlar suni intelektlə əlaqəsi olan startaplar daha çox sərmayə əldə edirlər. Amma bu o demək deyil ki, başqa sərmayələr olmur. Yaxşı ideyanın investorları sırada düzülür.
- Fərid bəy, Mələk İnvestorlar Məktəbinin yaradılması ideyası necə ortaya çıxıb?
- Düzü təxminən 2 il əvvəl yaradılmış Mələk İnvestorlar Klubundakı aktivlik məni narahat etməyə başladı. Nə etsək də yeni üzvlər gəlmirdi və klubdakı 25 üzv də klubun təqdim etdiyi startaplara yatırım etməyə elə də maraq göstərmirdi. Bu zaman ətraf ölkələrin təcrübəsini öyrənməyə başladım. Bu məsələdə gürcülər, qazaxlar bizdən irəlidədirlər. Bir baxdım onlar kluba üzv etmədən öncə potensial investorları nəzəri biliklərin verildiyi məktəbdən keçirdirlər. Bu ideya xoşuma gəldi. Həmən yaşadığım şəhərin Mələk İnvestorlar Klubu olan SacAngels-dən dəstək istədim. Bir neçə həftəyə onlarla birlikdə məktəbin tədris planını hazırladıq və beləcə məktəb ideası yarandı.
- Mələk İnvestorlar Məktəbində əsas məqsədiniz, ənənəvi daşınmaz əmlak, qızıl, bank əmanəti, qiymətli kağızlardan başqa sərmayə alətlərinin demək olar olmadığı Azərbaycanda yeni alternativ yaratmaq, yoxsa yaxın gələcəkdə Azərbaycanın yeni milyonerlərinin, milyaderlərinin ortaya çıxmasına təkan verməkdir?
- Necə deyərlər: Kor nə istəyər - iki göz. Biri əyri, biri düz. Biz də əlbəttə ki, bu sahədən milyonerlərin, milyarderlərin çıxmasını istəyirik. Düzü milyonerlər var və olub. Onlar sadəcə bu barədə mətbuatda məlumat verməyiblər. İndi milyarderlərin çıxmasının vaxtıdır. Onu artıq gizlətmək mümkün olmayacaq.
Bu arada təsis etdiyim "Technovate İnvestment" şirkətinin məqsədi ən az bir Azərbaycan, bir də Gürcüstan unicorn-u (dəyəri 1 milyard dollar keçən şirkət) yaratmaqdır. Nəticə əldə edəcəyimizə əminəm.
- Əksər insan milyoner olmaq arzusundadır. Mələk investor olaraq bu arzunun reallaşmasına cəhd etmək üçün külli miqdarda pulun olmalıdır? Yoxsa az bir məbləğ və maraq kifayətdir?
- Portfel yaratmaq lazımdır. Bir startapa yatırım edib oturub gözləməklə çətin məsələdir. Adətən startaplar 7-8 ilə sərmayəçisinə pul qazandıra bilir. Bu da ancaq startap “exit” edəndə mümkündür. Yəni ya o startap ya başqa nəhəng şirkət tərəfindən alınmalı və ya səhmlərini birjalarda kütləvi satışa çıxartmalıdırlar. Burada da adətən 10 dəfə çox gəlir varsa bu mükəmməl sayılır. Adətən orta rəqəm 3 dəfədir. Çalışmaq lazımdır ki, 5 il ərzində portfelində ən azı 15 şirkət olsun. İndi riyaziyyatını özünüz edin. Milyon qazanmaq üçün nə qədər yatırım etmək lazımdır. Bəli 10 yox, 100 və hətta 1000 dəfə daha artıq gəlir əldə etmək olur. Bunun üçünsə bu işi yaxşı bilmək vacibdir. Hesab edirəm ki, bu yenicə təsis etdiyimiz Məktəb bu işi yaxşı mənimsəmək və gələcəkdə həm nəzəri, həm də praktiki biliklərə sahib olan potensiallı bir mələk investor olmaq üçün ən effektiv vasitədir.
- Mələk İnvestorlar Məktəbi ödənişlidir. Məktəbə müraciət edənlərə kim və necə biliklər verəcək? Missiyanız biliklər verməklə bitəcək? Yoxsa startapların seçilməsi, qiymətləndirilməsi və qərar verilməsində dəstəklərin də göstərilməsi nəzərdə tutulur?
- Bəli, Məktəbə qeydiyyatdan keçmək ödənişlidir, lakin bu ödənişin tətbiq edilməsi xüsusi bir kommersiya fəaliyyəti ilə əlaqəli deyil. Məktəbə qeydiyyatdan keçmək üçün tətbiq olunan vəsait nəzərdə tutulan sessiyaların, görüşlərin keçirilməsi, təlimçilərin cəlb olunmasə və s. məsələlərin həll olunmasında lazım olan minimal vəsaitdir.
Məktəbdə ümumilikdə 3 onlayn "masterklas"ın və 1 panel müzakirə formatında əyani şəbəkələşmə görüşünün keçirilməsi nəzərdə tutulur. Məktəbdə sessiyaları tədris edəcək şəxslər 2-si xarici və 2-si yerli olmaqla bu sahədə uzun zamandır həm nəzəri, həm də praktiki təcrübəyə sahib olan şəxslərdir. Ekspertlər və onların tədris edəcəyi mövzular haqqında ətraflı məlumatı Məktəbi rəsmi internet səhifəsindən (www.angelinvestor.az) əldə edə bilərsiniz.
Mələk İnvestorlar Məktəbi çərçivəsində 3 günlük intensiv sessiyaları yekunlaşdırdıqdan sonra biz iştirakçılara Technovate-Sabah Mələk İnvestorlar Klubuna üzv edərək bir illik pulsuz abunəlikdə faydalanmağa dəvət edəcəyik. Klubda fəaliyyət göstərdikləri müddət ərzində onlara qlobal startapları görmək və öz şəxsi investisiyaları yatırmaq şansı veriləcək. Təbii ki, proses zamanı klub üzvlərinə ehtiyac olduğu təqdirdə mən və bir sıra başqa ekspertlər tərəfindən dəstək göstəriləcək, lakin onu da təkrar vurğulamaq istəyirəm ki, günün sonunda mələk investorlar özləri şəxsən startaplara investisiya qoyuluşuna dair şəxsi qərarlarını verməlidirlər. Bu prosesə müdaxilə etməyəcəyik.
-Nə üçün Mələk İnvestorlar Məktəbində Azərbaycan investorlarına daha çox ABŞ startaplarına sərməyə yatırmaq öyrədiləcək?
- Biz hamımız bilirik ki, ABŞ startapların daha çox olduğu, innovasiyanın daim və sürətli inkişaf etdiyi, güclü beyinlərin və yaradıcı ideyaların olduğu bir ölkədir. Lakin, bu o demək deyil ki, başqa ölkələri biz gözardı edirik. Xeyr. Bizə hazırda dünyanın hər yerindən müxtəlif sahələrə aid çoxsaylı qlobal startaplar müraciət edir. Həmin startaplar arasında uğurlu startaplar olduğu təqdirdə biz onları da dəyərləndiririk. Lakin təcrübə onu göstərir ki, Amerika və Avropa startapları digərləri ilə müqayisədə daha uğurlu və gələcək vəd edən startaplardır. Bu da, ona investisiya yatıracaq azərbaycanlı mələk investorların qoyduqları sərmayənin nisbətən daha az riskli edir.
- Amerika startaplarının investoru olmaq Azərbaycan vətəndaşlarına hansı imkanlar və üstünlüklər verir?
- Qeyd etdiyim kimi, hazırda dünya nəhəngləri hesab edilən Apple, Google, Tesla, Amazon kimi şirkətlər vaxtilə kiçik Amerika startapları olub. İlkin mərhələdə həmin startapların gələcəkdə uğurlu olacağına inanan və həmin startaplara öz şəxsi vəsaitləri hesabına investisiya yatırmış mələk investorlar hazırda dünyanın ən zəngin insanlarından hesab edilir. Mələk investor tərəfindən investisiya qoyulmuş bir startap böyüdükcə ona qoyulan sərmayə və mələk investorun həmin startapdakı (gələcəkdə şirkət) səhmləri də böyüyür.
Qısaca onu deyə bilərəm ki, Məktəbimizə və daha sonra Klubumuza qoşulan Azərbaycan vətəndaşları gələcəyin Apple, Google, Tesla yaxud Amazonu olacaq Amerika startaplarının ilk mələk investorları ola və bununla da zənginləşə bilərlər.
- Bildiyimə görə Mələk İnvestorlar Məktəbində iştirak etmək üçün maraq böyükdür, xeyli şəxs qeydiyyatdan keçib. Yaxın gələcəkdə bir qrup insan Məktəbin məzunu olacaq. Həmin məzunlar öz vəsaitlərini Azərbaycanın investisiya şirkətləri vasitəsilə sərmayə edəcəklər, yoxsa, qlobal şirkətlərin investisiya turları vasitəsilə?
- Bəli, Məktəbə kifayət qədər maraq var. Deyə bilərəm ki, Məktəbin təsis olunmasını elan etdiyimiz vaxtdan qısa bir zaman sonra (təqribən bir ay ərzində) nəzərdə tutulan kvotanın 2/3 hissəsi doldu. Bu çox sevindirici bir haldır.
Daha əvvəl qeyd etdiyim kimi, qeydiyyatdan keçən hər kəs Məktəb çərçivəsində keçirilən "masterklass"larda verilən həm nəzəri, həm də praktiki bilikləri mənimsədikdən sonra onlar proqramdan məzun olub və daha sonra Klubumuza üzv olacaqlar. Klubda olduqları müddət ərzində bir sıra qlobal startapları görə və onlara öz investisiyalarını yatıra biləcəklər. Qeyd edim ki, gələcəyin azərbaycanlı mələk investorları startaplara sərmayə qoyuluşunu Azərbaycan yaxud global investisiya şirkətlərinin dəstəyi ilə deyil, məhz özləri şəxsən həyata keçirəcəklər. İnvestisiya qoyuluşu, ümumi prosedur və bu kimi digər məsələlər Məktəbdə gələcəyin mələk investorlarına öyrədiləcəkdir.
- Mələk investorlar investisiya qərarları verməzdən əvvəl startapları qiymətləndirirlər. Bu qiymətləndirmə prosesi zamanı onlar sahibkarların biznes ideyalarını, biznes modelini, bazarını, rəqiblərini, məhsul və ya xidməti və biznes komandasını nəzərə alırlar. Məktəbinizdə təhsil alacaq şəxslər Azərbaycanda yaşadıqlarından onların ABŞ ilə əlaqələri yoxdur, orada təqdimatlarda, tədbirlərdə iştirak edə bilmirlər, bazarı yaxşı tanımırlar. Onlar investisiya etmək üçün startapı necə tapacaqlar, onu necə qiymətləndirəcəklər?
- Bunun üçün Technovate-Sabah Mələk İnvestorlar Klubunun bir onlayn platforması fəaliyyət göstərir. Həmin platforma üzərindən dünyanın hər yerindən müxtəlif startapçılar daxil olaraq öz startapları haqqında məlumatları daxil edərək portfel yaradır. Digər tərəfdən isə Mələk İnvestorlar Məktəbini bitirən və Kluba üzv olan şəxslər də həmin platforma üzərindən özlərinə investor portfeli yaradacaqlar. Sözügedən platforma üzərindən Kluba müraciət etmiş startaplar ekspertlər tərəfindən ilkin ələmədən keçdikdən və uyğun hesab edildikdən sonra növbəti mərhələyə keçirilir. Bu hissədə həmin startapçılar onlayn şəkildə (Zoom görüşləri) öz startapları haqqında Klubumuza üzv olmuş azərbaycanlı mələk investorlara təqdimatlar edəcəklər. Hansı startapa nə qədər investisiya qoyulması artıq azərbaycanlə mələk investorların ixtiyarında olacaq. Təqdimatlar onlayn olacağına görə, mələk investorlar instənilən məkandan görüşə qatıla və startaplara öz investisiyalarını edə bilərlər. Onu da bildirim ki, təqdimat mərhələsinə gəlib çıxmış startaplar ilkin qiymətləndirmədən keçmiş startaplardır. Proses zamanı mələk investorlara ekspertlər tərəfindən dəstək göstərilməsi nəzərdə tutula bilər, lakin investisiya qoyuluşu zamanı alınan qərarlar investorun şəxsi qərarları əsasında olacaqdır.
- Mələk sərmayəsi yüksək risk ehtiva edir. Çünki mələk sərmayə erkən mərhələdə investisiyadır. İnvestisiyaların gəlirliliyinə zəmanət verilmir və investorlar investisiyalarını itirə bilərlər. Bu məsələyə də toxunmağnız lazımdır.
- Bu sualı gözləyirdim. İndiyə qədər dediklərim hamısı gözəl bir mənzərə yaradır. Oxuyucular elə bilərlə ki, elə sabah 3-5 min dollar yatırım edirlər və 5-10 il sonra bu məbləğ onlara 100 dəfə daha artıq şəkildə qayıdır. Bu belə deyil! Mələk investisiyası ən çox riskə sahib olan investisiya növüdür. Dünyada yalnız 4-5 faiz startaplar uğurlu olur. Elə ona görə də portfel yaratmaq lazımdır. Bu başqa investisiyalardakı kimidir. Gərək bir az səhmin olsun, əmlakın olsun, nağd pulun olsun və s. Bütün pulu bir startapa yönləndirmək olmaz. Məsələn, mən son 4 ildə daha böyük məbləğlərlə 5 startapa yatırım etmişəm.
Məktəbdə bütün bunlardan bəhs edəcəyik. Ona görə də risk etmək istəyən oxuyucularımızı bu işdə bizə qoşulmağa tövsiyə edirəm (Marja).