ABŞ-da faiz dərəcələrinin gələcək kursu ilə bağlı mənzərə bu həftə FED sədri Cerom Pavelin Mərkəzi Bankların illik “Jackson Hole” Simpoziumundakı çıxışı ilə daha aydın görünə bilər. Bundan əvvəl isə, Demokratların Milli Konqresi başlayacaq. Eləcə də, qlobal PMI məlumatları iqtisadi gücə işıq salacaq və enerji bazarları ehtimal ki, geosiyasi gərginliyin artması fonunda qeyri-sabit qalacaq.
“Jackson Hole” Simpoziumu
FED sədri Cerom Pavel cümə günü Vayominq ştatında Mərkəzi bank sədrlərinin “Jackson Hole” illik iqtisadi simpoziumunda açılış çıxışını edəcək.
Bazarlar FED sədrinin önümüzdəki aylarda faiz endirimlərinin sürəti və vaxtı ilə bağlı verəcəyi siqnallara diqqət yetirəcək.
İqtisadiyyatda yumşaq eniş ümidlərinin bu ayın əvvəlində güclənəcəyinə dair qorxuların kəskin satışa səbəb olmasından sonra, açıqlanan müsbət iqtisadi məlumatların tənəzzül ehtimalı ilə bağlı narahatlıqları azaltması səbəbilə ABŞ səhmləri yenidən yüksəlir.
Bazar iştirakçılarının əksəriyyəti FED-in sentyabr ayında keçiriləcək iclasında faiz dərəcələrini azaldacağına inanır və əsas müzakirələr faiz endirimin ölçüsü (0.25% və ya 0.50%) ətrafındadır.
ABŞ-dan iqtisadi məlumatlar
Federal Ehtiyyatlar Sistemi çərşənbə günü iyul ayı iclasının yaxından izlənilən protokollarını dərc edəcək. Cerom Pavelin inflyasiya ilə bağlı irəliləyişi qəbul etməsindən sonra, FED-in sentyabrda uçot dərəcələrini endirəcəyinə dair ehtimallar daha da gücləndi.
Cümə axşamı günü İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanacaq.
FED-in qubernatoru Kristofer Uoller, Atlanta FED-in sədri Rafael Bostic və FED-in nəzarət üzrə vitse-prezidenti Maykl Barr da daxil olmaqla, həftə ərzində bir neçə FED rəsmisinin də açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Demokratların Milli Konqresi
Demokratlar bazar ertəsi partiyanın Çikaqoda başlayacaq qurultayında vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləməyi hədəflədiyi üçün ABŞ prezidentliyi uğrunda yarış daha da qızışa bilər. Dörd gün davam edəcək tədbirdə tanınmış Demokratların Harrisə dəstəyi gücləndirmək məqsədi ilə çıxışlar etməsi planlaşdırılır.
Prezident Co Baydenin vəzifədən getmə qərarından sonra, prezidentlik yarışına girən Harris Demokratları hərəkətə gətirdi və bəzi rəy sorğularında onunla Respublikaçı Namizəd Donald Tramp arasındakı fərqi bağladı. O, hətta 5 noyabr seçkilərindən əvvəl bir çox sorğularda Trampı geridə qoyub.
Rəqabət qızışdıqca, investorlar Harrisin siyasi mövqelərinə aydınlıq gətirməyə can atırlar. Xüsusilə, Kamala Harris Federal Ehtiyatlar Sisteminin müstəqilliyini qorumağa sadiqliyini vurğulayıb ki, bu da, onun Respublikaçı rəqibi, keçmiş prezident Trampın fikirləri ilə kəskin ziddiyyət təşkil edir.
PMI məlumatları
Biznes Aktivliyi İndeksi göstəriciləri iqtisadi fəaliyyətin real vaxt çərçivəsindəki görünüşünü əks etdirir. Bu həftə PMI məlumatlarının əksəriyyəti cümə axşamı günü açıqlanacaq və qlobal iqtisadi inkişafın perspektivləri haqqında mühüm ipucları verəcəklər.
İyul ayı üçün PMI göstəriciləri mərkəzi bankların niyə dilemma içində olduğunu göstərən, davam edən inflyasiya ilə iqtisadi yavaşlamaya işarə etmişdi.
ABŞ-da istehsal fəaliyyəti zəifləyərkən, Almaniyada açıqlanan rəqəmlər sürpriz şəkildə Avrozonadakı ən böyük iqtisadiyyatın daralacağı ehtimal olunur. Bununla belə, inkişaf etmiş iqtisadiyyatlarda istehsalçıların giriş qiymətləri son 18 ayda ən yüksək səviyyəyə çatıb.
İnflyasiya gələcək faiz endirimlərinin sürətini və dərinliyini müəyyən edəcək. İyul ayının zəif PMI məlumatlarının təkrarlanması monetar genişlənmənin bazarların istədiyindən daha yavaş baş verdiyi anlamına gələ bilər.
EUR
Cari həftənin çərşənbə axşamı Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri açıqlanacaq. Cümə axşamı isə Avropa Mərkəzi Bankının son toplantısının protokolları dərc olunacaq.
Ötən həftəyə 1.0910 səviyyəsində start verən EURUSD məzənnəsi 1.1050 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.1030 səviyyəsində bağladı.
“Buğalar” qiyməti 1.10$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftəyə 1.2750 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.2940 səviyyəsinə kimi bahalaşdı və həftəlik şamını 1.29$ səviyyəsinin üzərində tamamladı. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Cümə axşamı İngiltərədə açıqlanacaq Ximdət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi məlumatları GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Həmçinin, investorlar cümə axşamı günü “Jackson Hole” Simpoziumunda BoE sədri Endryu Beylinin çıxışında monetar siyasətin gələcəyinə dair ipucları axtaracaqlar.
OİLUK
Qlobal enerji bazarları risk faktorlarının birləşməsi səbəbindən dəyişkənlik yaşayır və heç bir rahatlama görünmür. Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə bağlı son narahatlıqlar beynəlxalq xam neft qiymətlərini bir barel üçün 80$-dan yuxarı qaldırıb və bu, regiondan mümkün tədarükün pozulması ilə bağlı qorxuları əks etdirir.
Eyni zamanda, xüsusilə Çindən neft tələbi ilə bağlı qeyri-müəyyənliklər xam neft qiymətlərində əlavə artımları məhdudlaşdırır.
Avropada qazın topdansatış qiymətləri əhəmiyyətli dalğalanmalar göstərsə də, bu dalğalanmalar Rusiyanın Ukrayna vasitəsilə nəql etdiyi qazın kəsilməsi ehtimalı ilə daha da kəskinləşdi. Ukraynaya qazın nəqli üçün əsas tranzit məntəqəsi olan Rusiyanın Sudja şəhəri yaxınlığında davam edən toqquşmalar “Qazpromla” 5 illik müqavilənin müddəti başa çatana qədər qaz nəqlinin dayana biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Ötən həftəyə 80.20$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK), 82.90$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəni 80$-da başa vurdu.
XAU/USD
Keçən həftəyə 2428$ həddində start verən qızıl həftə ərzində 2509.75$-a kimi bahalaşdı və həftəlik şamını 2507.50$ həddində bağladı. “Buğalar” qiyməti 2500$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.