Dünən major valyutalar qarşısında ucuzlaşan dollar ABŞ-da açıqlanan statistik məlumatlar fonunda bir qədər öz mövqelərini bərpa edə bilib.
Belə, ki EUR/USD valyuta cütlüyü 1.0475 səviyyəsindən 1.0586 səviyyəsinə qədər bahalaşandan sonra, 1.0553 həddinə qədər ucuzlaşıb. Qızılın qiyməti isə dolların zəifləməsi fonunda 2658$-a qədər bahalaşandab sonra, 2620$ həddinə qədər ucuzlaşıb.
Çərşənbə günü ABŞ-da dərc olunan məlumatlara əsasən, ölkə iqtisadiyyatı üçüncü rübdə illik ifadədə 2.8% böyüyüb, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı isə ötən həftə 2 min nəfər azalaraq 213 min nəfər olub. Qeyd etmək lazımdır ki, ikinci rüb üzrə ÜDM göstəricisi 3% təşkil edib. Eləcə də, Amerikanın Ticarət balansının mənfi saldosu 108.23 milyard dollardan 99.08 milyard dollara qədər azalıb.
Həmçinin, ABŞ-da Şəxsi Xərclərin Qiymət İndeksi aylıq ifadədə 0.2%, illik ifadədə isə 2.3% olub. Ərzaq və enerji resurslarının dəyərini nəzərə almayan PCE Core indeksi aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.8% təşkil edib. Ölkə əhalisinin xərcləri isə sentyabr ayı ilə müqayisədə oktyabr ayında 0.4% artıb.
Bugün Şükran Günü ilə əlaqədar ABŞ-da birjalar bağlı olacaq. Bakı vaxtı ilə saat 17:00-da Almaniyada inflyasiyaya dair açıqlanacaq məlumatlar isə investorların maraqla gözlədiyi xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.