Qızılın qiyməti təhlükəsiz aktivlərə tələbin güclənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) əlavə faiz endirimlərinə gedəcəyi ilə bağlı artan gözləntilərin təsiri ilə cümə günü Asiya bazarlarında erkən saatlarda rekord səviyyəyə yüksəlib.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:45-də qızılın unsiyasının qiyməti 0,7 faiz bahalaşma ilə 4512 dollar səviyyəsində ticarət olunub. Qızılın qiymətində sessiyanın erkən mərhələsində 4530,60 dollar ilə bütün zamanların ən yüksək göstəricisi qeydə alınıb.
Gümüş qiymətləri də çərşənbə günü qeydə alınan rekorddan sonra artımını davam etdirib. Gümüş cümə günü 4 faiz bahalaşaraq unsiyası 75,1 dollarla tarixi maksimum səviyyəyə yüksəlib.
Qızıl bu ilin əvvəlindən indiyədək 71 faizdən çox dəyər qazanıb, gümüş isə eyni dövrdə 158 faiz bahalaşıb. İnvestorların daha riskli aktivlərə qarşı ehtiyatlı mövqeyi, süni intellekt balonu ilə bağlı narahatlıqlar və FED-in faiz endirimləri ilə bağlı artan qeyri-müəyyənliklər bu il metalların qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub.
Platin isə cümə günü bütün zamanların ən yüksək səviyyəsinə qalxaraq tarixində ən güclü illik artımı qeydə almağa doğru irəliləyir. Təklifdəki məhdudiyyətlər, Avropa İttifaqının 2035-ci ildən daxili yanma mühərriklərinə qadağa ilə bağlı gözlənilməz siyasət dəyişikliyi və investorların qızıldan çıxaraq digər metallara yönəlməsi bu "rallini" dəstəkləyən əsas amillər olub. (Marja)











