Ötən gün dünya bazarında qızılın 1 unsiyasının qiyməti növbəti psixoloji həddən – 1 300 ABŞ dollarından aşağı düşüb.
Analitiklər bazar iştirakçılarının rəyinə əsasən bildirir ki, qiymətli metal bundan sonra da ucuzlaşa bilər.
Qızıl bazarındakı qiymət azalması ABŞ-dakı yaxşı iqtisadi vəziyyətlə bağlıdır. Müşahidələr göstərir ki, adətən investorlar iqtisadi çətinliklərin olduğu dövrdə aktivlərini təhlükəsiz maliyyə aləti hesab olunan qızılda saxlamağa üstünlük verirlər. Əgər makroiqtisadi göstəricilər ümidvericidirsə, onda investorlar daha riskli və daha gəlirli olan maliyyə alətlərinə yönəlirlər.
Hazırda 2-ci vəziyyətdir. ABŞ-da iqtisadi artımın yüksək olması ona gətirib-çıxarıb ki, investorlar qızıldan çox bu ölkənin qiymətli kağızlarına maraq göstərirlər. Son nəticədə ABŞ-ın dövlət istiqrazlarının illik gəlirliliyi 3%-ə yaxınlaşıb. ABŞ dollarının digər aparıcı xarici valyutalar qarşısında məzənnəsini müəyyən edən dollar indeksi də sürətlə artmqdadır.
Digər tərəfdən isə dünya bazarında neft bahalaşmaqdadır. Əmtəə birjalarında “qara qızıl”ın 1 barelinin qiyməti 2014-cü ilin noyabr ayından bəri ən yüksək həddə - 80 dollara çatıb. Nefti bahalaşması qiymət artımının siqnalları kimi qəbul olunmalıdır. Bu isə o deməkdir ki, investorların yaxın zamanlarda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini yenidən artıcağı gözləntiləri artır. Bu amil də ABŞ-ın qiymətli kağızlarına, dolayı yolla dollara olan tələbatı artırdığından qızılın qiymətindən azalma tendensiyasının bir müddət davam edəcəyi gözlənilir. Qiymətli metalın hətta 1 250 dollara qədər ucuzlaşması mümkündür.
Bununla belə, əks proses də baş verə bilər. Məsələ ondadır ki, dünyada geosiyasi risklər artmaqda, səhm bazarına maraq azalmaqdadır. Bu, qızıla tələbatı bir müddət sabit saxlaya bilər.