Azərbaycanda son dövrlər qiymətli kağızlar bazarına maraq artmaqdadır. Bu sahəyə yatırılan vəsaitlərin həcminin çoxalması ilə yanaşı, QK bazarı kiçik investorlar tərəfindən də ən çox müzakirə olunun mövzulardan və alternativ yatırım variantlarından biridir.
Unicapital və MDM kapital bazarlarına dair birgə təlim - TƏŞKİL ETDİ
Ölkəmizin qiymətldi kağızlar ekosistemində Milli Depozit Mərkəzinin (MDM) xüsusi rolu var. Bu qurum bütün qiymətli kağızların depozitarisi rolunu oynayır, necə deyərlər «qiymətli kağız əmanətlərinin» saxlandığı yerdir.
İnvestorların etibarı baxımından bu qurumun etibarlı və şəffaf fəaliyyətinin böyük əhəmiyyəti var.
Milli Depozit Mərkəzinin (MDM) fəaliyyəti və ümumiyyətlə ölkənin səhm bazarındakı vəziyyət və investorların səhmlərə marağı ilə bağlı sualları MDM-in rəhbər heyəti: İdarə Heyətinin üzvü Ramin Nurəhmədov, MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev və MDM-in idarə heyəti sədrinin müşaviri Müşfiq Əhmədli cavablandırıb
- Əvvəlcə vaxtilə ölkəmizdə buraxılmış buraxılmış özəlləşdirmə çekləri ilə bağlı vəziyyəti dəqiqləşdirmək istəyirəm, Bu çeklərin gələcək taleyi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. Onların gələcək taleyi barədə nə deyə bilərsiniz?
Ramin Nurəhmədov: Əslində bu mövzu MDM-in səlahiyyət çərçivəsinə aid deyil. Çünki MDM yalnız dövriyyədə olan qiymətli kağızın saxlamasını həyata keçirir. Amma səhv xatırlamıramsa, 2024-cü ilin dekabrında Əmlak Məsələləri Dövlət Xidməti məlumat vermişdi və açıqlamışdı ki, bu çeklərin müddəti 2011-ci ildən uzadılmadığı üçün onların tədiyyə vaxtı bitib.
- Sizcə çeklərin yenidən istifadəyə yönəldilməsi və ya ona görə kompensasiyası mümkündürmü?
Ramin Nurəhmədov: Bu birbaşa bizə olacaq sual deyil, çünki biz, MDM olaraq qiymətli kağızların saxlanması ilə məşğuluq. Çeklərin yenidən istifadəyə yönəldilməsi və ya kompensasiyası mümkündür ya mümkün deyil, bu artıq siyasi qərarlardır. MDM isə təbii ki, öz funksiyasını icra edir və saxlanc üçün müraciət olunanda qiymətli kağızların saxlanılmasını həyata keçirir. Amma qeyd edim ki, hazırda dövlət əmlakların satışı pul hərracları ilə həyata keçirilir. Yəni çeklərin dövriyyədən çıxarıldığı və tədiyyə vasutəsi kimi qəbul edilmədiyi üçün hərraclar da pullu keçirilir.
- Azərbaycanda MDM-də depozit hesabı olanların, yəni sadə desək, qiymətli kağız sahibi olanların sayı artırmı?
Əli Əliyev: Əlbəttə, 2024-cü ildə MDM-də fərdi depo hesabların sayında artım olub, 30 mindən çox yeni fərdi depo hesab açılıb. Bu artımın əsas səbəbi kapital bazarlarında gerçəkləşən səhmlərin ilkin kütləvi təklifi -IPO üsulu ilə satışı olub.
Hazırda MDM-də 160 mindən çox ümumi fərdi depo hesab sayı mövcuddur. Buların 105 minə yaxını aktiv depo hesabdır. Məlumat üçün bildirim ki, aktiv depo hesab dedikdə - balansında qiymətli kağız olan hesablar sayılır.
- Belə çıxır ki, Azərbaycan Beynəlxalq Bankının – ABB-nin səhmlərinin satışa çıxarılması bu sahədə canlanmaya səbəb olub?
Əli Əliyev: Əlbəttə, ABB-nin səhmlərinin kütləvi satışa çıxarılması əlbəttə, bu sahədə ciddi canlanma yaratdı. Ölkəmizdə səhmlərin ilkin kütləvi təklifi (IPO) nə qədər çox olsa, investorların aktivliyi və onların səhm bazarına olan etimadı da artacaqdır. ABB bankın IPO-su da Azərbaycanın kapital bazarında investorlar üçün çox böyük yenilik yaratdı.
Bu prosesdə ən böyük yeniliklərdən biri o oldu ki, MDM-in depo hesablarının açılması ilə bağlı təmin etdiyi yeni arxitektura vasitəsilə ilə investorlar mobil telefon vasitəsilə məsafədən investisiya şirkətində depo hesab aça bildilər. Bu da investorların əlçatanlığını artırdığı üçün dinamikanın artmasına səbəb oldu.
- İnsanların qiymətli kağızlara marağının artması üçün sizcə əlavə hansı addımların atılması doğru olardı?
Əli Əliyev: İnsanların qiymətli kağızlara marağının artması üçün ilk öncə insanlara qiymətli kağızlara investsiya etməyi öyrətmək, eləcə də həmin yatırımın güvəndə olmasına inandırmaq lazımdır. Yəni investorda qiymətli kağızlara yatırım, onun təhlükəsizliyi ilə bağlı inam və etimad olmalıdır.
- Sizcə Azərbaycanda səhmdarların hüquqlarının daha yaxşı qorunması səhm bazarına marağı artıra bilərmi?
Əli Əliyev: Səhmdarların hüquqları məncə yetəri qədər qorunur. Ona görə də hüquqların daha da çox qorunduğu halda, bazara daha çox səhmdar gələcək - deyə bilmərəm.
- Qeyd etdiniz ki, qiymətli kağızlara maraq artmaqdadır. Bəs bu sahəyə yatırılan vəsaitlər necə qorunur? Qiymətli kağızlara yatırılan vəsaitlərin qorunması, necə deyərlər bu vəsaitlərin sığortalanması ilə bağlı hər hansı yenilik gözlənilirmi? Məsələn, banklarda saxlanılan əmanətlərin sığortalanması kimi.
Ramin Nurəhmədov: Hazırda investorların banklarda sifariş üçün verdiyi məbləğ bank müflis olduğu təqdirdə qorunmur və belə hal baş verərsə investor itki ilə üzləşə bilər. Amma bununla bağlı Əmanətlərin Sığortalanması Fondunun qaydalarında ediləcək dəyişiklik hal-hazırda, AMB verdiyi məlumata görə, razılaşma mərhələsindədir. Bu mexanizm tətbiq edildikdən sonra sizin ödəniş etdiyiniz vəsait Əmanətlərin Sığortalanma Fondu tərəfindən həmin an sığortalanacaq. Yəni həmin vəsait artıq qorunan vəsait statusu alacaq və bank müflis olsa belə qaytarılacaq. Əlbəttə ki, bu yenilik kapital bazarında inamın daha da artmasına səbəb olacaq.
Vəsait tam qorunacaq, yəni bank müflis olsa belə investorun vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq.
- Tutaq ki, investsiya şirkətində hər hansı bir problem yarandı. Bu zaman məlumatların təhlükəsizliyinə problem yaranar, yəni məlumatlar oğurlana bilər. Belə halda necə olacaq?
Ramin Nurəhmədov: Milli Depozit Mərkəzinin ekosistemdə əsas rolu qiymətli kağızların saxlanmasıdır. Yəni əgər investsiya şirkəti müflis olsa, investorun depozitar hesabda olan kağızları başqa bir investisiya şirkətinə ötürüləcək. Çünki həmin kağızlar hər hansı investsiya şirkətinin balansında deyil. Bu o deməkdir ki, əgər sizin depozitarda qiymətli kağzınız saxlanırsa, hər hansı broker müflis olursa sizin kağızlar itmir, o depozitarda saxlanılır, yəni aktivlər qorunur.
- Azərbaycan vətəndaşlarının xarici birjalardan aldıqları səhm və digər qiymətli kağızların da MDM de qeydiyyatı mümkündürmü?
Müşfiq Əhmədli: Hal-hazırda MDM-in xarici bazarlarda hesabı mövcud deyil, amma MDM artıq uzun zamandır ki, bunun üzərində işləyir, mütəmadi danışıqlarımız gedir.
Bu yenilik yaxınlarda nəzərdə tutulub, yəni hesab açmağı planlayırıq. Amma hesab açıldıqdan sonra da onların hesablaşması MDM-də həyata keçirilməyəcək, bu beynəlxalq praktikada mümkün deyil. Hesablaşma yenə də xarici depozitarların özündə gedəcək.
Sadəcə gələcəkdə MDM tərəfindən yaradılacaq hovuz hesabında Azərbaycanın yerli investorlarının, xarici bazarda alacaqları qiymətli kağızlar da saxlanacaq.
- MDM xarici ölkələrin eyni qurumları ilə əməkdaşlıq edirmi? Bu əməkdaşlığın səhmdarlara və investorlara faydasi nədir?
Müşfiq Əhmədli: Çox gözəl sualdır. MDM xarici ölkələrin depozitarları arasında müxbir əlaqələrin genişləndirilməsi üzərində işləyir və hal-hazırda beynəlxalq depozitarların tələb etdiyi standartlara uyğunlaşma ilə bağlı işlər aparılır.
Hazırda beynəlxalq depozitarların bir çoxu ilə əməkdaşlıq edirik. Xüsusilə də Türkiyənin mərkəzi depozitarı olan MTK ilə sıx əlaqələrimiz var. Biz Türkiyə depozitarisində uzun müddətdir ki, qarşılıqlı hesablar da açmışıq və bu hesablar aktiv vəziyyətdədir.
Bizim yerli investorların da bir neçəsi Türkiyənin İstanbul Birjasında aldığı kağızlar, xüsusən də dövlət qiymətli kağızları artıq MDM-in MTK-da açdığı hovuz hesabda saxlanılır. Bundan əlavə Qazaxıstanla əməkdaşlığa başlamışıq, artıq qarşılıqlı hesablar açmağı planlayırıq, yəqin qısa zamanda o da təmin olunacaq.
- MDM-in fəliyyəti çərçivəsində ortaya çıxan əsas problem nədir?
Əli Əliyev: Əsas problemlərdən biri kimi kadr azlığı problemini qeyd edə bilərik. Daha sonra beynəlxalq praktikanın öyrənilməsi və beynəlxalq praktikanın MDM-də tam olduğu kimi tətbiqi ilə bağlı qanunvericiliyin yenilənməsini qeyd etmək olar. Bu prosesə problem deməyimin səbəbi prosesin ləngiməsi ilə bağlıdır. Digər çox köklü bir çətinliyimiz hələlik olmayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.